Azərbaycandakı prezident seçkiləri dünya mətbuatında...

Azərbaycandakı prezident seçkiləri dünya mətbuatında...

Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri beynəlxalq mətbuatın diqqət mərkəzindədir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, dünyanın aparıcı mətbu orqanları məqalə, reportaj yayımlayaraq və məntəqələrdən canlı yayımlar edərək oxucularını şəffaf və demokratik şəraitdə keçən səsvermə prosesi barədə məlumatlandırır. Materiallarda ölkədəki seçkiöncəsi siyasi-iqtisadi vəziyyət və növbədənkənar seçkiləri şərtləndirən amillər, səsvermə prosesinin gedişi, nəticələri, seçkinin ölkəmizin və regionun gələcəyinə təsir imkanlarına dair fikirlər yer alıb.

“Associated Press” agentliyi seçicilərin fəallıqla səs verdiyi seçki məntəqələrindən birində canlı yayım təqdim edib. Canlı yayımda seçki prosesinin maneəsiz və sərbəst şəkildə davam etdiyi qeyd olunub. Agentliyin digər məqaləsində bildirilib ki, ötən ilin sentyabrında Azərbaycanın Qarabağ regionunda ildırımsürətli proseslərdən sonra Azərbaycan Prezidentinin ölkədə nüfuzu ən yüksək səviyyədədir. Növbədənkənar seçkilər isə ölkənin bütün ərazisi üzərində artıq tam nəzarətə malik Azərbaycanda yeni eranın başlanğıcıdır.

Ərəbdilli mediada - Suriyanın SANA, Liviyanın LANA, Misirin MENA informasiya agentlikləri, həmçinin Misirin “Əl Əhram”, “Dustur”, “Əl-Qahirə” qəzetləri, Birləşmiş Ərəb Əmirliklərinin “Əl Xalic” və “Gulf365” portalları, Əlcəzairin “Şuruq” nəşri Azərbaycanın paytaxtı Bakıda və bölgələrdə keçirilən səsvermə barədə xəbər və reportajlar dərc ediblər. Ərəb ölkələrinin ictimaiyyətinin diqqətinə çatdırılıb ki, səsvermə prosesində Azərbaycan vətəndaşlarının yüksək fəallığı qeydə alınıb, həmçinin beynəlxalq və yerli müşahidəçilər, nüfuzlu media təşkilatlarının nümayəndələri növbədənkənar prezident seçkilərinin gedişini izləyirlər.

Növbədənkənar prezident seçkilərinin region üçün əhəmiyyətini diqqətə çatdıran ərəb mediası vurğulayıb ki, Azərbaycanın müasir tarixində ilk dəfə ölkənin bütün ərazisində səsvermə keçirilir. 2020-ci ildəki 44 günlük müharibə və ötən il aparılan antiterror tədbirlərindən sonra erməni işğalından azad edilmiş ərazilərdə seçki məntəqələri yaradılıb və vətəndaşlar bu bölgələrdə səsvermə prosesində yüksək fəallıq nümayiş etdirirlər.

İtaliyanın “askanews“ portalı “exit-poll”un nəticələrindən bəhs edib və bildirib ki, dövlət başçısı İlham Əliyev ilkin nəticələrə görə, 93,9 faiz səslə parlaq qələbə qazanıb. Qeyd edilib ki, “exit-poll”un nəticələri seçkilərdən əvvəl aparılmış ictimai sorğuların nəticələri ilə üst-üstə düşüb və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra seçicilərin İlham Əliyevə geniş dəstək verdiyini göstərir.

Ukraynanın mətbu orqanları “Ukrinform”, UNİAN informasiya agentliklərində Azərbaycanda keçirilən seçkilərlə bağlı materiallar dərc edilib və seçkilərin ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazilərində keçirilməsi xüsusi vurğulanıb.

Rusiyanın “Birinci kanal” federal televiziya kanalında Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri barədə reportaj yayımlanıb. Reportajda seçki məntəqələrində fəallığın yüksək olduğu, ilk bir neçə saat ərzində seçicilərin 20 faizinin səs verdiyi, günün sonuna qədər isə rekord səviyyəyə qalxmasının gözlənildiyi bildirilib. Xüsusi vurğulanıb ki, seçici fəallığının yüksək olması, ilk növbədə, Qarabağın geri qaytarılması ilə əlaqədardır. Məhz bu bölgədəki seçki məntəqələrindən birində ölkənin hazırkı lideri İlham Əliyevə səs verib.

Bu ölkənin “Vestnik Kavkaza“ saytında növbədənkənar prezident seçkilərinin seçicilərin qeyri-adi fəallığı ilə Azərbaycan tarixinə düşəcəyi qeyd edilir və bu fakt seçkilərin baş tutduğu unikal tarixi şərait və ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində keçirilməsi ilə əlaqələndirilir. Rusiyalı politoloq Sergey Markov sayta verdiyi açıqlamada dövlət başçısı İlham Əliyevin populyarlığının daha da artması fonunda seçici fəallığının sensasiyalı nəticəni proqnozlaşdırmağa əsas verdiyini bildirib. Onun sözlərinə görə, hazırkı dövlət başçısının seçkilərdə qələbə qazanması ilə dövlətin yaxşı işlənib hazırlanmış səmərəli siyasəti olduğu kimi davam etdiriləcək.

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri Belarus mətbuatında da geniş işıqlandırılıb. “BELTA” dövlət informasiya agentliyi və “Belarus Seqodnya” nəşri Azərbaycanda keçirilən seçkilərlə bağlı silsilə məqalələr yayımlayıb. Yazılarda seçkilərin ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazisində keçirilməsi xüsusi vurğulanıb. Həmçinin səsvermənin yekunu, “exit-poll”un nəticələri, Prezident İlham Əliyevin yenidən böyük səs çoxluğu ilə qələbə çalması barədə məlumat verilib, beynəlxalq müşahidəçilərin seçkilərə dair müsbət fikirləri diqqətə çatdırılıb.

Gürcüstanın geniş oxucu kütləsinə malik “interpressnews.ge”, “qafqazturk.com”, “aktual.ge”, “realnews.ge”, “24news.ge” informasiya portalları, “1tv.ge” televiziya kanalı, “marneulifm.ge” radiosu səsvermənin başlaması ilə bağlı məlumatlar yayıb. Azərbaycan, gürcü, rus və ingilis dillərində dərc olunan materiallarda əsasən səsvermənin başlaması barədə məlumat verilib. Eyni zamanda, seçkilərin ilk dəfə müstəqil Azərbaycanın bütün ərazilərində keçirilməsi diqqəti çəkən əsas məqam kimi təqdim olunub.

Qazaxıstanın “Kazinform” xəbər agentliyi, “Tengrinews”, “lada.kz”, “azattyq-ruhy.kz” portalları növbədənkənar seçkilər və onların gedişatı barədə məlumatlar yayıb. Qeyd edilib ki, 190 beynəlxalq media təşkilatının nümayəndələri Azərbaycandakı seçkiləri izləyirlər.

Pakistanın “The Express Tribune”, “Daily Times”, “DND” media orqanlarında yayılan xəbərlərdə növbədənkənar prezident seçkilərinin Azərbaycanda yeni dövrün başlanmasına dəlalət etdiyi, ərazi bütövlüyünün və suverenliyin tam bərpasından sonra ilk dəfə bütün ölkə ərazisini əhatə edən seçkilərdə vətəndaşların fəal iştirak etdikləri diqqətə çatdırılıb. Qeyd edilib ki, ölkə tarixində dönüş nöqtəsi olan və yeni mərhələnin başlanğıcı kimi səciyyələndirilən bu dövrdə seçkilərin keçirilməsi bir növ çağırış rolunu oynayır. İşğaldan azad olunmuş ərazilərdə seçkilərin baş tutması isə ölkədə milli birlik istəyinin və həmin ərazilərin ölkənin siyasi-inzibati strukturuna tam inteqrasiyasının bariz təcəssümüdür.

Məqalələrdə bir sıra xarici ölkə və beynəlxalq təşkilatın Azərbaycana qarşı ədalətsiz mövqeyi, ölkənin uğurlarını qəbul edə bilməməsi, siyasi və diplomatik manevrlərlə əsassız ittihamlara əl atmasına da toxunulub. Bununla belə son 20 ildə Azərbaycanın real uğurlarını əks etdirən danılmaz göstəricilərin də göz önündə olduğu diqqətə çatdırılıb. Bildirilib ki, 2003-cü ildən 2022-ci ilə qədər Azərbaycanın ümumi daxili məhsulu 7,3 milyard dollardan 78,7 milyard dollara yüksəlib, strateji valyuta ehtiyatları 1,4 milyard dollardan 66,1 milyard dollara çatıb, yaşayış səviyyəsi və əhalinin gəlirləri yüksəlib, yoxsulluğun aradan qaldırılması istiqamətində ciddi işlər görülüb.

Yazılarda qeyd edilib ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri ölkənin siyasi tarixində mühüm mərhələdir. İrəliləmək, daxili və beynəlxalq çağırışları həll etmək, eyni zamanda, son uğurlardan yararlanmaq Azərbaycanın gələcək üçün müəyyənləşdirdiyi inkişaf yolunda vacib məqamlar olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə