"Dövlət müstəqilliyi Azərbaycan xalqının tarixi nailiyyətidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Azərbaycan xalqı XX əsrdə iki dəfə dövlət müstəqilliyini əldə etmiş bir xalqdır və müsəlman şərqində ilk dəfə Respublika qurmuşdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

O bildirib ki, təəssüflər olsun ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı: "O zaman həm xarici, həm daxili səbəblər, həm hakimiyyətdə olanların səriştəsizliyi, bolşevik Rusiyasının müdaxiləsi, erməni terroru, ermənilərin işğalçılıq siyasəti imkan vermədi ki, Xalq Cümhuriyyəti yaşasın. Amma 1991-ci ildəki Azərbaycan xalqı o zaman yaranmış tarixi, ictimai-siyasi şəraitdən istifadə edərək öz dövlət müstəqilliyini elan etdi. Həmin dövrdə də iki il ərzində müstəqilliyimiz sanki hüquqi cəhətdən elan olunsa da, faktiki olaraq bizim müstəqilliyimiz yox idi.
1993-cü ilin yazında isə artıq müstəqilliyimizi itirmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Məhz həmin vaxtda Azərbaycan xalqı müdriklik göstərdi və özünün dahi lideri Heydər Əliyevi Respublikaya rəhbərliyə dəvət etdi. Heydər Əliyevin rəhbərliyə qayıdışı 1993-cü ilin iyunun 15-də çox doğru olaraq Milli Qurtuluş Günü kimi qeyd olunur. Həmin gün Azərbaycan demək olar ki, bütün təhlükələrdən qurtarmış oldu. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, bizim 1991-ci ildə əldə etdiyimiz müstəqilliyin də taleyini 1918-ci ildəki dövlətimizin taleyi gözləyirdi. Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizə olduqca böyük önəm verirdi və söyləyirdi ki, dövlət müstəqilliyi Azərbaycan xalqının tarixi nailiyyətidir. Dünyadakı xalqların hamısının öz müstəqil dövləti yoxdur. 6 mindən çox xalq var, 200-ə yaxın müstəqil dövlət var. Müstəqilliyimizi Ümummilli liderin dediyi kimi əldə etməkdənsə, onu qoruyub saxlamaq, inkişaf etdirmək, möhkəmləndirmək daha çətin idi və biz o çətin yolları Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında keçdik".
"2003-cü ildən sonra isə dövlət müstəqilliyimizin möhkəmləndirilməsi Azərbaycanın dünyaya müstəqil, azad, demokratik və güclü dövlət kimi təqdim olunması cənab Prezident İlham Əliyevin səyləri, fəaliyyəti və böyük müdrikliyi, uzaqgörənliyi sayəsində mümkün oldu. Cənab Prezident İlham Əliyev həmişə söyləyirdi ki, biz əgər torpaqlarımızı işğaldan azad etməsək, müstəqilliyimiz tam olmayacaq. Ərazi bütövlüyümüzü təmin etməsək, öz müstəqilliyimizi rahat yaşaya bilməyəcək, dövlətimizi də inkişaf etdirə bilməyəcəyik. Cənab Prezidentin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz şəhidlərinin, qazilərinin qanı hesabına torpaqlarını işğaldan azad etdi və 2023-cü ildə isə aprelin 23-də Laçın və Gorus rayonlarının sərhədində, sərhəd keçid məntəqəsini qoymaqla ərazi bütövlüyünü təmin etdi. 2023-cü ilin sentyabrın 19-da keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan bütün ərazisində öz suverenliyini bərpa etdi.
Biz bu gün azad, bütöv Azərbaycanın müstəqil vətəndaşlarıyıq. Müstəqilliyimiz ilə də fəxr edirik. Fəxr edirik ki, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə həyata keçirilmir. Azərbaycanın fikri, razılığı olmadan bölgə dövlətləri heç bir qərar qəbul etmir. Bu gün Azərbaycan dünyada olduqca böyük layihələrə ev sahibliyi edir. Biz BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi təşkilata sədrlik etdik. Qoşulmama Hərəkatına üç il sədrlik etdik. İndi isə COP29 kimi dünyanın ən möhtəşəm tədbirinə ev sahibliyi edirik. İqtisadiyyatımızın inkişafı, demokratiyanın ölkədə güclənməsi, vətəndaş cəmiyyətinin imkanlarının genişlənməsi, siyasi prülarizm, iqtisadi gücümüzün artması, ordumuzun gücünün artması, ölkəmizin potensialının daha səmərəli şəkildə istifadə edərək xalqımızın sosial rifahının getdikcə yüksəlməsi bizə müstəqilliyin verdiyi bəhrələrdir. Azərbaycanın müstəqilliyi Ulu öndər Heydər Əliyevin söylədiyi kimi daimi, əbədi olacaq. Müstəqillik günümüz mübarək olsun" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB