"Peşəkar kadrların təyin edilməsinin şahidi olmaqdayıq" - ŞƏRH EDİLDİ

"Peşəkar kadrların təyin edilməsinin şahidi olmaqdayıq" - ŞƏRH EDİLDİ

"Cənab İlham Əliyev 2003-cü ilk dəfə Azərbaycan Respublikasının prezidenti seçildikdən sonra ötən müddət ərzində davamlı şəkildə özünəməxsus, praqmatik, kifayət qədər effektli və hətta bəzən müsbət mənada radikal kadr siyasəti həyata keçirib. Xüsusilə ona diqqət yetirmək lazımdır ki, hakimiyyət daxilində vaxtı ilə müəyyən qruplaşmalar yaratmış iri məmur-oliqarxların əksəri ilk mərhələdə idarəetmədən uzaqlaşdırıldılar. Həmçinin, korrupsiya, rüşvət mexanizmləri qurmuş məmurlar tutduqları postlardna kənarlaşdırıldılar və onların əksəri sərt şəkildə cəzalandırıldı. Təbii, kadr siyasəti idarəetmədə ən mürəkkəb və həm də həssas məsələdir. Bəzi məmurlar vardı ki, özləri haqda “toxunulmaz” imici yaratmışdılar". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.

Elşad Məmmədli sözlərinə belə davam edib: "Ancaq Prezident bəyan etdi və kadr siyasəti ilə təsdiq etdi ki, toxunulmaz adam yoxdur, hər kəs etdiyi əmələ görə cavab verəcək.

Vəzifələrə yeni təyin edilən kadrların əksəri müsbət reputasiyaya malik şəxslərdir. Düzdür, biz zaman-zaman onun da şahidi olduq ki, etimad göstərilmiş məmurların bəziləri özlərini doğrultmadılar, sələflərinin yolu ilə getdilər və onlar da cəzalandırıldılar.

Xüsusilə yerlərdə vətəndaşların başına oyunlar açan, özlərini “kiçik padşah” kimi aparan xeyli sayda icra başçısı həbs edildi. Bu həbslər nazirliklərdə də apardı. Nazirin özü, komandası, müavinləri, idarə rəhbərləri də daxil xeyli vəzifəli şəxs qanunsuz əməllərinə görə ciddi şəkildə cəzalandırldı, oğurladıqları vəsaitlər müsadirə olundu, büdcəyə qaytarıldı.

Vəzifələrə əsasən reputasiyası təmiz, savadlı, peşəkar kadrların təyin edilməsinin şahidi olmaqdayıq. Əlbəttə, hələ də işinin öhdəsindən layiqincə gəlməyən, cəzalandırılan məmurların aqibətindən nəticə çıxarmayan, bürokratiya yaradan, yerində olmayan məmurlar da var. Onların da dövranına az qalıb: 7 fevral Prezident seçkisindən sonra ölkədə kadr islahatlarının tam yeni bir mərhələsi başlayacaq. Bu köklü islahatların qısa zamanda şahidi olacağıq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə