"Azərbaycanla İran arasında münasibətlərin qorunması olduqca vacibdir" - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan-İran münasibətlərində yeni mərhələni inkişaf etdirmək bölgənin rifahına töhfə olar”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

O bildirib ki, İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin faciəli şəkildə həlak olması Azərbaycanı da dərindən sarsıtdı: "Təsadüfi deyil ki, İ.Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı xəbər yayılan kimi bu məsələyə ilk reaksiya verən Azərbaycan Prezidenti oldu. Dövlət başçımız məsələ ilə bağlı hər cür dəstək verməyə hazır olduğunu bəyan etdi. Ötən gün başsağlığı məqsədilə İran səfirliyində olan Prezident İlham Əliyev eyni zamanda bu faciəni bütövlükdə müsəlman aləminin faciəsi kimi qiymətləndirdi.

Helikopter qəzasından əvvəl mərhum prezident İ.Rəisi ilə iki saatdan artıq danışıqlar aparan dövlət başçımız bir daha mayın 19-da baş tutan bu tarixi görüşü xatırlatdı və dövlət sərhədində böyük infrastruktur layihəsinin açılışında birgə iştirakın İran-Azərbaycan əlaqələrinin möhkəmliyinin göstəricisi olduğunu bildirdi. Əldə olunmuş razılaşmaların İranın yeni rəhbərliyinə çatdırılması və onların icra edilməsi hər iki tərəf üçün olduqca əhəmiyyətlidir.

Həmin tarixi görüşdə İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənmişdi və hər iki tərəfin güclü siyasi iradəsi bir daha nümayiş etdirilmişdi".

"Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində dövlət başçıları çox vacib mesajlar vermişdilər. Liderlər birgə müzakirələri yenidən nəzərdən keçirmişdilər. Hər iki ölkənin əsas hədəfi birlik və dostluğun sarsılmazlığını təmin etmək, münasibətlərə kölgə salmaq cəhdlərini zərərsizləşdirməkdən ibarətdir. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, bölgənin inkişafı regiondakı ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır. Rəsmi Tehran isə Bakı ilə əlaqələri qonşuluq əlaqəsindən daha üstün hesab edir. Mərhum Prezident İ.Rəisi bu münasibətləri qohumluq əlaqəsi adlandırmışdı. Verilən mesajlar da göstərirdi ki, Bakı və Tehran əməkdaşlığı bütövlükdə bölgənin sabitliyi üçün önəmli faktordur. Bunu nəzərə alaraq, hər iki ölkə bölgənin sabitliyi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün bütün beynəlxalq təşkilatlarda bir-birinə bundan sonra da dəstəyi davam etdirmək niyyətini də ortaya qoymuşdu.

Azərbaycanla İran arasında münasibətlərin qorunması olduqca vacibdir. Məlumdur ki, 2-ci Qarabağ savaşı başa çatdıqdan dərhal sonra Azərbaycan yeni əməkdaşlıq formatları təklif etdi. 3+3 formatı siyasi, təhlükəsizlik və iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Rəsmi Tehran da bu platformanı problemlərin müzakirəsi üçün ən effektiv regional platforma hesab edir. Ümumiyyətlə, regionun məsələsini region dövlətləri həll etməlidir. Məlumdur ki, iyun ayında İranda yenidən prezident seçkiləri keçiriləcək. Ümid edirik ki, bundan sonra da Bakı ilə münasibətlərin normal inkişafı Tehranın xarici siyasətində prioritet istiqamət olacaq. Bundan sonra həm ikitərəfli, həm çoxtərəfli formatda böyük layihələrin icrası hər iki tərəf üçün faydalı olar" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə