"Kadr siyasəti ilə bərabər dövlətin mexanizmləri qurulur" - RƏYLƏR
AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn deyib ki, “Ümumiyyətlə, Azərbaycan kimi ölkələrdə kadr dəyişikliyi heç nəyi dəyişmir. Neqativ ənənələr yerində qalır”. SİA mövzu ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə və politoloq Oqtay Qasımovun fikrini alıb.
A.Əlizadə bildirib ki, ölkədə xüsusilə siyasi sahədə islahatlara gedilməlidir: “Bunu Azərbaycan Prezidenti özü də bir müddət əvvəl elan edib. Prezident bildirib ki, yeni hədəflərə istiqamətlənən islahatlara ehtiyac var. Amma ayrı-ayrı funksionerlərin bu məsələ ilə bağlı özlərinə uyğun formada münasibət bildirməsi, məsələləri başqa yönə çəkməsi doğru deyil. İstənilən halda isə ölkədaxili problemlərin həlli istiqamətində addımların atılması üçün mütləq mənada bir çox islahatlara ehtiyac var. Xüsusilə də siyasi və məhkəmə-hüquq və sosial-iqtisadi məsələlərin tənzimlənməsi istiqamətində islahatlar edilməlidir”.
O.Qasımov qeyd edib ki, kadr siyasəti davamlı şəkildə aparılan siyasətdir. Kadr siyasəti ilə bərabər dövlətin mexanizmləri qurulur: “Bu mexanizmlər üzərində kadrların təyinatı həyata keçirilir. Burada bir neçə önəmli məqam əsas götürülməlidir. Təyin olunan kadrların peşəkarlığı və onların hazırlıq səviyyəsi. İkincisi dövlət institutlarının oturuşması məsələsidir ki, bunlar öz həllini tapmalıdır. Təbii ki, bunlar qanunun alilik prinsipləri və ciddi nəzarət olandan sonra bu məsələlər öz həllini tapır. Bu baxımdan kadrlar məsələlərə ciddi şəkildə təsir edən amildir. Diqqət etsək görərik ki, bir çox dövlət qurumlarında rəhbərlərin fəaliyyətlərində şikayətlər az yaxud çox olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB