"Regionda əməkdaşlıq platformaları müstəvisində axtarış gedir" - ŞƏRH EDİLDİ

"Regionda əməkdaşlıq platformaları müstəvisində axtarış gedir" - ŞƏRH EDİLDİ

“Xəzəryanı ölkələr iqtisadi-siyasi bir platforma olaraq formalaşmasa da dialoqun qurulması üçün toplantılar keçirilir. Eyni zamanda xarici işlər nazirlərinin toplantısı da sübuta yetirdi ki, burada dialoq formatı var”. Bu barədə SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bu formatın daha dayanıqlı və konkret olmasını arzulayan ölkələr mövcuddur: “Bunların arasında biz son dövrlərdə İranın aktivlik nümayiş etdirdiyini şahidi oluruq. Baxmayaraq ki, Xəzərin statusu haqqında konvensiyanın razılaşdırılmasında uzun illər boyu ən aqressiv mövqe nümayiş etdirən də məhz İran İslam Respublikası idi. Bu ölkənin Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində təklif etdiyi yanaşmalar nəticə etibarilə nə mövcud reallıqlara, nə də beynəlxalq hüququn prinsiplərinə uyğun gəlirdi. Çünki İranla SSRİ arasındakı sərhəd Astara-Həsənqulu xətti üzrə müəyyənləşmişdi. Yəni beynəlxalq müqavilələrin yenidən gündəmə gətirilməsi de-fakto ərazi iddiaları kimi qiymətləndirilə bilərdi.

E.Mirzəbəyli bildirib ki, bütün hallarda müxtəlif formatlarda əməkdaşlığın həyata keçirilməsi Azərbaycan tərəfindən təşviq olunan məsələdir: “Ölkəmiz indiyə qədər bir neçə fərqli formatlarda əməkdaşlıq platforması təklif edib. Bunların sırasında İran-Türkiyə-Azərbaycan əməkdaşlıq platforması da var. 3+3 indi isə 3+2 platforması da məhz Azərbaycanın təşəbbüsü ilə həyata keçirilir. Biz son olaraq yenə də İranla bu formatda görüşlərin baş tutduğunun şahidi oluruq. Regionda əməkdaşlıq platformaları müstəvisində axtarış gedir. Təhlillər aparılır və onların ən uyğunu istiqamətində də addımların atılması zəruridir. İndiki halda Xəzəryanı ölkələrin birləşməsi, təşkilatlanması bir araya gəlməsi nəzəri olaraq maraqlı bir ideya kimi görünə bilər. Amma bunun altında təklif olunan məqamlar nədən ibarətdir? Bu platforma hansı məqsədə xidmət edəcək? Bununla bağlı yanaşma mahiyyət etibarilə aydın deyil.

Şərhçi sonda qeyd edib ki, İranın birdən-birə Xəzər hövzəsi ölkələri ilə bağlı gediş etməsi də maraqlı məqamlardan biridir: “Çünki bəlli olduğu kimi orta dəhlizin seqmenti əsasən Xəzər dənizi üzərindən keçir. İran bu günə qədər əsasən cənub dəhlizinə maraq göstərirdi. Amma indiki halda İran XİN-in yanaşması elə düşünməyə əsas verir ki, ya İran bu prosesə inteqrasiya olunmaq istəyir, ya da hansısa qaydada öz iştirakını arzulayır. Hazırda regiondakı vəziyyəti və prioritetləri nəzərə alsaq İranın maraqları bu istiqamətdə özünü büruzə verə bilər. Ümumən bu görüş Xəzəryanı ölkələr arasındakı münasibətlərin inkişafı gələcəkdə əməkdaşlıq perspektivlərinin müəyyənləşməsi baxımından əhəmiyyətlidir. Amma hansı nəticələr verəcəyini gələcək göstərəcək”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə