“Əgər ABŞ kimi bir dövlət Azərbaycan Prezidentinə zəng edirsə…” - ŞƏRH EDİLDİ

“Əgər ABŞ kimi bir dövlət Azərbaycan Prezidentinə zəng edirsə…” - ŞƏRH EDİLDİ

“Antoni Blinken adi bir dövlətin deyil, super güc mərkəzi olan ABŞ-nin Dövlət katibidir. Blinkenin başqa bir dövlət başçısına zəng etməsi adi hal deyil. Əgər o, bir dövlətin Prezidentinə zəng edirsə, deməli bu dövlət ABŞ-nin siyasətində və rəhbərliyinin gözündə kifayət qədər yüksək mövqedə durur. Bildiyiniz kimi bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və ABŞ Dövlət katibi Antoni Blinkenin görüşü keçiriləcək. Görüşdə Ermənistanla bağlı əməkdaşlıq məsələləri müzakirə olunacaq. Şübhəsiz ki, Antoni Blinken də gözəl başa düşür ki, Azərbaycan bu görüşdən narazıdır. Azərbaycan rəhbərliyi birmənalı şəkildə bildirib ki, bu görüşdə inkluzivlik təmin edilməyib. Yəni Ermənistanla birtərəfli əlaqələrin genişləndirilməsi bölgədəki vəziyyəti gərginləşdirir və Azərbaycanın maraqlarına ziddir. Blinken bildirib ki, bu görüş digər dövlətlərə, o cümlədən, Azərbaycana qarşı yönəlməyib. Amma bu, siyasi bir gedişdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Nadir Şəfiyev deyib.

Onun sözlərinə görə, əslində bu, doğru addım deyil: “Çünki görüşdə iqtisadi və siyasi məsələlərlə yanaşı, hərbi əməkdaşlıq məsələlərinin də müzakirəsi nəzərdə tutulub. Siyasi cəhətdən məsələlər müzakirə olunursa və bölgənin digər dövlətlərinin maraqları nəzərə alınmırsa, bu, həmin dövlətlər üçün narazılıq doğuran bir haldır.

Bir neçə gün öncə Blinken fransalı həmkarı ilə birgə mətbuat konfransında iştirak edib. Bu konfransda Fransa XİN rəhbəri sərsəm bəyanatlarla çıxış edib, hətta deyə bilərik ki, Azərbaycanı təhdid edib. Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamasını Fransa rəhbərliyi görməzdən gəlirlər. Həmin mətbuat konfransında iştirak edən Blinken bu məsələlərlə bağlı heç bir mövqe bildirməyib. Cinayət törədilərkən qatilin yanında olan adam da bu məsələdə məsuliyyət daşıyır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti ABŞ Dövlət katibinə dövlətimizin gözləntilərindən, eyni zamanda narazılıqlarından danışıb. Bütün bunların bugünkü görüşdə nəzərə alınıb-alınmayacağını deyə bilmərəm. Əsas odur ki, dövlət başçısı İlham Əliyev Azərbaycanın məsələ ilə bağlı mövqeyini artıq bildirib. Bu mövqeyi bildirməkdə digər bir xüsusi məqam isə odur ki, dünyada ABŞ-nin sözünün qarşısında söz deyə biləcək çox böyük bir-iki dövlət var. Azərbaycan nə təcrid olunmayıb, nə həmin dövlətlər kimi BMT TŞ-nın üzvü deyil, nüvə silahına malik deyil, amma öz müstəqil siyasətini ortaya qoyacaq bir dövlətdir”.

“Hesab edirəm ki, Azərbaycan Prezidentinin ortaya qoyduğu mövqe şübhəsiz ki, nəzərə alınacaq. Birbaşa səsləndirilməsə belə şüuraltı olaraq ABŞ siyasətçiləri artıq mövqeyimizi dərk edir. Onlar da bilirlər ki, Azərbaycanın əlində kifayət qədər imkanı var ki, müəyyən mexanizmlərdən istifadə edərək onların bölgədəki siyasətinə əngəl törətsin.

Sonda yenə də qeyd edim ki, Prezident İlham Əliyev və Antoni Blinken arasında olan danışığın əhəmiyyəti bir neçə aspektdən ibarətdir. Birincisi, bu Azərbaycan dövlətinin və rəhbərliyinin səviyyəsindən xəbər verir. İkincisi, aparılan siyasətdə qəbul olunacaq qərarlarda bölgədə Azərbaycan kimi bir dövlətin varlığı nəzərə alınmalıdır. Üçüncüsü, Azərbaycan bildirir ki, əgər lazım gələrsə dövlət siyasətimizdə korreksiya etməyə hazırdır, həmçinin qərar qəbul edərkən heç kimdən və heç nədən çəkinmir”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə