"31 mart Azərbaycan üçün ibrətli bir tarixdir" - DEPUTAT ŞƏRH ETDİ

"1918-ci ilin 31 mart soyqırımı Azərbaycan xalqının taleyində və tarixində nə birinci, nə də sonuncu hadisədir. Əslində 1905-1906-cı illərdə də ermənilər böyük Ermənistan yaratmaq xülyası ilə heç bir günahı olmayan türk-müsəlman əhalisinə, o cümlədən azərbaycanlılara qarşı soyqırıma başladılar. Soyqırımı Bakı, Naxçıvan, Şuşa, Əsgəran və Qərbi Azərbaycan ərazisində baş verdi. Artıq ermənilər 1905-1906-cı illərdə hiss etdi ki, Cənubi Qafqazda azərbaycanlı əhali öz torpaqlarını müdafiə etmək əzmindədir, ancaq onlar mütəşəkkil bir qüvvə deyil. Bundan əlavə Çar Rusiyası da o zaman erməniləri hər formada müdafiə edir və onları özününkü hesab edirdi. Təbii ki, 1914-cü ildə I Dünya müharibəsi başlananda Çar Rusiyasının öz istəyi var idi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, Rusiya I Pyotrun vəsiyyətini yerinə yetirmək istəyirdi: "Vəsiyyət isə ondan ibarət idi ki, Rusiya İstanbul paytaxtı, Bosfor və Dardanel onun boğazları olduqda xoşbəxt ola bilər. Ona görə də Rusiya bu müharibədə Osmanlıya qarşı iştirak edirdi. Eyni zamanda, Osmanlı da düşünürdü ki, Çar Rusiyasını məğlub etməklə böyük Turan dövlətini yarada bilər. Beləliklə I Dünya müharibəsi başlayanda ermənilərin mövqeyi əsas idi. Ermənilər Çar Rusiyasına bəyan edirdilər ki, onlar müharibə başlandığı təqdirdə Osmanlıda olan ermənilər belə ona xəyanət edəcək. Elə müharibənin ilk illərində milyonlarla Osmanlı türkü ermənilər tərəfindən qətlə yetirildi, əmlakları müsadirə edildir, kəndləri isə yandırıldı. Nəhayət Osmanlı özünə gəldi və rus ordusu ilə yanaşı erməniləri də ərazidən çıxardı. Osmanlıda öz maraqlarını təmin edə bilməyən ermənilər Şimali, Cənubi və Qərbi Azərbaycana daxil oldular. 1918-ci ilin martında Bakıda, daha sonra Şamaxıda, Qubada, Kürdəmirdə, Lənkəranda, nəhayət Qərbi və Cənubi Azərbaycanda heç bir günahı olmayan türk-müsəlman əhalisinə qarşı soyqırıma başladılar".

"Həmin dövrün sənədlərindən məlum olur ki, ermənilər nə uşağa, nə qocaya rəhm edirlər. Onlar dünyanın heç bir millətinin edə bilmədiyi qəddarlığı azərbaycanlılara qarşı etdilər. 1918-ci ildə Cümhuriyyətin hakimiyyətə gəlməsi ilə Azərbaycan dövləti yaradıldı. Bununla yanaşı, Azərbaycanın xeyirxahlığı ucbatından Ermənistan dövləti də elan edildi. Dünənə qədər Çar Rusiyasının tərkibində olan ermənilər müstəqillik elan etdikdən sonra azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırıma başladılar. 1920-ci ilin aprelində Azərbaycan, noyabrında isə Ermənistan bolşevikləşsə də, ermənilər öz xülyalarından əl çəkmədilər. Tarixin sonrakı məqamlarında da ermənilər azərbaycanlı əhaliyə qarşı amansızlıqla diqqəti cəlb etdilər. 1920-ci ilin aprelindən sonra Sovet Rusiyası ermənilər üçün daha böyük meydan yaratdı. Nəticədə 1923-cü ildə Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Hətta tarixi Azərbaycan torpaqları olan Naxçıvan belə şübhə altına alındı. Ancaq Azərbaycan hakimiyyəti bütün gücünü toplayaraq Qarabağın və Naxçıvanın Azərbaycan ərazisi kimi qalmasına nail ola bildi. 1948-1953-cü illərdə Qərbi Azərbaycan ərazisində yüzminlərlə azərbaycanlı öz yurdundan deportasiya olundu".

Deputat sözlərinə davam edərək bildirib ki, XX əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində SSRİ-nin dağılması dövründə də ermənilər həm Qərb havadarlarından, həm də Sovet Rusiya rəhbərliyinin gücündən istifadə edərək Qarabağda olan Azərbaycan torpaqlarını işğal etdilər: "1 milyon azərbaycanlı qaçqın və köçkünə çevrildi. Minlərlə azərbaycanlının qətlə yetirilməsi, soyqırıma məruz qalması bu illərin nəticəsi idi. Çox təəssüflər olsun ki, dünya bütün bu hadisələrə biganə qaldı və az qala ermənilərə bəraət qazandırdı. Nəhayət 30 ilə yaxın bir dövrdə Azərbaycan öz haqqını müdafiə etmək üçün dünyadan kömək istədi. Amma dünya ermənini müdafiə etdi. Nəhayət, 2020-ci ilin payızında Azərbaycan Prezidenti İlham Əliyev öz siyasi qərarını qəbul etdi və düşmən 44 gün ərzində darmadağın edildi. Nəticədə Azərbaycan torpaqları işğaldan azad edildi və 2023-cü ildə bir günlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz tam təmin olundu. 1923-cü ildə yaradılan Dağlıq Qarabağ Muxtar Vilayəti tarix səhnəsindən silindi. Əslində erməni separatizminin kökünün kəsilməsi şəhidlərimizin ruhunun şad olması, onların intiqamının alınması idi. Bu hadisələr bir daha göstərdi ki, tarixi unutmaq olmaz. Dövlət başçısı İlham Əliyevin sözləri ilə desək, zaman gələcək biz Ermənistanla qonşuluq münasibətlərini bərpa edəcəyik, amma ermənilərin bizə qarşı törətdiyi amansızlıqları heç vaxt unutmamalıyıq. 31 mart Azərbaycan tarixində soyqırım, eyni zamanda ibrətli bir tarixdir. Bu tarixdən ibrət götürdüyümüz üçün bugünkü gündə erməniləri darmadağın edə bildik. Ermənistanın havadarları Azərbaycana qarşı nə qədər böhtan xarakterli çıxışlar etsə də, Türkiyə Cümhuriyyəti və digər bütün qardaş dövlətlərimiz haqq işimizi hər zaman müdafiə edir. Biz də tariximizi unutmamalı və ermənilərin əsl üzünü bütün dünyaya göstərmək üçün gecə-gündüz təbliğat aparmalıyıq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə