Fransız Polineziyasının öz müqəddəratını təyin etmək hüququ vardır - ƏLİ HÜSEYNLİ

Son dövrlərdə BMT-nin Baş Assambleyası Fransız Polineziyasının müstəqilliyinin tanınması ilə bağlı bir sıra müsbət qərarlar qəbul edib. Bunlardan biri də 2013-cü ildə qəbul edilən qətnamədir. Bu xalqın öz müqəddəratını təyin etmək hüququ vardır. SİA xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Fransız Polineziyasının dekolonizasiya hüququ - çağırışlar və perspektivlər” mövzusunda Bakıda keçirilən konfransda səsləndirib.

Ə.Hüseynli qeyd edib ki, BMT-nin bu qətnaməsinin qəbulu Fransız Polineziyasının apardığı əzmkar mübarizənin nəticəsidir.

“Təəssüf ki, beynəlxalq hüquqi mexanizmlər möhkəm olmadığından keçmiş və indiki koloniyaların Fransanın əsarətindən tam azad olması hələlik mümkün deyil. 1974-cü ildə BMT tərəfindən qəbul edilən yeni iqtisadi qaydalar haqqında Bəyannamə kolonializmə görə təzminat mövzusuna marağı xeyli artırıb. Sənəd müstəmləkənin vurduğu ziyana görə təzminat və kompensasiya hüququnu təmin etmiş oldu. Beynəlxalq hüquq dövlətlərin hərbi cinayətlərə, soyqırımı aktlarına və digər cinayətlərə görə məsuliyyətini nəzərdə tutur. Amma müstəmləkə və postmüstəmləkə cinayətlərinə görə məsuliyyətə cəlbetmə üçün yüksək məhkəmə həddini keçmək lazım gəlir”, - deyə Milli Məclis sədrinin birinci müavini bildirib.

O vurğulayıb ki, Fransa uzun illər qeyri-insani rəftar nümayiş etdirərək, 1966-1990-cı illərdə dənizaşırı adalarda 200-ə yaxın nüvə silahı tətbiq edib və Maohi Nui xalqı bundan çox əziyyət çəkib.

Əli Hüseynli deyib ki, Maohi Nui xalqına qarşı törədilən cinayətlərə görə cavab verilməlidir. Nüvə silahı nəticəsində bu xalqın təbiətinə, sağlamlığına dəyən ziyanın kompensasiyası ödənilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə