"Humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir" – DEPUTATIN ŞƏRHİ

“Azərbaycanda daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Ölkəmizdə demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlət qurulub. İnsan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması, hər bir fərdə sosial münasibətlər sistemində iştirak etmək üçün əlverişli şəraitin yaradılması dövlət quruculuğu prosesinin humanist səciyyəli prioritet istiqamətlərindən birini təşkil edir. Bu isə, çoxşaxəli humanizm siyasətinin həyata keçirilməsini şərtləndirən başlıca amillərdəndir”.
Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, ölkəmizdə bu ilin mühüm hadisələrindən biri də Azərbaycan Prezidenti İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalaması oldu: “Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 154 şəxsin ailələri sevincə qərq oldu. İlk növbədə, sərəncamın Müstəqillik Günü ərəfəsində imzalanması Prezidentimizin Azərbaycanın tarixinə, müstəqilliyinə, dövlətçiliyinə verdiyi yüksək dəyəri göstərir. Bağışlamağı bacaran, humanist siyasəti ilə hər zaman nümunə olan İlham Əliyev 63 məhkumu cəzanın çəkilməmiş hissəsindən azad edib, 52 məhkumun isə cəzasının çəkilməmiş hissəsini yarıyadək azaldıb. Eləcə də cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad olunub, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfərin cəzalarının çəkilməmiş hissəsi bağışlanıb. Habelə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Ümumiyyətlə, humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin və müsbət ənənənin təməli isə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider hər zaman mərhəmət, insanpərvərlik dəyərlərinə böyük önəm verib və bunu Öz fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə 1995-ci ildə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb, 2001-ci ildə isə o, Əfv Məsələləri üzrə Komissiya ilə əvəz olunub. Ümummilli lider Heydər Əliyev məhkumların bağışlanması ənənəsini formalaşdırmaqla onlara etimad göstərdiyini sübuta yetirirdi”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə