"Qərb dairələrinin əsl məqsədi..." - MÜNASİBƏT BİLDİRİLDİ

"Ümumiyyətlə, Qərb və Avropa İttifaqına daxil olan ölkələr daim Ermənistandan bir vasitə kimi istifadə ediblər. 30 illik işğal dövründə də həmin ölkələr Ermənistanın terrorizm və separatizm siyasətini gizli şəkildə dəstəkləyərək Azərbaycana qarşı istifadə ediblər. Hazırda da bu siyasət davam etdirilir. Çünki Fransa, Almaniya və digər Avropa ölkələri, eyni zamanda ABŞ Cənubi Qafqazda öz məkrli siyasətlərini həyata keçirmək və Azərbaycana təzyiq göstərmək üçün Ermənistana dəstək verirlər". Bu sözləri SİA-ya açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

Onun sözlərinə görə, bu ölkələr Ermənistanı bölgədə yeni müharibəyə sövq etməyə çalışırlar: "Ermənistan kütləvi şəkildə silahlandırılır, həm hərbi, həm də siyasi-iqtisadi baxımdan yardım edilir. Bu o deməkdir ki, sözügedən Qərb dairələri Cənubi Qafqazda sülh və təhlükəsizliyin olmasında maraqlı deyil. Onların əsl məqsədi bölgəmizdə yeni müharibələr yaratmaqla öz siyasi və hərbi varlıqlarını qoruyub saxlamaqdır. Əvvəlki illərdə olduğu kimi bu siyasətin yenə də heç bir perspektivi yoxdur və fiyaskoya məhkumdur. Çünki Azərbaycan bölgədə tamamilə yeni reallıqlar yaradıb. 44 günlük Vətən müharibəsi və 1 günlük antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu da bölgədə yeni reallıqların yaranmasına səbəb olub. Azərbaycana qarşı məkrli siyasət yürüdən ölkələr dövlətimizin siyasi və hərbi gücü ilə birmənalı olaraq hesablaşmalı, riyakar və ikili standartlara söykənən siyasətə son qoymalıdırlar".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə