Ermənistan SUAL ALTINDA - TƏHLİL

Rusiya ilə münasibətlərin korlanmasına görə Ermənistan hakimiyyətini qınayan ermənilər az deyil. Bir çoxları məhz rəsmi İrəvanın uzun müddətdir ki, Moskva ilə münasibətlərini lazımi qaydada qurmadığını bildirirlər. Hətta haylar arasında elələri var ki, onlar rusların ətəyini buraxmamaq təklifi ilə çıxış edirlər və təhlükəsizliklərinin təminatı məsələsində ancaq Rusiyaya güvənməli olduqları qənaətindədirlər. Çünki artıq erməni cəmiyyəti əyani şəkildə şahidi oldu ki, ABŞ, Qərb, Avropa nə verdiyi vədə sadiq qalan deyil, nə də onların qətiyyən dəstəyinə güvənmək olmaz.

Kimə güvənmək, kimə arxalanmaq sualı indi erməniləri daha çox maraqlandırır

Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyan öz narahatlığını da, narazılığını da gizlətmir. O, açıq şəkildə bildirir ki, Ermənistan Fransaya qətiyyən güvənə bilməz. Bu barədə Ermənistana məxsus mətbuat səhifələrində də qeyd olunur. “Ermənistana qarşı aqressiya olacağı təqdirdə Fransa qoşun göndərməyəcək”, - deyə Murad Papazyan fikirlərini açıqlayıb. Doğrudur, Papazyan Qərblə də əməkdaşlığa qarşı deyil, amma açıq-aydın deyir ki, məsələn, Fransa ilə nə qədər yaxşı və isti münasibətlər olsa da, Ermənistana qarşı aqressiya olacağı təqdirdə, Paris öz qoşunlarını köməyə göndərməyəcək. Onun fikrincə, Paris ən yaxşı halda dəstəyi bir az artıracaq, amma bundan artığına ümid etməyə dəyməz. Erməni icmasının nümayəndəsi hesab edir ki, Ermənistan Rusiya ilə münasibətləri bərpa etməlidir, bu vaxta qədər müttəfiq hesab etdiyini qətiyyən düşmənə çevirməməlidir. Bir sözlə, siyasətçi aydın şəkildə bəyan edir ki, haylar heç də ABŞ, Qərb, Avropa ilə bağlı tam əminliklə danışa və onların dəstəyinə qətiyyən əmin ola bilməzlər. Hər halda erməni cəmiyyəti çoxdandır müşahidə edir ki, onlara dəstək vəd edənlər lazım olan məqamda heç də ortalıqda görünmürlər və heç də Ermənistanı müdafiə edəcək, dəstəkləyəcək ümidlər barədə hayların düşünməsi belə doğru deyil. Çünki bunu, bu dəstəyi gözləməyin mənasız olduğu barədə erməni cəmiyyətində çoxdan fikir formalaşıb. Elə isə kimə güvənmək, kimə arxalanmaq sualı indi erməniləri daha çox maraqlandırır.

Erməni siyasətçiləri hesab edirlər ki, erməni xalqının təhlükəsizliyi bütün münasibətlərin əsasını təşkil etməlidir

“Hakimiyyət istefaya getməli, yeni təhlükəsizlik mexanizmləri yaradılmalıdır. Qərb dövlətləri ilə də münasibətlər olsun, amma strateji prioritet Rusiya ilə münasibətləri bərpa etməkdir. Rusiyanı sadəcə olaraq ölkədən çıxarmaq mümkün deyil... Biz yaxın olduğumuz tərəfdaşı az qala düşmənə çevirdik”, - deyə Papazyan bildirib. O qeyd edib ki, xəritəyə qısa nəzər salmaq Rusiyanın Ermənistan üçün nə qədər vacib rolu barədə təsəvvür əldə etmək üçün kifayət edir. Qərbin təhlükəsizlik baxımından alternativ ola biləcəyi sualına gəlincə, Papazian deyib ki, təkcə Qərb ölkələri ilə deyil, Hindistan və Çinlə də yaxşı münasibətlərin olması zəruridir. Əlbəttə, onun bu fikrində qeyri-adi heç nə yoxdur və bir ölkənin digər ölkələrlə münasibətləri nə qədər çox olarsa, bir o qədər yaxşıdır, amma məsələ burasındadır ki, indiki halda hayların hara, kimə sığınacağı məsələsi erməni cəmiyyətində bir sual doğurub. Daha dəqiq desək, təhlükəsizlik məsələsi ilə bağlı məhz erməni cəmiyyətinin özünün böyük bir sual altında olduğu çoxdan bəllidir.

İndi erməni siyasətçiləri hesab edirlər ki, erməni xalqının təhlükəsizliyi bütün münasibətlərin əsasını təşkil etməlidir. Elə 2021-ci il iyunun 1-də Fransaya səfəri zamanı Paşinyanın kortejinə yaratdığı əngəldən sonra persona non-qrata elan edilən Papazyan özü də belə bir qənaətdədir. Sözsüz ki, həqiqətən də ölkənin, xalqın təhlükəsizliyi birinci növbədə olmalıdır və şəksiz-şübhəsiz bütün münasibətlərin əsasını da elə xalqın təhlükəsizliyi təşkil etməlidir. Amma sual oluna bilər ki, haylar görəsən təhlükəsizlik dedikdə nəyi düşünürlər və nədən ehtiyatlanır, nədən də qorxurlar?

İndi ermənilər sığınacaq deyil, başqa sual barədə, regionda münasibətləri necə normallaşdırmaq barədə düşünməlidirlər

Məsələ burasındadır ki, haylar təhlükəsizlik barədə düşünəndə ancaq qorxu üzərində fokuslanır, guya təcavüzə məruz qalacaqları qorxusunu önə çəkirlər. Nəyin qorxusu olduğunu və nədən ehtiyatlanmaq lazım gəldiyini haylar ancaq özləri bilirlər, amma hazırki vəziyyətdə onlar belə bir qorxu əvəzinə daha doğru siyasət yürütməli, normal münasibətlər haqqında düşünməlidirlər. Ancaq normal münasibətlər haqqında düşünməlidirlər ki, başqa bir qayğı ilə qarşılaşmasınlar. Əgər qonşu ölkələrlə, regionun digər dövlətləri ilə münasibətlər normallaşarsa, hansı təcavüzdən söhbət gedə bilər? Niyə ermənilər münasibətləri normallaşdırmaq barədə düşünməyib, harasa sığınmaq, hansısa dəstəyə güvənmək barədə düşünürlər?

Tarixi faktlar sübut edir ki, hər zaman haylar özlərinə sığınacaq axtarıblar və hansısa qüvvələrə, hansısa hegemon dövlətlərə arxalanmaq üçün əldən-ayaqdan gediblər. Rusiyanın regionda gücləndiyi bir zamanda rusları özlərinə böyük qardaş kimi qəbul edən ermənilər uzun illər özlərini təhlükəsizlikdə hiss ediblər. Bir növ rusların kölgəsində olduqlarını zənn ediblər və bununla da təhlükəsizliklərinin təminatına əmin olublar. Doğrudur, ruslar həqiqətən də erməniləri öz himayələrində uzun müddət saxlayıblar, baxmayaraq ki, sonda haylar bunun əvəzində onlara xəyanətlə cavab verdilər. Amma haylar özləri hamıdan yaxşı bilirlər ki, Rusiyanın himayəsi altında olduqları üçün özlərini çox “rahat” hiss ediblər. Elə buna görə də zaman-zaman bildiklərini ediblər. Hətta o qədər arxayınlıq hiss ediblər ki, istənilən təxribata, təcavüzə, terrora, soyqırıma belə əl atmaqdan çəkinməyiblər. Ötən əsrin əvvəllərində də, sonlarında da ermənilərin etdikləri vəhşiliklər məhz həmin o arxayınlığın və güvəncin sayəsində olub. Hər bir vandallığa əl atan ermənilər sonda böyük rus qardaşlarına güvənərək bunu ediblər və həqiqətən də onları məhz ruslar qoruyublar. Görünür, elə indi də ruslara sığınmağın daha təhlükəsiz şərait vəd etdiyini düşünən ermənilər deyilənləri fikirləşərək bu qənaətə gəliblər. Məsələ burasındadır ki, indi şərait heç də hayların düşündüyü kimi deyil və mövcud reallıqlar qarşıya başqa tələblər qoyur və indi ermənilər sığınacaq deyil, başqa sual barədə, regionda münasibətləri necə normallaşdırmaq barədə düşünməlidirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə