“Bu cür forumlarda mövqeyimizi çatdırmaq vacibdir" - SABİQ XİN BAŞÇISI

“Antalya Diplomatiya Forumu Azərbaycanın öz mövqeyini maraqlı tərəflərə çatdırdığı siyasi meydançadır. Forumda müxtəlif mövzulara aid diskussiyalar oldu, o cümlədən Azərbaycanın marağı olan mövzularda diskussiyalar aparıldı. Forumun real nəticəsi və məqsədi də bu idi. Hesab edirəm ki, biz bu məqsədə çatmış olduq”. Bu barədə SİA-ya açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, Azərbaycan sözügedən forumdakı ikilistandartlara söykənən çıxışlara aydınlıq gətirməklə onu maraqlandıran mövzularda öz mövqeyini çatdırdı: “Müxtəlif qurumlarda yanaşma fərqli idi. Erməni əhalisinin Qarabağdan çıxmasını Ermənistan və onun havadarları elə göstərmək istəyirdi ki, orada etnik təmizləmə aparılıb. Bu mövzular və təhlillər fərqli səpkidə baş verirdi. Azərbaycan əhalisinə qarşı edilən hərbi cinayətlərə diqqət yetirilmirdi. Amma erməni əhalisinə balansdan uzaq yanaşma sərgilənirdi. Azərbaycan bu tendensiyaya qarşı mövqeyini göstərdi”.

Sabiq nazir bildirib ki, Azərbaycanda forumda bir çox hallarda bizə tərəfdaş olan ölkələr qarşısında öz məqsədinə nail oldu: “Bu cür forumlarda mövqeyimizi çatdırmaq vacibdir. Bir çox hallarda və türk ölkələri çalışırlar ki, bir cərgədən çıxış etsinlər. Antalya Diplomatiya Forumu da koordinasiya baxımından türk dövlətləri arasında çox faydalı nəticələr verdi”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə