“Prezidentin iradəsi ilə Qarabağda sürətli bərpa-quruculuq işləri görülür” - ŞƏRH EDİLDİ
“İşğaldan azad olunmuş ərazilərdə dinamik şəkildə bərpa-quruculuq işləri həyata keçirilir. Həmin ərazilərdə soydaşlarımızın effektiv məskunlaşdırılması dövlətimizin qarşısında dayanan vacib məsələlərdəndir. Bunun vacibliyini sübut edən məqamlardan biri də ölkə Prezidenti tərəfindən 2022-ci ildə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Həmin prioritetlərdən biri də məhz soydaşlarımızın işğaldan azad olunmuş ərazilərdə məskunlaşdırılması ilə birbaşa bağlıdır. Sözügedən istiqamətdə kifayət qədər ciddi addımlar atılır. Əlavə olaraq “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in daha səmərəli həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası da ölkə Prezidenti tərəfindən təsdiq edilib. Bu strategiya çərçivəsində də işğaldan azad olunmuş ərazilərimizdə əhəmiyyətli dərəcədə işlər görülüb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Deputat bildirib ki, ötən il 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi üçün dövlət büdcəsindən 5 milyard manatdan artıq vəsait ayrılıb: “Bunun da təxminən 60 faizi məhz işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasına sərf edilib. Artıq Zəngilan, Füzuli, Laçında soydaşlarımız yerləşdirilib və bu proses sürətlə davam edir. Bir neçə gün öncə Füzulidə növbəti dəfə məskunlaşdırılma həyata keçirildi və 30 ailə öz doğma yurdlarına geri döndü. 2026-cı ilə qədər təxminən 147 min soydaşımız öz doğma yurd-yuvalarında məskunlaşdırılacaqlar. Həmin ərazilərdə bərpa-quruculuq işləri ən yüksək keyfiyyət standartlarına cavab verəcək səviyyədə aparılır. Yaşayış məskənlərinə ağıllı kənd və şəhər konsepsiyası tətbiq olunur. Bu mənada ilk təcrübə Zəngilanda birinci Ağalı layihəsi çərçivəsində tətbiq edildi. Bu da soydaşlarımızın yüksək həyat şəraitinin təmin edilməsini şərtləndirir.
Ərazilərimizdə təhlükəsizlik tədbirləri çox diqqətlə, ən yüksək səviyyədə görüldükdən sonra həmin ərazilərdə məskunlaşdırılma həyata keçirilir. Qarşımızda duran ən ciddi problemlərdən biri də ərazilərimizin minalardan təmizlənməsidir. Azərbaycan bunu da öz gücü hesabına etməkdədir. Ermənistanın ölkəmizə qarşı mina terroru davam edir, 300-dən artıq soydaşımız Ermənistanın işğal zamanı torpaqlarımızda yerləşdirdiyi minaların qurbanı olub. Bu baxımdan kompleks işlər həyata keçirilir.
Həmin ərazilərdə məskunlaşma məsələsi həllini tapmaqla yanaşı, soydaşlarımızın məşğulluğunun təmin edilməsi məsələsi də dövlətimizin diqqət mərkəzindədir. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, işğaldan azad etdiyimiz ərazilərimizi dünyanın ən inkişaf etmiş məkanlarından birinə çeviririk. Həmin ərazilərdə unikal nəqliyyat imkanları yaradılır. Artıq Füzuli və Zəngilanda hava limanları istifadəyə verilib. Bu il Laçında hava limanının istifadəyə verilməsi nəzərdə tutulub.
Görülən işlər göstərir ki, biz öz torpaqlarımızda effektiv məskunlaşma həyata keçiririk. Eyni zamanda ərazilərimizin təhlükəsizliyinə bir daha heç bir təhdidin olmamasının qayğısına qalırıq. Bu da bizim ölkəmiz boyunca suverenliyimizi etibarlı və dönməz şəkildə təmin etdiyimizi nümayiş etdirir. Ölkə Prezidenti İlham Əliyevin iradəsi ilə işğaldan azad edilmiş ərazilərimizdə sürətli bərpa-quruculuq işləri görülür, həm də ərazilərimizin məskunlaşması prosesi aparılır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB