Zəfər seçkisi: Xalq – rəhbər vəhdəti

Azərbaycan 1990-cı illərdən başlayaraq azadlıq yollarının başlanğıcına qədəm qoydu. Ağır, çətin, əzablı yollarla üzü aydınlığa, firavanlığa doğru addımlamağa başladı. Xalqımızın taleyində elə günlər oldu ki, olum-ölüm dileması qarşısında qaldı, sabahının necə olacağını, gələcək nəsillərin necə, harada yaşayacağının qorxusu və fikri ilə ümidsiz halda əlləri ulu tanrıya sarı. Lakin çətin və ümidsiz bir zamanı yaşayan xalq nicat yolunu tapdı. Bəlkə bu da xalqımızın taleyinə yazılmış bir yazı idi. 1993-cü il xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyev Bakıya dəvət edildi və həmin o günlərdən sonra nicat yolunu tapdıq. Bu illər ərzində Azərbaycan Ümummilli liderin gərgin əməyi sayəsində dirçəldi, hər bir sahədə ciddi irəliləyişlər baş verdi.

Azərbaycan Ulu öndər Heydər Əliyevin zəhməti, zəkası, müdrikliyi və bacarıqlı siyasəti nəticəsində böhranlı, çətin günləri arxada qoydu. İllər sonra da dahi rəhbər qurub yaratdığı Azərbaycanın taleyinin xoşbəxtliyi naminə fədakar lider kimi tarixə imzasını atdı. Min bir əziyyətlə, böyük sevgi ilə və ən əsası vətəndaşlıq hisslərinin ən ali zirvəsinin fəthi ilə dirçəltdiyi, qurduğu Azərbaycanı sadiq vətəndaşlara, vətənin mənafeyini hər şeydən uca tutan ədalətli rəhbərə güvəndi. Bu yolda xalqın arzu və istəklərinin reallaşmasında layiqli davamçısı İlham Əliyevin üzərinə ağır bir məsuliyyət qoydu: Azərbaycan və xalqımızın taleyi qədər böyük məsuliyyət.

2003-cü il 15 oktyabr tarixində xalq Ümummilli liderin qurub-yaratdığı yeni Azərbaycanın azadlığı, xoş rifahı naminə prezident seçkilərində Heydər Əliyev kursunun layiqli davamçısı İlham Əliyevə yekdilliklə səs verdi. İlham Əliyev prezident seçildiyi ilk gündən verdiyi vədə sadiq qalaraq 44 günlük Vətən müharibəsi dövründə torpaqlarımızın azad olunmasına müvəffəq oldu, Azərbaycanın daha da çiçəklənməsinə, böyük uğurlar əldə etməsinə imza atdı. Reallıq göz qarşısındadır. Azərbaycanın uğurlu siyasətinin nəticəsidir ki, müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə sürətli abadlıq işləri aparıldı, məcburi köçkünlər dədə-baba torpaqlarına qayıtdı və bu gün bu proses mərhələli şəkildə davam edir. Bu gün Azərbaycanın hər bölgəsində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə inkişaf sürətli şəkil alıb, infrastruktur genişlənib, bir sözlə Azərbaycan iqtisadiyyatı güclü bir dövlət kimi dünya arenasında özünəməxsus yer tutur. Bütün bunları xalq böyük sevgi və çoşğu ilə alqışlayır. Xalqın rəhbərinə qarşı sevgi və məhəbbətinin ümumi böyüklüyünü, yenilməzliyini, lideri ilə hər zaman vəhdətdə olacağının ifadəsinin təsdiqi olaraq 7 fevral 2024-cü il tarixində tarixə imza atdı. Əslində bu səsvermə 44 günlük müharibdən sonra xalqın İlham Əliyevə qarşı olan sevgisinin bariz nümunəsi oldu. Xalq bu yolla rəhbərinə qarşı olan sonsuz sevgisini və onun dəmir yumruğu ətrafında daim sıx birləşəcəyini bir daha nümayiş etdirdi.

Bununla da azad və şəffaf mühitdə müasir sivilizasiyanın nailiyyətləri sırasında xalqın iradəsinə əsaslanan səsvermədə xalq layiqli rəhbərini, qalib xalqın qalib prezidentini seçdi. Güclü, demokratik Azərbaycan dövlətinin azad fikirli vətəndaşları yaradılmış hüquqi bazadan və onlara verilmiş hüquqlarından istifadə edərək 07 fevral 2024-cü il tarixində iradələrini azad şəkildə ifadə etdilər. Xalq İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində bəyan etdiyi platformaya sadiq qaldığını, xalqa verdiyi bütün vədlərin yerinə yetirdiyini, işğal altındakı torpaqlarımızı azad etməklə xalqımıza böyük qürur, sevinc hissini yaşatdığı reallığı ilə bu seçkilərdə dövlət başçısına olan məhəbbətini, rəğbətini bir daha bildirdi. İlham Əliyev demokratik, tolerant, müstəqil dövlətin rəhbəri kimi dini, etnik, sosial və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir ölkə vətəndaşının prezidenti oldu. Bu Zəfər seçkisi ilə bir daha dünyaya xalqımızın qüdrətini, gücünü, birliyini rəhbər-xalq vəhdətini nümayiş etdirdik. Qalib ölkənin vətəndaşı, Qalib xalqın prezidenti kimi dünyaya bir daha tanındı. Yaşadığımız bütün çətinlikləri arxada qoyduq, xalqımıza, dövlətimizə qarşı ədalətsizliklərə İlham Əliyev bir rəhbər kimi son qoydu. Rəhbərimizin qətiyyəti, illərlə xalqımızı əzən bir çox xarici dövlətlərin “ikili standartlar” siyasətinə, onların qərəzli çıxışlarına tutarlı cavabları ümumilikdə xalqın ürəyindən gələn ifadələr, bütün baş verənlərə umumxalq səsimiz oldu bu səsvermə. Ümumiyyətlə İlham Əliyevin həyata keçirdiyi siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Məhz onun səmərəli, düşünülmüş siyasəti nəticəsində Azərbaycan uğurla irəliləməkdədir və bu gün ölkəmiz qısa müddətdə dünyada tolerantlıq məkanı, multikultural mədəniyyətə sahib sivilizasiyalararası dialoq məkanı kimi tanındı.

2024-cü il fevralın 7-də keçirilən prezident seçkiləri ilk dəfə olaraq Azərbaycanın hər bir guşəsində, o cümlədən 30 illik işğaldan azad edilmiş torpaqlarımızda keçirildi. Xalq öz rəhbərini seçdi, İlham Əliyev inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildi. Bu qələbə xalqın öz liderinə sonsuz sevgisini, sarsılmaz inamını, rəğbətini göstərməklə yanaşı son iyirmi ildə görülən işlərə, qazanılan uğurlara verdiyi böyük dəyərin təntənəsidir deyərdim. Bununla da Azərbaycan xalqı səsini İlham Əliyevə verməklə, Ulu öndər Heydər Əliyev ideyalarına sədaqətini və sadiqliyini nümayiş etdirdi.

Beləliklə 14 fevral 2024-cü il tarixində xalqın səsi ilə seçilmiş etibarlı, güvənilmiş lider Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə
mərasimi həyata keçirildi. Bu həm də xalqın ürəyinin səsi, etimadının açıq etirafı idi ki, ölkə başçısı ümumi xalqın sevgisinə layiqli cavab verdi.

Prezident əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”; Prezident əlini müqəddəs “Qurani-Şərif”ə basaraq and içdi: “Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam".

Azərbaycan xalqı iyirmi ildən çoxdur ki, Prezident İlham Əliyevə öz dəstəyini göstərir. Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə seçiləndə xalqı əmin etmişdir ki, qarşıda duran bütün vəzifələri icra edəcəkdir və real nəticə gözümüz önündədir. Bu illər xalqla birlikdə keçən bir ömür, uğurlarla dolu və ən nəhayət qələbələrlə dolu illər olmuşdur. Çətinliklər, keşməkeşlər, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. Çünki xalq rəhbərinə inanırdı, güvənirdi. Bu inamın, güvənin gücüdür ki, Azərbaycan xalqı rəhbəri ilə birlikdə bütün çətinliklərə sinə gərdi. Və bu gün rəhbərin xalq, vətən üçün, dövlətimizin firavan gələcəyi üçün göstərdiyi fədakarlıqlar və düşünülmüş siyasətinin müsbət nəticəsidir ki, xalq yenidən İlham Əliyevlə birlikdə addımlamaq üçün, Azərbaycanın daha da uğurlar əldə etməsi üçün birliyini, vəhdətini nümayiş etdirdi.

Dövlət başçısı İlham Əliyev çıxışında əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqı və onun vahid amal ətrafında birləşmə bacarığını qiymətləndirmişdir. Xalqımızın doğrudan da bütün dünyaya böyük xalq olaraq taleyini özü həll etdiyini, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll etdiyini bir daha vurğulamışdır. Əlbəttə budur birlik, vəhdət və rəhbərin ətrafında sıx birləşmə. Xalqımız 7 fevral 2024-cü il tarixində bütün dünyaya bunu bir daha nümayiş etdirdi.

Bir sözlə, 7 fevral seçkisi xalqın rəhbərinə qarşı etimadının, rəğbətinin, inamının və ən əsası sonsuz sevgisinin təzahürü, ilk Zəfər seçkisi və xalq-rəhbər vəhdətinin bariz nümunəsinin təcəssümüdür.

Bəxtiyar Vəliyev

Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə