ABŞ İranla müharibəyə başlasa regionda NƏ BAŞ VERƏ BİLƏR? - ŞƏRH EDİLDİ

ABŞ İranla müharibəyə başlasa regionda NƏ BAŞ VERƏ BİLƏR? - ŞƏRH EDİLDİ

Son zamanlar İranın dəstəklədiyi husilər və ABŞ arasında qızğın döyüşlər gedir. İran artıq İraqla sərhəddə ağır texnika və raket toplamağa başlayıb. Üçüncü dünya müharibəsi ABŞ və İran arasında başlaya bilərmi? SİA mövzu ilə bağlı siyasi şərhçi Zərdüşt Əlizadənin fikrini öyrənib.

Onun sözlərinə görə, bu gün İran 20-ci, Amerika Birləşmiş Ştatları 1-ci yerdədir, dünya müharibəsi başlanması üçün dünya sıralamasında birinci olan dövlətlə 20-ci olan dövlət arasında müharibə kifayət etmir: “Dünya müharibəsi başlaması üçün dövlətlər və ya dövlətlər birliyinin müharibə aparması lazımdır. ABŞ İrana hücum etsə, İran qarşılıq versə yanında kim olacaq? Hizbullah, Husilər, İraq şiələri, şiə təşkilatları olacaq. İranın müttəfiqi yoxdur, odur ki, dünya müharibəsi olmayacaq. Amma ABŞ İrana asanlıqla qalib gələ bilməyəcək. Çünki İran döyüşməyi, özünü müdafiə etməyi bacaran dövlətdir. Müharibə olarsa İran qalib gələ bilməyəcək, məğlub olacaq. Amma İranın işğalından söhbət belə gedə bilməz. ABŞ-nin İranın işğal edəcək qüdrəti yoxdur, İran İraq deyil”.

Z.Əlizadə bildirib ki, nə İrana, nə də ABŞ-yə genişmiqyaslı müharibə lazım deyil: “Belə genişmiqyaslı müharibə bunu başlayan tərəf üçün ağır nəticələr verə bilər. Çalışacaqlar ki, biraz hədə-qorxu gəlsinlər, qüvvələrdən istifadə etsinlər. Amma genişmiqyaslı müharibəyə getməyəcəklər, hər halda mən buna ümid edirəm. Vaxtilə deyirdik ki, Putin Ukraynaya hücum etməyəcək, hücum etsə dəlidir. Hücum etdi, indi ağır vəziyyətə düşüb, böyük itkilər verib, təcrid olunub. Demək ki, ağıllı deyil, dəlidir. İndi ABŞ də belə müharibəyə başlasa demək o da ağılsızdır. İran özü başlamayacaq, ona genişmiqyaslı müharibə lazım deyil. Amma İran sataşana da cavab verir və cəsarəti çatır ki, vursun”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə