28 May Azərbaycanın şanlı tarixinin qızıl səhifəsidir – DEPUTATIN ŞƏRHİ
“Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsinə əbədi həkk olunan 28 may 1918-ci il tarixindən bizi 106 illik zaman ayırır. Həmin tarixdə Azərbaycan Xalq Cümhuriyyəti elan edilib. Cəmi 23 ay yaşayan Demokratik Respublika qarşısına qoyduğu məqsədlərə tam nail olmadan süquta uğrasa da, onun şüurlarda formalaşdırdığı müstəqillik ideyası unudulmadı. Xalqımız daim müstəqil, azad yaşamaq, öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək arzu ilə yaşadı. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.” Azərbaycan XX əsrin sonlarında yenidən müstəqilliyini bərpa etməklə özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, 1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında ilk parlamentli respublika, demokratik, hüquqi və dünyəvi dövlətçilik nümunəsi idi: “1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi elan edib və dövlət müstəqilliyimiz bərpa olunub. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti nəhəng işlər görüb, xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olub. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Müstəqil və Azərbaycan dövlətinin yenidən möhkəm təməllər üzərində qurulmasında, dünyada tanıdılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri əvəzsizdir. Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin zəngin siyasi təfəkkürü, idarəçilik təcrübəsi və rasional fəaliyyəti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamaqdan, yəni qısa zamanda müstəqilliyini itirməkdən qurtuldu. Bu gün Ulu Öndərin müəyyənləşdirdiyi müdrik siyasi kursa Azərbaycanda alternativ yoxdur və bu kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev hər zaman ən böyük arzusunun torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olduğunu bildirirdi. Ümummilli Liderin bu arzusunu onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev reallaşdırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı şanlı Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması tariximizin ən şərəfli səhifəsidir. Xalqımız 2020-ci ildən bu yana bütün əlamətdar bayram və günlərini xüsusi coşqu və təntənə ilə qeyd edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB