Azərbaycan-NATO tərəfdaşlığının uzun tarixi var – DEPUTATIN ŞƏRHİ

Azərbaycan-NATO tərəfdaşlığının uzun tarixi var – DEPUTATIN ŞƏRHİ

“NATO-nun baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza səfərinə Azərbaycandan başlamasının səbəbləri var. Əvvəla qeyd edək ki, Azərbaycan regionun ən iri və güclü dövlətidir, baş katibin səfərinə Azərbaycandan başlaması ilk öncə NATO-nu maraqlandıran məsələlərin əvvəlcə rəsmi Bakı ilə razılaşdırılmasıdır. Azərbaycan regional gücdür və elə bir layihə yoxdur ki, onun iradəsindən kənarda reallaşdırılsın. Digər regional ölkələrə gəldikdə isə onların gedən proseslərə bir o qədər də təsir imkanları yoxdur. Cənab Stoltenberq Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra xarici işlər və müdafiə nazirləri Ceyhun Bayramov və Zakir Həsənovla görüşdü. Daha sonra Stoltenberq Tbilisiyə, oradan isə İrəvana getdi”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşündə dialoqun uğurlu olduğu bildirilib: “Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Azərbaycanla NATO arasında hərbi, strateji münasibətlər hələ 1994-cü ilin may ayında yaradılıb. O vaxtdan bu günədək bu əlaqələr yüksələn xətlə inkişaf edir və genişlənir. 1994-cü ildə Şimali Atlantika Şurası nəzdində "Sülh Naminə Tərəfdaşlıq" Proqramının qəbul edilməsi ölkəmizin həyatında tarixi bir hadisəyə çevrildi. Ümummilli liderimiz Heydər Əliyev həmin ilin 3-4 may tarixlərində Belçikaya rəsmi səfəri zamanı NATO-nun Brüsseldəki mənzil-qərargahında NATO "Sülh Naminə Tərəfdaşlın" proqramının Çərçivə sənədinə imza atdı. Prezident İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşündə də qeyd edib ki, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Tərəfdaşlığımız müsbət olub. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir. Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr vermişdir. Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk. NATO-nun baş katibi isə vurğulayıb ki, Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır və uzun illərdir bir yerdə çalışırıq. Əfqanıstanda missiyamıza uzun illər Azərbaycanın verdiyi töhfə çox vacib idi. Əfqanıstanı tərk edən ən sonuncu qüvvələrdən biri Azərbaycan hərbçiləri olub”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə