Ermənistan üçün 2024-cü il: BƏDBİNLİK, YOXSA NİKBİNLİK? - TƏHLİL

Ermənistan üçün 2024-cü il: BƏDBİNLİK, YOXSA NİKBİNLİK? - TƏHLİL

Heç bir cəmiyyət müharibəni arzulamamalı, sülhə qarşı olmamalıdır, çünki müharibə yalnız insan tələfatı, iztirab, dağıntı, qırğın, qan, göz yaşı gətirə bilər. Eyni zamanda, heç bir cəmiyyət, təbii ki, normal cəmiyyət sülhə qarşı ola bilməz, çünki sülh təhlükəsizlik, firvanlıq və ümumuyyətlə, hər baxımdan çox qiymətli və dəyərdir. Mübarizə, döyüş, müharibə yolu ilə bir xalqa, dövlətə məxsus olanı ələ keçirmək istəyən insanlar, tayfalar və dövlətlər hər zaman olub və olacaq. Məhz buna görə də sülhün, rifahın təmin edilməsi üçün aparılan mübarizə bütün sadalanan arzuolunmaz halların qarşısının alınması üçün əsas şərtdir.

2024-cü il, rəsmi İrəvanın doğru, düzgün qərarlar qəbul edəcəyi halda, Ermənistan üçün nikbinlik gətirən bir il ola bilər və ermənilər sülhə nail olmağa çalışacaqları təqdirdə, cari il ən azından həmin ölkə üçün müsbət istiqamətdə yeni başlanğıc olar. Lakin erməni cəmiyyətini qarışdırmaq istəyənlərin, eləcə də utopiya və xəyallara yer verənlərin, yeni miflər qondarmağa üstünlük verənlərin yanlışlıqları səbəbindən daha “pis” il də ola bilər və bu da həmin cəmiyyətin bədbinliyini daha da artırar. İstənilən halda qarşılaşmalı olacaqları vəziyyət, yəni ilin bədbin və ya nikbin olacağı ermənilərin özlərinin seçimindən, Ermənistan tərəfinin atacağı addımlardan asılıdır. Həmin ölkə bütövlükdə ya uydurduğu nağıllardan, miflərdən yaxa qurtararaq, ərazi iddiasına, işğalçılıq siyasətinə, təcüvüzkarlıq niyyətlərinə son qoyaraq, yeni ildə sülh yolunda istiqamət götürərək, nikbin ola bilər, ya da bu vaxta qədər inandıqları yalan uydurmalara yenə də inanacaqları təqdirdə, bundan sonra da məğlubiyyətlərlə, səfalətlə, nəticədə də bədbinliklə barışmalı olar.

Hazırkı dövrdə erməni xalqı, öz tarixinin ən ləkəli, ən rüsvayçı dövrünü yaşadığı qənaətindədir. Əslində, yalnız bu mənada haqlıdır da. Çünki sözün əsl mənasında, Ermənistan çox acınacaqlı, çox təhlükəli bir durumdadır. İstənilən anda vətəndaş müharibəsinin belə, indi xaos hökm sürən həmin ölkədədə ola biləcəyi barədə proqnozlar da yetərincədir. Həmin ölkə vətəndaşlarının qətiyyən gələcəyə nikbin baxışları yoxdur və məhz bu baxımdan ermənilərin kütləvi şəkildə, böyük sayda öz yaşadıqları, məskunlaşdıqları yerləri tərk edərək, ölkə hüdudlarından kənarda yaşamağa üstünlük vermələri də səbəbsiz deyil. Səbəb odur ki, Ermənistanda bədbin əhval-ruhiyyə var və vətəndaşlar ümidsiz, gərgin, sıxıntılı vəziyyətdədirlər. Bunu müşahidə etmək üçün sadəcə həmin cəmiyyətə bir baxış belə kifayət edir. Ermənistan vətəndaşlarının hansı əhval-rühiyyədə olması, daxili çəkişmələr, narazılıqlar, ermənilərin öz itgiləri ilə barışa bilməməsi göz önündədir. İrəvanın düz mərkəzində bir-birini əvəz edən və hələlik müvəqqəti yatırılan narazılıq dalğası, etiraz aksiyaları da səbəbsiz deyildi və hələ bundan sonra da təkrarlanacağı təkzib edilə bilməz. Bütün bunlar ermənilərin nə dərəcədə bezdiyini, nə dərəcədə bədbin olduqlarını göstərir. Ermənistanda hələ də məğlubiyyət, özü də rüsvayçı məğlubiyyət ab-havası hökm sürür və həqiqətlərin, reallıqların, sülhün vacibliyinin dərk edilməyəcəyi təqdirdə bu hal davam edəcək və daha da kəskin şəkil alacaq.

Heç şübhəsiz ki, bütövlükdə bir xalqı həmişəlik aldatmaq mümkün deyil. Tarixin hansısa bir dönəmində həqiqətə uyğun olmayan, yalan məlumatlar da, vədlər də xalqa verilə bilər və bununla da erməni avantüristlər erməni xalqını aldatmış ola bilərlər, necə ki, bunu edə biliblər. Amma sonsuza qədər belə yalanlarla xalqı aldadacaqlarına ümid edənlər yanılırlar. Çox güman ki, erməni xalqı bu vaxta qədər onlara verilən vədlərin də, miflərin də yalan olduğunu başa düşər. Çünki məhz buna görə, bu yalanlara görə başlarına həmin avantüristlər dəfələrlə müsibətlər gətiriblər və ermənilər artıq bu mənada yetərincə təcrübəli olmalıdırlar. Əslində, elə bu yalanların fonunda da ermənilər öz ölkələrinə, öz dövlətlərinə, ümumiyyətlə gələcəklərinə olan inamı da itiriblər. Ermənistanın dövlət qurumlarının belə iflic vəziyyətində olduğunu onlar görür və yəqin ki, dərk edirlər. İndi həmin ölkə rəhbərliyinin birinci növbədə xalqın etibarını, etimadını qazanmağa ehtiyacı var ki, bu da məhz sülh prosesindən keçən mərhələ ola bilər və yaxın zamanda vətəndaşların rifahının təmin edilməsi bədbin əhval-ruhiyyənin aradan qaldırılması üçün yeganə şərt hesab olunur. Qonşu ölkələrlə normal qonluşuq münasibətlərinin yaradılması ilə, qlobal layihələrdə iştirak etməklə, Ermənistan marginallaşmış vəziyyətdən çıxa bilər və nikbin əhval-ruhiyyənin yaranmasına da elə bundan sonra erməni cəmiyyətinin ümid etməsinə dəyər.

Sözsüz ki, qonşu dövlətlərlə, region ölkələri ilə, bütövlükdə dünya dövlətləri ilə etimadı bərpa etmədən hansısa uğurdan danışmaq olmaz və Ermənistan da məhz ilk növbədə, etimadı bərpa etməlidir, hansı ki, bu da elə sülh prosesindən keçir. Ermənistan gah Qərbin, hag da Rusiyanın maraqlarından çıxış edir. Bu ölkənin eyni vaxtda iki stulda oturmaq istəyi hər addımda özünü göstərir və bununla da nəyə isə nail olmaq cəhdi mənasızdır. Ümumiyyətlə, əgər ölkənin təhlükəsizliyi belə sual altındadırsa, o zaman sosial-iqtisadi problemlərin həllindən, vətəndaşların rifahından, nikbin ab-havadan qətiyyən danışmaq olmaz. Ermənistanda vəziyyət hələlik dəyişməz olaraq qalmaqdadır. Beləki, çünki varlı avantüristlər varlanmaqda, yoxsullar isə daha da yoxsullaşmaqdadırlar. Təqaüdlərin, əməkhaqlarının hədsiz dərəcədə aşağı olması, bununla yanaşı qiymətlərin əhəmiyyətli dərəcədə artması Ermənistan vətəndaşlarını pal çətin duruma salmaqdadır. Bir zamanlar, daha dəqiq desək, 2018-ci ildə Ermənistan hakimiyyəti iqtisadiyyatın inkişafı, qiymətlərin kəskin endirilməsi barədə vəd vermişdi, lakin beş il keçməsinə baxmayaraq, əsas tələbat mallarının qiymətlərində əhəmiyyətli dərəcədə, bəzi məhsullarda dəfələrlə artım müşahidə olunması erməni cəmiyyətinin vəziyyətinin nə yerdə olması barədə hansı qənaətə gəlmək olduğunu bəlli edir. Yalan vədlər verib vətəndaşları aldatmaqla, hakimiyyət kürsüsünü qoruyanlar vergi və rüsumları kəskin şəkildə artırırlarsa, şəhərdaxili nəqliyyatın qiymətlərində də artım edilirsə, deməli, bədbinliyə son qoyulacağı ümidi barədə danışmaq belə olmaz. Vətəndaşın cibinə girmədən Ermənistan büdcəsi doldurulmasa, ölkənin inkişafı təmin edilməsə, bunun üçün də qonşu ölkələrlə münasibətlər normallaşdırılmasa, qlobal layihələrdə iştirak edilməsə, bu ildə də erməni cəmiyyətini, hayları məhz bədbin əhval-ruhiyyədə görməli olacaqlar.

Hələ də əmin-amanlıq olacağına, təhlükəsizliyin təmin ediləcəyinə söz verənlər Ermənistanın sülhə imza atmasını reallaşdırmayana qədər bu vədlərində də yalançı çıxacaqlar. Çünki onların gətirəcəklərini söz verdikləri firavanlığın, əmin-amanlığın, təhlükəsizliyin və ümumiyyətlə, gələcəyin necə olacağını təsəvvür belə etmək çox çətin məsələdir. Ona görə çətin məsələdir ki, həmin vədlərini reallaşdıracaq əsasları yoxdur və bundan sonra da xalqı aldatmaqla heç nəyə nail ola bilməzlər. Yalançı vədlərlə heç nə etmək olmaz və xalqı bədbin əhval-ruhiyyədən çıxarmaq üçün əməli fəaliyyət, düzgün iqtisadi, sosial siyasət tələb olunur. Bəzi erməni əsilli politoloqlar özləri də etiraf edirlər ki, biabırçılıqdan, rüsvayçılıqdan qurtulmaq üçüm dəyişikliklər etmək, doğru addımlar atmaq, sülh prosesini sürətləndirmək, region ölkələri ilə münasibətləri normallaşdırmaq, bununla da qlobal layihələrə qoşulmaq və iqtisadi artıma zəmin yaratmaq gərəkir. Əks halda, erməni cəmiyyətini elə məhz 2024-cü ildə də hər kəs bədbin görməli olacaq və cari ildə nikbinlikdən qətiyyən danışmaq mümkün olmayacaq, çünki ölkənin səfalət içərisində, xaos vəziyyətində olması fonunda bu il ermənilər üçün daha qorxulu ola bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə