“Düşünürəm ki, Xəzəryanı ölkələrin XİN başçılarının Şurasının iclasının indi keçirilməsi təsadüfi deyil. Böyük ehtimalla burada rutin məsələlər müzakirə olunacaq. Xəzərin ehtiyatları, gəmiçilik üçün istifadəsi, dinc və ya hərbi məqsədlə istifadəsi müzakirə olunacaq”. Bunu SİA-ya açıqlamasında
politoloq Turab Rzayev deyib.
Politoloqun sözlərinə görə, görüşün indi keçirilməsində əsas hədəf Rusiyanın təhlükəsizlik çəmbərini təmin etməsidir: “Rusiya hər tərəfdən mühasirəyə alınır. Ona görə də çalışacaq ki, Xəzər dənizində təhlükəsizliyi təmin etsin. Qara Dənizdə bu təmin olunmayıb. Hazırda Qara Dənizdə NATO orduları var, Bosfor boğazına daxil olurlar. Eyni zamanda, Rumıniya və Bolqarıstanda da NATO-nun dəniz bazaları var. Bunlarla birgə Ukrayna Rusiyaya qarş mübarizədə qərbin yanında yer alır. Bütün bunlar Qara Dənizin təhlükəsizliyində Rusiya üçün ciddi təhdid yaradır. Rusiya çalışır ki, Xəzər dənizinə İranla birlikdə Xəzər dənizinə kənar qüvvələrin daxil olmasına imkan verməsin. Ən azından burada təhlükəsizliyi təmin etsin”.
T.Rzayev bildirib ki, Rusiya böyük ehtimal öz hərbi gəmilərinin və yüklərinin Xəzər dənizində sərbəst hərəkətinə çalışacaq: “Vaxtaşırı olaraq biz görürük ki, Rusiya Xəzərdəki gəmilərdən Suriya, Ukrayna və digər əraziləri atəşə tutur. Bununla özünün Xəzər dənizindəki üstünlüyünü göstərməyə çalışır. Böyük ehtimal Rusiya Xəzərsahili ölkələrin yığışdığı bu sammitdə əsasən dənizə kənar qüvvələrin buraxılmaması və özünün Xəzərin bütün ərazisindən hərbi əməliyyatlar üçün istifadə etməsinə, eyni zamanda, İran və Rusiya arasındakı iqtisadi və hərbi əlaqələrdə və silahların daşınmasında sərbəstliyə nail olmağa çalışır. Bu iclas Rusiyanın əlini yüngülləşdirəcək qərarlar alması üçün çağırılıb. Burada əsas silah və bəzi iqtisadi məhsulların təşkilatçısı olaraq İran İslam Respublikası görünür. Düşünürəm ki, bununla bağlı müzakirələr olacaq”.
Politoloq sonda qeyd edib ki, görüşün Azərbaycan üçün əhəmiyyəti isə daha çox iqtisadi tərəflər olacaq: “Düşünürəm ki, Azərbaycanın mövqeyi Xəzərin yeraltı resurslarının bölünməsi və mübahisəli sərhədlərin aradan qaldırılmasıdır. Vaxtaşırı olaraq İran tərəfindən digər ölkələrin pay bölgüsünə müdaxilə olunur. Yəqin ki, Azərbaycan bunun qarşısını almağa çalışacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB