"Ümid edirəm ki, bu reallıq lazımınca dəyərləndiriləcəkdir" - MÖVQE BİLDİRİLDİ
"Hər zaman öz ənənəsinə sadiq qalan Ağ Ev höküməti yenə də Müstəqillik Günü münasibəti ilə cənab Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

44 günlük müharibədən sonra bu təbrik məktublarında ciddi dəyişikliklər müşahidə edirəm desəm, yanılmaram: "Artıq Amerika Azərbaycandan bəhs edərkən əməkdaşlıqlarımızı xatırladaraq bizim tərəfdaş və əməkdaş olduğumuz qeyd edir. Təbii ki, bu nüans hər şeydən əvvəl 44 günlük müharibədəki parlaq qələbənin və ölkə başçımızın son zamanlardakı prinsipli və dayanıqlı siyasətinin bəhrəsidir.
Məktubda diqqətimi çəkən digər məqam isə ABŞ dövlətinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiq etməsi oldu. Mən deyərdim ki, bu sənəddəki ən önəmli məqamlardan biridir. Məlumdur ki, bu yaxınlaradək Ağ Ev Administrasiyası və Dövlət Departamenti rəsmiləri Qarabağın Azərbaycana məxsusluğunu açıq şəkildə bəyan etməkdən çəkinirdilər, bu məktub isə bu təsdiqin açıq nümunəsidir.
Həmçinin cənab Baydenin enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla "birgə maraqlara söykənən tərəfdaşlıq"dan bəhs etməsi, Əfqanıstan və Cənub Qaz Dəhlizi təcrübəsini yada salaraq "çağırışlara birlikdə cavab verilməsini" xatırlatması Cənubi Qafqazda formalaşmış yeni reallığın digər dünya ölkələri kimi, ABŞ tərəfindən də qəbul olunması, Azərbaycanın beynəlxalq arenada önəminin etiraf edilməsi və yeni reallıqlar çərçivəsində Bakı ilə əməkdaşlığın davam etdirilməsi əzminin ifadəsidir. Bakı-Vaşinqton münasibətlərinin strateji səviyyəyə yüksəlmək şansı gündən-günə artır. Ümid edirəm ki, bu reallıq lazımınca dəyərləndiriləcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB