“Bu il biz Müstəqillik Gününü tamamilə fərqli bir əhval-ruhiyyədə bayram edirik. 1991-ci ildən bəri ilk dəfə olaraq dövlət suverenliyimiz bütün ölkə ərazisində bərqərar edilib, Xankəndidə dövlət bayrağımız cənab Prezident İlham Əliyev tərəfindən ucaldılıb və separatizmin kökü kəsilib. Bu gün Cümhuriyyət xadimlərinin ruhu şaddır. Onların arzuladıqları güclü Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qurulub. Cümhuriyyət xadimləri sağ olsaydılar, cənab Prezidentimizlə fəxr edərdilər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.
Deputat bildirib ki, müstəqillik günündə tarixə nəzər salmaq, keçilən yolu bilmək faydalı olardı: “Nələr Cümhuriyyətə gətirdi? Cümhuriyyət millətimizə, müsəlman Şərqinə və dünyaya nə verdi?
Azərbaycanın şimal torpaqları çar Rusiyası tərəfindən işğal edildikdən sonra müstəmləkə zülmü altında olan xalqımız heç bir zaman işğalla barışmayıb. Müstəqilliyə gətirən yolun başlanğıcında maarifçilik dayanıb. Yeni tipli məktəblərin açılması milli kimliyimizin dərkində, milli şüurun formalaşmasında müstəsna rol oynayıb. Böyük hadisə və proseslərin gedişində ictimai və siyasi təşkilatlar yaranıb.
Birinci dünya müharibəsinin sonuna yaxın dünyada yaranmış şəraitdə Azərbaycan xalqı muxtariyyat üçün çalışıb, sonra isə Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan edilib. Azərbaycan xalqı dövlətini respublika formasında qurub, müsəlman Şərqinə respublika ideyasını ilk dəfə Azərbaycan xalqı gətirib. Azərbaycan xalqı müstəmləkə zülmü altında inləyən müsəlman Şərqi xalqlarına azadlığın yolunu göstərib.
1918-1920-ci illər tariximizin üç böyük hadisəsi millətimizin sonrakı bütün tarixinə təsir edib. Onlardan birincisi cümhuriyyətin elan edilməsidir. Əgər cümhuriyyət elan edilməsəydi, 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən Azərbaycan hansı formada işğal ediləcəkdi? Azərbaycan SSR yaranacaqdı? Azərbaycan Xalq Cümhuriyyətinin yerində müstəqil olmayan Azərbaycan SSR yaradıldı, 1991-ci ildə isə Azərbaycan respublikasının dövlət müstəqilliyi bərpa edildi.
İkinci böyük hadisə 1918-ci il sentyabrın 15-də Bakı şəhərinin Azərbaycan və Osmanlı hərbçilərindən ibarət qurulmuş, Nuru paşa komandanlığında Qafqaz İslam Ordusu tərəfindən azad edilməsidir. Hələ 18-ci əsrin 20-ci illərindən “Bakı və Azərbaycan” ifadələri dövriyyəyə buraxılmışdı. Sanki Bakı ayrı bir mədəniyyət idi, Azərbaycan fərqli bir mədəniyyət idi. Daim Bakını Azərbaycandan qoparmaq planları olub. Bakının azad edilməsi tarixi əhəmiyyətli bir iş idi. Bakı Azərbaycanın təbii paytaxtına çevrildi. Əgər çar Rusiyası tərəfindən Azərbaycan xanlıqlar formasında işğal edilib, ilhaq olunmuşdusa, 1918-ci ildə Azərbaycan tək millət, tək dövlət, tək Vətən olaraq müstəqilliyini elan etdi. Bu böyük tarixi hadisə idi.
Üçüncü böyük tarixi hadisə heç şübhəsiz Azərbaycanın dövlət müstəqilliyinin defakto olaraq 1920-ci ilin yanvarında Parisdə tanınmasıdır. Belə bir dövlətin tanınması Azərbaycan xalqının bütün sonrakı taleyinə təsir etdi. Sovet dövründə cümhuriyyət tarixinin öyrənilməsinə imkan verilməyib, 1918-1920-ci illər tarixi vətəndaş müharibəsi kimi təqdim edilib. 1980-ci illərindən sonlarında ilk dəfə olaraq cümhuriyyət tarixinə dair araşdırmalara başlanılıb. Lakin cümhuriyyət tarixinin sistemli şəkildə araşdırılması Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla bağlıdır. Məhz həmin sənəddən sonra cümhuriyyət tarixinin sistemli şəkildə araşdırılmasına başlanıldı, parlamentin stenoqramları nəşr edildi, xarici siyasət sənədləri çap edildi, monoqrafiyalar yazıldı.
Cənab Prezident İlham Əliyev tərəfindən İstiqlaliyyət küçəsində cümhuriyyət xadimlərinin xatirəsinə abidə ucaldılıb. Hər il dövlət başçımız cümhuriyyət xadimlərinin xatirəsinə ehtiram əlaməti olaraq ora əkil qoyur.
Bu gün Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi altında özünün ən qüdrətli dövrünü yaşayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB