NATO üçün vacib və DƏYƏRLİ TƏRƏFDAŞ - TƏHLİL

NATO-nun baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz ölkələrinə nəzərdə tutulan səfərlərinə ilk öncə Azərbaycana səfərlə başlaması heç də təsadüfi deyil. Yens Stoltenberqin özünün də etirafına görə, bu səfər onun alyansın baş katibi kimi Bakıya ilk səfəridir. Hər halda, əvvəllər Norveçin energetika naziri vəzifəsində çalışarkən bir neçə dəfə Azərbaycanda olan NATO-nun baş katibinin artıq alyansın baş katibi kimi ilk səfərini Bakıya etməsi səbəbsiz ola bilməz və hətta onun bu il yenidən Bakıya səfər edəcəyi də gözləniləndir, çünki Azərbaycan Prezidenti cənab İlham Əliyev onu Azərbaycanın paytaxtında keçiriləcək COP29 konfransına da dəvət edib.

Diqqət çəkən ən maraqlı məqam odur ki, dövlətimizin başçısı ilə birgə mətbuat konfransı zamanı Yens Stoltenberq NATO-nun Azərbaycanla uzunmüddətli münasibətlərinin olduğunu vurğulayıb. Əslində, onun dediklərində böyük həqiqət var və həqiqətən də, Azərbaycanla NATO arasında tərəfdaşlıq münasibətlərinin başlandığı tarixi məhz Bakının NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulduğu vaxt, yəni 1994-cü il mayın 4-ü hesab etmək tamamilə məntiqidir. Onu da bilirik ki, 1997-ci ilin yanvarında Azərbaycan sülhməramlı qüvvələri yaradılıb. Elə həmin il də NATO-nun Brüsseldəki mənzil-qərargahında Azərbaycan nümayəndəliyi açılıb və Bakı NATO-nun Planlaşdırma və Baxış Prosesinə o zamandan qoşulub. Bir sözlə alyansla ölkəmiz arasında olan tərəfdaşlığın kifayət qədər diqqət çəkəcək tarixi var və bu, nəzərə alınmaya bilməz.

Yəqin ki, 2004-cü il 14-19 iyul tarixində Bakıda, məhz NATO tarixində ilk dəfə olaraq, “NATO Həftəsi” keçirilməsi də yaddaşlardan silinən deyil. Xüsusən də, bu tədbirdə NATO Baş katibinin ictimai diplomatiya üzrə müavini Yan Fournet və digər yüksək səviyyəli nümayəndələrin iştirak etməsi də sıradan bir hadisə sayıla bilməz və bu baxımdan da hər kəsin yaxşı yadında qalmış olar. Çox güman ki, həmin həftə ərzində Bakıda NATO-nun Elmi Komitəsinin iclası, o cümlədən elmlə bağlı bir neçə işçi seminar, dəyirmi masalar təşkil edilməsi nə Yens Stoltenberqin, nə də alyansın digər səlahiyyətlilərinin belə hafizəsindən silinən deyil və görünür, məhz elə bu baxımdan da NATO-nun baş katibi ilk səfərini məhz Azərbaycana edib. Bu isə o deməkdir ki, həmin alyans ölkəmizlə əməkdaşlığa yüksək qiymət verir və əməkdaşlığa olan sadiqlik yüksək səviyyədə dəyərləndirilir.

Onu da nəzərə çatdırmaq istərdik ki, bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdükən sonra Stoltenberq Gürcüstana getməyi planlaşdırıb. NATO-nun baş katibi Gürcüstanda həmin ölkənin prezidenti Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze ilə görüşmək niyyətindədir. Yens Stoltenberqin Ermənistana da səfəri planlaşdırılır. Yens Stoltenberq İrəvanda Ermənistan prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşmək niyyətindədir. Güman etmək olar ki, İrəvanda NATO-nun baş katibi Ermənistanın KTMT-dən çıxması perspektivlərini və Ermənistanın Şimali Atlantika Alyansı ilə tərəfdaşlıq proqramlarının genişləndirilməsini müzakirə edə bilər. Bütün bunların sonunda nə olacağını isə indidən söyləmək olmaz və hər halda bunu zaman göstərəcək. Bu arada qeyd edək ki, Stoltenberqin Ermənistana səfət etməsi ilə hansısa məqsədlərin həyata keçirilməsi çox çətin bir iş kimi görünür. Diqqətə çatdıraq ki, martın 12-də baş nazir Nikol Paşinyan bildirib ki, təşkilatın nümayəndələri İrəvanın qaldırdığı suallara cavab verməsə, Ermənistan KTMT-dən çıxacaq. Doğrudur bunun belə olacağını əminliklə söyləmək olmaz, çünki söhbət Ermənistan tərəfindən gedir və bütün dünya ictimaiyyəti çox yaxşı bilir və şahididi də olub ki, Ermənistan rəhbərləri öz dediklərinin də, bəyan etdiklərinin də asanlıqla əksinə hərəkət edə bilirlər. Buna hətta alışqandırlar və bu baxımdan hansısa proqnoz vermək doğru olmaz.

Sözsüz ki, NATO-nun baş katibi məhz Ermənistanın KTMT-dən çıxmağa nə dərəcədə hazır olduğunu “yoxlamaq”, buna əmin olub-olmamaq üçün İrəvana gedir. Eyni zamanda, o da tamamilə bəllidir ki, Ermənistanın KTMT-dən çıxması ilə NATO-ya daxil olması arasında çox böyük məsafə, hətta uçurum var. Əvvəla, işğalçı ölkənin NATO kimi bir alyansa daxil olmaq üçün “durumu” belə yoxdur. Üstəlik, alyansa daxil olmaq üçün olan tələblərə Ermənistan cavab verəcək ölkə deyil. Digər tərəfdən də axı Azərbaycanın NATO-da çoxlu dostları da var və ilk növbədə qardaş Türkiyə Ermənistanın Alyansa qəbul edilməsi məsələsinə veto belə qoya bilər. Bir sözlə, kimin nə deməsindən, nə vəd etməsindən asılı olmayaraq, Ermənistanın gələcəyi birbaşa onun Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq imkanından asılıdır. Daha dəqiq desək, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərini nizamlamadığı təqdirdə yalnız hansısa xam xəyallara düşə bilər və bundan artığına ümid belə edə bilməz. Hər halda, alyansın özünün Azərbaycana münasibəti də bu məqamda nəzərə alınandır və əməkdaşlığa sadiqlik müşahidə edildiyi təqdirdə bunu nəzərə almamaq mümkün deyil.

Əlbəttə ki, Gürcüstan təcrübəsini belə ermənilərə xatırlatmaq indi tam yerinə düşər. Beləki, hələ 2006-cı ildə Gürcüstan parlamenti Gürcüstanın NATO-ya inteqrasiyasına yekdilliklə səs verdiyini yəqin haylar çox yaxşı xatırlayırlar. Onu da xatırlayırlar ki, artıq 2008-ci il yanvarın 5-də Gürcüstanda prezident seçkiləri ilə eyni vaxtda referendum da keçirildi və nəticədə gürcü seçicilərinin 77 faizi NATO-ya üzv olmağın tərəfdarı olduqlarını bəyan etdilər. Amma göründüyü kimi, Gürcüstan hələ də NATO-ya qəbul edilməyib. Eyni zamanda, Şimali Atlantika Alyansı Gürcüstanla böhranların idarə edilməsi, kibertəhlükəsizlik, hərbi mühəndislik və təhlükəsiz kommunikasiya kimi sahələrdə əməkdaşlığı artırır. Lakin bununla belə hələ də Gürcüstanın NATO-ya qəbul edilməsi məsələsi qalır. Yəni, bütün bunlar Ermənistan üçün, erməni cəmiyyəti üçün bir nümunə olaraq görülə bilər və həmin ölkənin alyansa qabulu hələ utopiyadan başqa bir şey kimi görünmür.

Məqsəd heç də Ermənistanı bu gün Azərbaycanla müqaisə etmək deyil və hayların xam xəyallarının yenə də mənasız oluğunu onsuz da görməyən yoxdur. Azərbaycan bütün istiqamətlərdə NATO üçün maraqlı tərəfdir. Azərbaycan regionda sülh, sabitlik və əməkdaşlığın bərqərar olunmasında mühüm ölkə sayılır. Baş Assambleyanın və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin, eləcə də NATO-nun özünün də Bəyannaməsinin tələblərinə heç vaxt tabe olmayan Ermənistanın işğalçılıqdan əl çəkməməsinin fonunda Azərbaycanın özünün öz ərazi bütövlüyünü bərpa etməli olduğu da, başda elə şəxsən Yens Stoltenberq olmaqla, alyansın səlahiyyətlilərinin hamısına da bəllidir. O da bəllidir ki, bu, yəni, öz tarixi məqsədinə nail olmaq, ilk növbədə, Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar sayəsində mümkün olub. Bu gün Azərbaycan Ordusunun bütün Cənubi Qafqazda döyüşə ən hazır, ən güclü, keçmiş SSRİ-də isə ən güclü ordulardan biri olduğu da sirr deyil və etiraf da edilir. NATO da, alyansın baş katibi də bunu çox gözəl bilir. Onu da bilir ki, ordumuzun gücləndirilməsi prosesi hələ yenə də davam edir. “Biz müdafiə potensialımızı müasirləşdiririk və bu gün biz yüksək peşəkarlıq nümayiş etdirə bilirik”, deyə Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etməsi də hər kəsə bəllidir. Həqiqətən də, Azərbaycanın 2024-cü il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 6 milyard 421 milyon 47 min manat təşkil etməsi təsadüfi deyil və deyilənləri təsdiq edir. Təsdiq edir ki, bu göstəriciyə görə ölkəmiz regionda açıq-aşkar liderdir. Bir halda ki, Ermənistan və Gürcüstanın birlikdə hərbi xərcləri Azərbaycanın hərbi xərclərindən azdır, deməli, deyilənlər zərrə qədər də şübhə doğura bilməz.

“Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində düşünürəm və ümid edirəm ki, indi biz sıçrayışa çox yaxınıq. Qafqazda çox ciddi geosiyasi dəyişiklik olacaq. Bu o demək olacaq ki, sülh, çoxdan gözlənilən sülh Qafqaza gələcək”, deyə Azərbaycan Prezidenti cənab İlham Əliyev vurğulaması onu göstərir ki, Azərbaycan sülhün tərəfdarıdır. Həm də xatırladaq ki, bu, dövlətimizin başçısının regionumuzda sülhün tezliklə bərqərar olmasının vacibliyini vurğulayan ilk bəyanatı deyil və bunun da hər kəs fəqindədir. Amma görünən odur ki, Ermənistan sülhə hazır deyil. Təəssüflə qeyd olunmalıdır ki, təcrübənin də göstərdiyi kimi, həmin ölkənin rəhbərliyi bu istiqamətdə əməli addımlar atmaqdansa, ancaq sülhlə bağlı boş-boş bəyanatlar verirlər. Heç şübhəsiz ki, bütün bunları alyansın səlahiyyətliləri, elə şəxsən NATO-nun baş katibi Yens Stoltenberq də yaxşı bilir. Məhz bu baxımdan ümid edirik ki, NATO-nun baş katibinin İrəvana səfəri nəticəsində Ermənistanın sülh yolunda konkret addımlarını bəlkə də hələ bundan sonra görə bilərik. Bununla belə, istənilən halda, NATO-nun baş katibinin də, rəhbərlik etdiyi alyansın da real vəziyyətlə, işğalçı ölkənin sülh əleyhinə olan mövqeyi ilə bağlı məlumatlılığı kifayət qədər vacib məqamdır və Ermənistanın bundan sonra da nə qərar qəbul etməsindən asılı olmayaraq, bu faktın Yens Stoltenberq tərəfindən qeydə alınması əhəmiyyətli məsələdir.

Bir daha təkrarən qeyd edək ki, Ermənistan hal-hazırda Azərbaycanla müqaisə belə oluna bilməz və ölkəmizin alyans üçün dəyərli tərəfdaş olduğunu NATO baş katibi də Azərbaycan Dövlət İnformasiya Agentliyinə, Azərtaca müsahibəsində açıq şəkildə bildirib. O, öz müsahibəsində yüz minlərlə insanın Əfqanıstandakı Kabil hava limanından təxliyyəsində azərbaycanlı əsgərlərin necə köməklik göstərdiyini təsadüfi olaraq dilə gətirməyib. Yens Stoltenberq hətta qeyd edib ki, Azərbaycanla NATO arasında praktiki tərəfdaşlıq və siyasi dialoq mövcuddur və bunu əsaslandırıb da. Enerji təhlükəsizliyi baxımından Azərbaycanın NATO üçün son dərəcə əhəmiyyətli ölkə olduğunu vurğulayan NATO-nun baş katibi ölkəmizə olan marağın səbəblərini də gizlətməyib. O, xüsusilə Ukraynaya genişmiqyaslı hərbi müdaxilə edən Rusiyanın NATO müttəfiqlərini çəkindirmək üçün təbii qazdan alət kimi istifadə etməyə başladıqdan sonra ölkəmizin artan qaz tədarükünün nə dərəcədə əhəmiyyətli olduğunu nəzərə alaraq, Azərbaycanın rolunu çox vacib saydığını bilirib. NATO müttəfiqlərinin qaz təminatçısı olan Rusiyadan asılılığından azad olmaqda ölkəmizin imkan yaratmasını yüksək qiymətlədirib.

Stoltenberq Azərbaycan tərəfindən enerjinin birbaşa ixracının gələcəkdə də bizim ölkəmizin Avropa üçün enerji təminatçısı kimi rolunu artıracağını qeyd edib. Xüsusilə vurğulayıb ki, külək və günəş enerjisi vasitəsi ilə bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi sahəsində göstərdiyi səylərin tərkib hissəsi olaraq, Azərbaycan böyük enerji keçidi edə bilər və bu kontekstdə COP29-un ölkəmizin paytaxtında keçirilməsi çox vacibdir. Bir sözlə, NATO-nun baş katibi alyansın Azərbaycanla olan tərəfdaşlığının dəyərli olduğunu öz müsahibəsi zamanı nəinki aydın şəkildə bildirib, hətta bunu çəkinmədən etiraf edib. Deməli, əməkdaşlığa sadiqlik nümayiş etdirən Azərbaycan, birmənalı şəkildə NATO üçün vacib və dəyərli tərəfdaş hesab olunur. Təsadüfi deyil ki, NATO-nun baş katibinin Azərbaycana səfəri, ölkəmiz barədə fikirləri dünyaca məşhur mətbuat səhifələrində dərc edilib. Məsələn, ən məşhur nəşrlərdən, “Reuters“, “Tass“, “Daily Sabah“, “US News“, “Arab News“, “Mehr News“, ”The Business Standard” kimi media orqanları mövzu ilə bağlı materiallar, məqalələr dərc ediblər. Həmin məqalələrdə ən çox diqqəti çəkən məqam isə, NATO-nun baş katibinin, Yens Stoltenberqin məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmaqla bağlı fikirlərini yüksək qiymətləndirməsi olub.

Sadalananlar bir daha təsdiq edir ki, NATO bütövlükdə Cənubi Qafqaz ölkələri arasında Azərbaycana daha böyük etimad göstərir. Şəxsən alyansın baş katibinin mövqeyindən də bu aydın şəkildə bəlli olur. Xüsusən bəlli olur ki, sözügedən alyans digər region ölkələrindən Azərbaycanı daha yaxın, daha vacib, daha dəyərli tərəfdaş hesab edir. İlk öncə də qeyd etdiyimiz kimi, alyansın baş katibinin Cənubi Qafqaz ölkələrinə səfərinə məhz Azərbaycandan başlaması da, onun Azərbaycan Dövlət İnformasiya Agentliyinə, Azərtaca verdiyi müsahibəsi də, dünyaca məşhur mətbuat səhifələrində bu barədə geniş şəkildə qeyd edilməsi də təsdiq edir ki, həqiqətən də Azərbaycan NATO üçün ən vacib və dəyərli tərəfaş hesab olunur və bunu hətta bürün dünya da belə qəbul edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə