Din azadlığı yalnız xristianlıqla bağlıdırmı? - RİTORİK SUAL

Din azadlığı yalnız xristianlıqla bağlıdırmı? - RİTORİK SUAL

ABŞ-da Beynəlxalq Dini Etiqad Azadlığı Sammiti (IRF-2024) keçirilir. Nəticələrdən hələlik xəbərimiz yoxdur, yəni hədəfdə olan Azərbaycanı bu tədbirdə necə “cəzalandırıblar”, deyə bilmərik. Fakt budur ki, beynəlxalq sənədləri əzib keçməyə gücü çatmayan zavallı kütlə bu də məsələni dini müstəvidə həll etməyi düşünürlər. Hesab edirlər, daha doğrusu uydurduqları yalanın mahiyyəti budur ki, guya Qarabağdan kömən ermənilər məhz xristian olduqları üçün “öz doğma torpaqlarından qovulublar”. ABŞ-da keçirilən sammit bu məqsədlə tərtib olunub. Hədəfdəki Azərbaycandır.

Bundan bir müddət əvvəl ABŞ Senatı Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyasının sənədini yayaraq Azərbaycanı Qarabağda dini ayrıseçkilik törətməkdə suçlamışdı. Bəli, ABŞ Senatı əlində imkanlar ola-ola heç bir araşdırma aparmadan sadəcə bir beynəlxalq təşkilatın, həm də o təşkilatın ki, idarə heyətində təmsil olunanların əksəriyyəti erməni əsillidir, rəyini əsas götürərək başqa bir ölkəni törətmədiyi cinayətlərdə, dini ayrı-seçkilikdə ittiham edir. Bu, daha çox qondarma “erməni soyqırımı”nın tanınmasına bənzəyir.

Yaşanmayan hadisəni həqiqət kimi qəbul edən əksər dövlətlərin parlamentləri qardaş Türkiyənin təkliflərini də eşitmək istəmirlər. Niyə, hansı məntiqlə bir ölkəni törətmədiyi cinayətdə ittiham etmək olar. Almanların, bəli, məhz almanların 1933-cü ildən 1945-ci ilə qədər 9 milyona qədər yəhudini məhv etmələri uzunmüddətli araşdırmalar, kütləvi məzarlıqlar, foto və video görüntülər, hal şahidlərinin söylədikləri materiallar əsasında soyqırımıə kimi tanındı. Türkiyəni isə Avropanın tar-mar etdiyi, parçaladığı, işğal etdiyi Osmanlı dövləti zamanında baş verənlərə görə, həm də heç bir dəlil, sübut olmadan “erməni soyqırımı”nda ittiham edirlər.
Bu gün Azərbaycana qarşı da oxşar ssenarilər oynanılır, 30 il torpaqlarımızı işğal altında saxlayan, 1 milyondan çox azərbaycanlını zorla öz evindən, yurdundan qovan, öldürən, əsir götürən, malını-mülkünü talayan, kəndləri, şəhərləri dağıdan, dini abidələri təhqir edən, məscidlərdə donuz saxlayan, tarixi abidələrimizi məhv edən, etnik təmizləmə aparan və ən nəhayət bütün beynəlxalq prinsipləri, qanunları ayaqlar altına atan Ermənistan Qərbin gözündə, sözündə yüksəklərə qaldırılır, azərbaycanlılara qarşı etdiyi vəhşiliklər barədə isə sadəcə, susmağa üstünlük verirlər. AŞPA-da baş verən son rəzilliklərə fikir verin. Azərbaycanı ittiham edənlər ermənilərin hüquqlarının pozulduğunu, yəni bizim tərəfimizdən pozulduğunu bəhanə edərək bizə qarşı diskrinimasiya metodunu işə salıblar. Amma 3 il bundan əvvələ qədər Qarabağda ermənilərin apardığı etnik təmizləməni, suveren ərazilərimizin işğalını, yüz minlərlə soydaşımızın pozulan hüquqlarını xatırlatmaq belə istəmirlər. Niyə, hansı səbəbə? Cavab birdir, biz Qərbin, xristian ailəsi deyilən Avropanın islamofob siyasətinin qurbanlarıyıq. İstəsək də, çalışıb-vuruşsaq da, qalaq-qalaq sübutlar gətirsək də onlar bizi anlamaq istəməyəcəklər.

Alman deputat Frank Şvabe BBC-yə müsahibəsində deyir ki, “biz əvvəllər Qarabağın Azərbaycana aid olduğunu təsdiq edirdik”. Belə çıxır ki, AŞ və AŞPA Ermənistanın işğalçı ölkə olduğunu da qəbul ediblər. Bəs niyə Avropa və bütün dünya üçün qəbuledilməz hesab edilən fakta - Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, soyqırımına, etnik təmizləməyə 30 il göz yumublar. Azərbaycanın separatçılara qarşı apardığı antiterror tədbirlərinə isə aqressiv və tələm-tələsik reaksiya verirlər. Görəsən, hansısa Avropa ölkəsi, yaxud ABŞ ərazilərində separatçı qurumun mövcudluğu ilə barışardımı, qanunsuz silahlı dəstələrin fəaliyyətinə laqeyd qalardımı? Əlbəttə yox. Fransa Korsikanın azadlıq istəyinə necə reaksiya verdiyini öyrənmək üçün tarixçi, ya da araşdırmaçı olmağa ehtiyac yoxdur. Hər dəfə korsikalıların azadlıq arzusu qanla boğulub, adanın minlərlə sakini həbsxanalara salınıb. ABŞ-da Kaliforniya, Texas, Florida, Nyu York və digər ştatlar azadlıq, ayrılma tələbi ilə çıxış edirlər. Amma Vaşinqtonun, daha doğrusu Ağ Evin repressiya maşını ilə toqquşurlar. Bu, onu sübut edir ki, Qərb özünə rəva görmədiyini başqaları üçün məqbul hesab edir. Qərb ölkələrindən kənarda baş verən hadisələri, müharibələri, etnik savaşları Vaşinqton, Paris və Brüssel “azadlıq mübarizəsi” kimi təqdim edir, özünə gələndə isə fərqli yanaşma ortaya qoyur. Azərbaycanlılara qarşı cinayətin bütün növlərinin tətbiq olunmasını Qərb adi hadisə kimi qəbul edir, ermənilərin az qala toy-bayramla Qarabağı tərk etmələrini isə etnik təmizləmə, dini münaqişə damğası vurur.

Qayıdaq ABŞ-da keçirilən Sammitə, spikerlər arasında Xankəndidən olan “qaçqın jurnalist” Siranuş Sarkisyanın olması diqqət çəkir. Özünü media işçisi kimi təqdim edən, daha doğrusu qəbul edilən Siranuş 4 il bundan əvvəl separatçı hakimiyyətə etiraz əlaməti olaraq Qarabağı tərk edib. Deməli, heç bir qaçqınlıqdan söhbət gedə bilməz. “Qaçqın jurnalist”in tədbirin təşkilatçıları arasında yer alması isə Sammitdə verilən qərarların obyektivliyinə kölgə salır, ziddiyyətlidir. Əgər sammitdə “Dini etiqad azadlığı”nın çəkisi önəm daşıyacaqsa, onda öncə Ermənistanın, yaxud xristian ermənilərin müsəlman azərbaycanlılara qarşı dini ayrı-seçkilik siyasəti, müsəlman olduqları üçün azərbaycanlıların qətlə yetirilməsi, əsir götürülməsi, izsiz-soraqsız yox edilməsi, müsəlman dini abidələrin, ibadət yerlərinin, ziyarətgahların dağıdılması faktı da bu sammitdə müzakirə olunan mövzular sırasında dayanmalı idi.

Amma bizə gələndə, mövzu Azərbaycan, yaxud hansısa müsəlman ölkəsi olanda münasibət dəyişir, qərəz önə çıxır. IRF Sammiti getdikcə islamofob və xristian fanatizmi ideyalarını təbliğ edir. "X" sosial şəbəkəsində ABŞ prezidentliyinə keçmiş ermənipərəst namizəd Vivek Ramasvaminin əlində Ermənistan bayrağı tutmuş, səlibçi paltarı geyinmiş və arxa planda dağıdılmış məscidlərin şəklini paylaşıb. Beynəlxalq Dini Etiqad Azadlığı Sammitinin icraçı direktorunun belə bir şəkil paylaşması nədən xəbər verir? Bəlkə, din azadlığı adı altında dağıdılmış məscid görüntüsü paylaşmaq islamofob meyilləri deyil, başqa dindən olanlara nifrət və qərəzli ayrı-seçkilik də deyil.

Obyektiv və ritorik sual: Din azadlığı yalnız xristianlıqla bağlıdırmı?

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə