Xalqımız bu seçkilərə böyük Zəfərin təntənəsi ilə gəlib - (Reportaj)

Xalqımız bu seçkilərə böyük Zəfərin təntənəsi ilə gəlib - (Reportaj)

Bu gün Azərbaycanın bütün ərazilərində prezident seçkiləri ilə əlaqədar səsvermə başlayıb. Bu, Azərbaycan prezidenti postu uğrunda keçirilən IX rəsmi ümummilli seçkidir və prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq. 18 yaşı tamam olmuş şəxslər seçki məntəqələrinə yaxınlaşaraq səs verə bilərlər. Ölkədə 6 milyon 478 min 623 seçici var və 6 milyon 524 min 203 seçki bülleteni çap olunub.

Azərbaycanda 125 seçki dairəsi üzrə 6 319 seçki məntəqəsi var, onların 26-sı azad olunmuş ərazilərdə yerləşdirilib. Seçkilərdə 790 beynəlxalq müşahidəçi 49 beynəlxalq təşkilat və 70 ölkəni təmsil edir. Həmçinin, 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib. Eyni zamanda 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi iştirak edir. Veb-kameralar bu gün saat 07:30-da işə salınıb və seçki məntəqəsində bütün proseslər bitənə qədər onlayn şəkildə fəaliyyət göstərəcək.

76 saylı Lənkəran-Masallı seçki dairəsinin Lənkəran rayonunun Sinovli kəndində təşkil olunmuş 37 saylı seçki məntəqəsi də seçicilərin ən fəal olduğu yerlərdəndir. Bəs seçicilər bu barədə nə deyir:

Zəhra Hüseynova Bakı Dövlət Universitetinin hüquq fakultəsinin tələbəsi:
- Bu gün mənim həyatımda ən unudulmaz hadisə baş verir. İlk dəfə səs vermək hüququna malikəm. Özüm Bakı Dövlət Universitetinin hüquq fakültəsinin birinci kurs tələbəsiyəm. Xalqıma, Vətənimə hüquqi müstəvidə fayda verməyi, müqəddəs qanunlarımızın keşiyində durmağı və bu qanunları həyata ədalətlə tətbiq etməyi qarşıma məqsəd qoymuşam. Bu günkü növbədənkənar prezident seçkiləri öz mahiyyətinə görə heç də əvvəlki seçkilərə bənzəmir. Çünki xalqımız bu seçkilərə böyük zəfərin təntənəsi ilə gəlib. Yəni, 30 il işğalda qalan torpaqlarımız artıq doğma Vətən torpağına qovuşub. Elə buna görə də bu ilki növbədənkənar prezident seçkilərində iştirak etməyə görə özümü çox xoşbəxt və qürurlu hesab edirəm. Xoşbəxtəm ona görə ki, qalib xalqın, qalib Vətənin bir gənc vətəndaşı kimi ilk dəfə səs verirəm. Mən daha işıqlı gələcəyimizə, firavan həyatımıza, uğurlu illərimizə və ölkəmizin daha coşqun tərəqqisinə səs verirəm.

Tuğra Həbibova Əmək veteranı:

- Mənim hazırda 82 yaşım var. Yaşıma görə çox seçkilərdə iştirak etmiş və haqq-ədalətə səs vermişəm. Çox uşaqlı anayam. Övladlarım Bakıda, Rusiyada və Lənkəranda yaşayırlar. Onlara bir ana kimi çağırış edərək demişəm ki, hər kəs öz yerində səs versinlər. Ailəmizdə həmişə Ulu öndərə, onun layiqli varisi, Qarabağın fatehi Ali Baş Komandan Cənab İlham Əliyevə böyük sevgi olub. Fürsətdən istifadə edərək bütün anaları, bacıları məntəqələrə gedib istədiyi namizədə səs verməyə çağırmışam. Çünki bu seçki həm də qalib bir xalqın böyük qələbə seçkisidir. Şəhidlərimizin ruhu şad olsun! Qoy analar, bacılar bir daha gözüyaşlı olmasın!

Subhi Qənbərov Şəhid atası:

- Mən bu gün növbədənkənar prezident seçkilərində iştirakıma görə bir şəhid atası kimi çox qürurluyam. Çünki oğlum II Qarabağ müharibəsində Vətən yolunda canından keçərək, şəhidlik zirvəsinə ucalıb. Məlum olduğu kimi, bu günkü seçki böyük qələbədən sonra xalqımızın ictimai-siyasi həyatında ilk unudulmaz hadisədir. Elə buna görə də seçki məntəqələrinə böyük axın görürəm. Bu da təsadüfi deyil. Çünki hamımızın üzündən məğlubiyyət ləkəsi silinib. Hər kəsin qalib ölkənin vətəndaşı kimi öz başını uca tutmağa haqqı var. Bu sevinci isə bizə müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və qəhrəman Azərbaycan əsgəri bəxş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə