"Ermənistanın apardığı informasiya müharibəsi artıq yeni müstəviyə keçib" - ŞƏRH EDİLDİ

"Diqqət etsək görərik ki, Ermənistan həm beynəlxalq media, həm də yerli mediası vasitəsilə gələcəkdə mümkün ola biləcək təxribatları üçün ictimai zəmin hazırlamaqla məşğuldur". Bu barədə SİA-ya açıqlamasında Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı, siyasi şərhçi Vüqar Zifəroğlu deyib.

Müsahibimiz qeyd edib ki, burada ən ciddi məqam ondan ibarətdir ki, bu ictimai rəyi hazırlamaq üçün faktiki olaraq səfərbər olan daxili mediasına beynəlxalq mediadan da dəstək verilir: "Buna Fransa mediasını, bir sıra aparıcı Avropa media quruluşlarını misal çəkmək olar. Belə bir yanaşma isə ilk növbədə ona görə təəssüf doğurur ki, jurnalistikanın dəyərlərinə, prinsiplərinə, fəlsəfəsinə ziddir. Jurnalistika heç bir halda ictimai rəyi yanlış istiqamətə yönləndirə bilməz. Ermənistan isə həmişəki kimi baş verən proseslərlə bağlı manipulyasiya edərək, yanlış məlumatlar ötürərək beynəlxalq rəyi yanlış istiqamətə yönləndirmək və eyni zamanda yanlış fikir formalaşdırmaq üçün beynəlxalq mediadan istifadə etməkdədir".

V.Zifəroğlunun sözlərinə görə, başqa bir məqam isə ondan ibarətdir ki, bu eyni zamanda beynəlxalq jurnalistikanın norma və prinsiplərinə ziddir: "Bu mənada biz tam mənası ilə deyə bilərik ki, Ermənistanın bizə qarşı apardığı informasiya müharibəsi artıq yeni müstəviyə keçib. Bu müstəvi mövcud reallıqları təhrif etməklə qarşıda Ermənistanın özünün planlaşdırdığı təxribatlara bəraət vermək üçün ictimai rəyi yanlış istiqamətə yönləndirmək və onları yanıltmağa yönəlib".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə