"Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi" MÜSAHİBƏ

"Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi" MÜSAHİBƏ

Müsahibimiz Əməkdar mədəniyyət işçisi, yazıçı-dramaturq Marat Haqverdiyevdir.

Cəmiyyətdə mövqeyi, bədii-yaradıcı təfəkkürü ilə seçilən insanların ömür yoluna salınan naxışlar onların həyat fəlsəfəsi, görüşləri ilə bağlı çox həqiqətlərə aydınlıq gətirir. Ziyalı işığı ilə xeyirxah əməlləri ömür yolunun tərcümanına həkk olunanlar yüksək intellekti, istedadları ilə də cəmiyyətdə öz sözlərini deyərək milyonların sevgisini qazanırlar. Neçə onillikləri yaradıcılıq qələminə sarılaraq fədaiyə çevrilən, Azərbaycan ədəbiyyatı xəzinəsinin zənginləşməsinə töhfələr verən ziyalılardan biri də nəfəsi, dəsti-xətti ilə seçilən Əməkdar mədəniyyət işçisi, yazıçı-dramaturq Marat Haqverdiyevin özünəməxsus tərcümeyi-halından keçdiyi ömür yolunu vərəqləyərkən oxuyuruq: Böyük şəcərənin nümayəndəsi olan Marat Haqverdiyev mənən zəngin ailənin ocağında boya-başa çatıb. Belə ki, atası Azərbaycan və Türkmənistanın əməkdar artisti Xanlar Haqverdiyev və anası Cahan Əfruz (Dilanova) şairə-dramaturq olub. Lirik-dramatik tenor səs tembrinə malik olan Xanlar Haqverdiyev Məcnun, İbn Salam ("Leyli və Məcnun" - Ü.Hacıbəyli), Kərəm ("Əsli və Kərəm" - Ü.Hacıbəyli), Şah İsmayıl, Əlyar ("Şah İsmayıl", "Nərgiz" - M.Maqomayev), Qərib ("Aşıq Qərib" - Z.Hacıbəyli), Aşıq ("Şahsənəm" - R.Qlier) və s. partiyaları məharətlə ifa etmişdir.

Anası Cahan Əfruz (Dilanova) şairə-dramaturq kimi tanınmışdır. "Şeirlər", "Dağlar", "İki ana", "Sevgi sətirləri", "İki bayram" kitabları rus, ispan, türkmən, hind dillərinə tərcümə olunub. Cahan Əfruzun "Qanqın böyük dalğası", "Tahirin aqibəti" və başqa əsərləri 70-ci illərdə Moskvada səhnələşdirilib. Onun "İlham pərisi", "Gəldim ki, deyəm sevirəm" faciəsi sonralar Azərbaycan səhnəsində və başqa respublikaların səhnəsində dəfələrlə tamaşaya qoyulub. İki istedadlı sənətkarın əhatəsində boya-başa çatan Marat Haqverdiyev uşaqlıqdan rəssamlığa böyük maraq göstərsə də, orta məktəbi bitirərkən memar olmağa qərar verir. Arzusu onu 1956-cı ildə Azərbaycan Politexnik İnstitutuna gətirir və bu təhsil ocağının memarlıq fakültəsinə daxil olur. Amma incəsənətə olan marağını heç nə üstələyə bilməyir və institutun xalq çalğı alətləri ansamblı və estrada orkestrinin solisti kimi sovet respublikalarında qastrol səfərlərində olur. Ömrünün təxminən 40 ilini Mədəniyyət Nazirliyinin nəzdində Tarix və Mədəniyyət Abidələrinin Bərpası İdarəsində müxtəlif vəzifələrdə işləyib. Respublikanın tarix və mədəniyyət abidələrinin, o cümlədən Akademik Opera və Balet Teatrı, Rəşid Behbudov adına Mahnı Teatrı, muzeylər, məscidlər, mədrəsələr, qala və türbələrin bərpası ilə məşğul olub. Ötən əsrin 70-ci illərində ədəbiyyata tərcüməçi kimi gələn müəllif gənclik illərində anasının əsərlərini sətri tərcümə edib. Çox keçmir ki, yazıçı dram əsərlərinin, maraqlı ssenarilərin də müəllifi kimi tanınır. "Ailədə məhkəmə", "Məhəbbət, şeytan və lambada", "Məşuqələr", "Ah, qadınlar, qadınlar", "Qısqanc ürəklər", "Sənsiz yaşaya bilmərəm", "Məhəbbət əzabları", "Məhəbbət yaşa baxmır", "Amerikalı kürəkən" kimi sevilən pyesləri ilə sevgi qazanıb. Bütün bunlarla yanaşı, "Səninlə və sənsiz", "Səni gözləyirəm", "Jiquli əməliyyatı" kimi bədii televiziya filmlərinin ssenari müəllifidir.

Əsərləri Azərbaycan teatr səhnəsindən qardaş Türkiyə teatrlarına yol açır. Belə ki, müəllifin "Qısqanc ürəklər" komediyasını qardaş Türkiyədə İstanbul şəhəri Sarıyer bələdiyyə teatrının yaradıcı heyəti səhnəyə qoyur. 2000-ci ildə "Qısqanc ürəklər" tamaşasının premyerası "Çırağan" sarayında keçirilir və böyük uğurla başa çatır. Tamaşa dövrü mətbuat və televiziya kanalları tərəfindən bəyənilərək, Azərbaycan-Türkiyə mədəni əlaqələrinə dostluğuna və qardaşlığına gözəl bir töhfə kimi qiymətləndirilir. "Ah, qadınlar, qadınlar" əsəri təqdim edilir və hər iki əsər Türkiyənin bir çox teatrlarında - İstanbulun Çemberlitaş teatrı, Sarıyer bələdiyyə teatrı, Fatih Universitetinin teatrında səhnələşdirilir.Maraqlı bir yaradıcılıq yoluna malik olan Marat Haqverdiyevin "Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi" yaradıcılığının ən parlaq zirvəsidir və müsahibimizlə söhətimizi də bu mükəmməl əsərə nəzər salaraq başladıq.

- Marat müəllim, yaradıcılıq dünyanıza nəzər saldıqda görürük ki, bu, zamanın diktəsi ilə yoğrulmuş zəngin irsdir. Ölkəmizin ictimai-siyasi həyatının nəbzini tutur, zaman və sənətkar anlayışları baxımından buna yozumunuzu verirsiniz. Belə bir baxış çərçivəsində olan Marat Haqverdiyevin "Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi" kimi möhtəşəm bir əsərin yazılmasına qərar verməsinə səbəb nə idi ?

- Həmişə vətən və ədəbiyyat qarşısında borcumu yerinə yetirməyə çalışmışam. Ümumiyyətlə, Azərbaycanın mədəni, sosial-iqtisadi inkişafı bədii ədəbiyyatda təsvir olunmalı, bu hadisələr teatr səhnəsində öz həllini tapmalıdır. Yaradıcılığımın böyük bir hissəsi Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti ilə bağlıdır və qələmə aldığım "Qarabağ şikəstəsi" əsəri 1990-1993-cü illərdə respublikamızda baş verən ictimai-siyasi hadisələrə həsr edilib. "Qarabağ şikəstəsi" ssenarisində dahi siyasətçi, böyük şəxsiyyət Heydər Əliyevin Azərbaycanın ağır günlərində xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı, ölkənin xilası naminə tarixi xidmətlərindən, Qarabağ müharibəsindən, igid oğullarımızın ağır döyüş yollarından bəhs edilir. Əlbəttə ki, Qarabağ müharibəsində ermənilərin xalqımızın başına gətirdiyi fəlakətləri gələcək nəsillərə çatdırmaq missiyası tarixçilərlə yanaşı, yazıçıların, digər sənət adamlarının üzərinə düşür. Ümummilli Lider Heydər Əliyev haqqında ikinci əsərim "Fədakarlıq" adlanır. Əsər Sumqayıt Dövlət Dram Teatrında səhnələşdirildi və premyerası isə Akademik Milli Dram Teatrında uğurla keçirildi. "Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi" əsərimi isə yaradıcılığımın son zirvəsi adlandırıram. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş əsər Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisindən bəhs edir. Hər zaman dövrün axarında olan mövzuları yardıcılığıma gətirmək bir yazıçı, dramaturq olaraq həmişə qarşıma vəzifə qoymuşam və "Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi" müasir tariximizlə səsləşən uğurlu əsərlərimdəndir. Üçüncü dəfə Dahi Şəxsiyyət Heydər Əliyevlə bağlı mövzuya müraciət etməyimin səbəbi odur ki, Ulu Öndərin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi Azərbaycan tarixində misli görünməmiş nailiyyət idi. Ona görə də bu layihənin tarixi-siyasi qiymətini nəzərə alaraq, bədii həllini verməyə çalışmışam. Bu pyes Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisindən bəhs edir. Bu kəmərin işə düşməsi respublikamızın dinamik inkişafı, xalqımızın maddi rifahının yüksəlməsi deməkdir. Vaxtilə layihəyə əngəl olmağa çalışanlar da az olmadı. Lakin xalqımızın mənafeyini hər şeydən uca tutan Ulu Öndər Heydər Əliyev iradəli dövlət rəhbəri kimi siyasi-diplomatik məharət göstərərək əks tərəflərin bütün cəhdlərini boşa çıxardı. "Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi" dramını beş ilə yazmışam. Etiraf edim ki, heç bir əsərim üzərində bu qədər müddət ərizində işləməmişəm. Əsər 2014-cü ildə Gəncə Dövlət Dram Teatrında səhnələşdirildi. Tamaşanın sonunda monitor vasitəsilə müasir Azərbaycanın dünya arenasında qazandığı misilsiz nailiyyətləri, respublikamızın bugünkü inkişafı video-görüntü ilə nümayiş olundu.

- Marat müəllim, Heydər Əliyev adını daşıyan Bakı-Tbilisi-Ceyhan zəmanəmizin ən nəhəng mühəndis qurğusu hesab olunur. Onu hətta 21-ci əsrin möcüzəsi hesab edirlər. Sizcə, bu, doğrudanmı belədir?

- Mən kəmərə verilən qiymətlərlə tam razıyam, amma onu da qeyd etmək mütləq lazımdır ki, Ulu Öndər Heydər Əliyevin mübarizliyi uzaqgörənliyi və nüfuzu olmasaydı, Bakı-Tbilisi-Ceyhan da olmayacaqdır. Bunu deyən təkcə biz deyilik. Bütün dünya bu həqiqəti etiraf edib və təsdiqləyib. Bakıdan Ceyhana qədər keçilən çətin və şərəfli yol xalqımızın Dahi Oğlu və Ümummilli Lider Heydər Əliyevin parlaq və real neft strategiyasının qələbəsidir. Bu strategiyanın həyata keçirilməsi, respublikanın hərtərəfli dinamik inkişafı, nüfuz və mövqeyini beynəlxalq arenada möhkəmləndirilməsi milli təhzlükəsizliyin yüksək səviyyədə təmin olunması deməkdir. Bu gün bu strategiyanı möhtərəm Prezident İlham Əliyev uğurla davam etdirir. Qeyd edim ki, əsərin birinci variantı "Üç dəniz əfsanəsi" Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü il üçün təsdiq etdiyi repertuar planına salınır və əsərin hazırlanması Gəncə Dövlət Dram Teatrına həvalə olunur. Teatrın maddi və texniki bazası zəif, aktyorları az olduğundan əsəri səhnədə tam həcmdə əks etdirmək mümkün olmadı.

Azərbaycan Yazıçılar Birliynin "Literaturnı Azərbaycan " aylıq ədəbi bədii jurnalı "Üç dəniz əfsanəsi" ("Leqenda tryox morey") dram əsərini bəyənərək "Əsrin müqaviləsinin" 25 illiyi (Kontrakt Veqa-25) münasibəti ilə 2019-cu ilin oktyabrında tam həcmini çap etmişdir. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq "Üç dəniz əfsanəsi" əsəri üzərində əsaslı şəkildə işləyib onu "Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi" adlı daha mükəmməl dram əsəri və bədii film ssenarisinə çevirmişəm. Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun rəhbərlik etdiyi Azərəbaycandakı Atatürk Mərkəzi "Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi" əsərini bəyənmiş və əsər Elm və Təhsil Nəşriyyatı tərəfindən ayrıca kitab şəklində nəşr edilmişdir.Xatırladım ki, dünyada analoqu olmayan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin layihəsinin gerçəkləşməsi yolunda yaranan ciddi mane və problemlərin, terror və təxribatların aradan götürülməsi, müqəddəs dinimizə, milli-mənəvi dəyərlərimizə göstərilən daimi diqqət və qayğı, ölkəmizdə hökm sürən tolerantlıq, eləcə də çoxəsrlik tarixində özünün ən uğurlu və parlaq dövrünü yaşayan azad və müstəqil Azərbaycan həqiqətləri - Prezident İlham Əliyev və Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrinin inkişafında qazandığı misilsiz nailiyyətlər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən işğalda olan torpaqlarımızın azad olunması, Azərbaycan - Türkiyə dostluğu və qardaşlığı "Üç dəniz əfsanəsi" əsərinin yenidən əsaslı surətdə işlənmiş mövzusunu təşkil edir. Odur ki, əsər yenidən çapdan çıxır: "Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi".

- Maraqlıdır, Marat müəllim, siz hər dəfə bu möhtəşəm neft kəmərini uğurla başa çatan tikintisini xatırlayarkən onun diqqətçəkən panoramını nəzərdən keçirəndə müəllif kimi indi hansı hissləri keçirirsiniz?

- Olduqca xoşbəxt və fərəhləndirici. Ulu Öndərimiz Heydər Əliyevin möhtəşəm əsəri olan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri uğurla fəaliyyət göstərir. Ölkəmiz çiçəklənir və hərtərəfli dinamik inkişaf edir. Bu kəmər Azərbaycan-Gürcüstan-Türkiyə dostluq və əməkdaşlığının iş və amal birliyinin möhkəm təməlini təşkil edir və bu əməkdaşlıq təkcə Azərbaycan üçün deyil, eyni zamanda Qərbin və dünyanın bir sıra aparıcı dövlətlərinin enerji təhlükəsizlinin təmin olunması üçün böyük əhəmiyyət kəsb edir. Bakıdan Ceyhana axan ölkəmizin əsas sərvəti sayılan Xəzər nefti azad və müstəqil Azərbaycan dövlətinin adını və şöhrətini ölkələrdən- ölkələrə, ellərdən-ellərə yaymaqdadır. Dünya əhəmiyyətli bir neft kəmərinin başa çatdırılması Ulu Öndərimiz Heydər Əliyevin siyasətini böyük bacarıqla və qətiyyətlə həyata keçirən Azərbaycanın bugünkü Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində mümkün olmuşdu. Həyatının mənasını vətəninə və xalqına sədaqətlə xidmətdə görən möhtərəm Prezident İlham Əliyev xanımı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva ilə birlikdə respublikanın iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun durmadan artması, xalqımızın maddi rifahının yüksəlməsi və xoşbəxt gələcəyi naminə gecəli-gündüzlü yorulmadan çalışırlar.

Əsərin sonunda ekranda çoxəsrlik tarixində özünün ən uğurlu və parlaq dövrünü yaşayan bugünkü azad və müstəqil Azərbaycan həqiqətləri: -Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrinin dinamik inkişafında qazandığı misilsiz nailiyyətlər, Vətən müharibəsində rəşadətli ordumuzun, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ torpaqlarının işğaldan azad olunması sənədli kadrlarla canlanır.Əsər Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunmuş Zəfər Paradı və paradda Azərbaycan və Türkiyə Respublikasının prezidentlərinin fraqmentlərlə çıxışı sənədli kadrlarla nümayiş olunur və müəllifin aşağıdakı sözləri ilə sona çatır.

Ulu Öndər, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şah əsəri olan, bütün dünyada tanınmış tolerant və multikultural həyat tərzi yaşayan, gündən-günə daha sürətlə inkişaf edən, qüdrətlənən müasir və müstəqil Azərbaycan qardaş Türkiyə ilə birlikdə beynəlxalq aləmdə ən yüksək zirvələr fəth edəcək!

Azərbaycan-Türkiyə birlikdə ucalacaq!

Birlikdə bu dünyaya günəş kimi doğacaq!

- Göründüyü kimi, zəngin bir ömür yolunun müəllifisiniz. Bu yolda onilliklərin zəhməti və bəhrəsi var. Arzularınıza nəzər salmaq maraqlı olardı, Marat müəllim.

- Bütün xatirələrim mədəniyyətlə, sənətlə bağlıdır. Valideynlərimin sayəsində elə bir mühitdə böyüdüm ki, sonradan həyatım bütünlüklə bu sahə ilə bağlı oldu. Mən həmişə vətən, ədəbiyyat qarşısında borcumu yerinə yetirməyə çalışmışam. Qəti mövqeyi olan, ömrünün payız fəslini yaşayan 85 yaşlı bir yazıçı, bir vətəndaş kimi ən böyük arzum "Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi" əsərimi geniş yaradıcılıq imkanları olan paytaxt teatrlarının birində səhnələşdirilməsini və onun bədii film ssenarisini ekranda görməkdir.

Müsahibəni apardı:

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə