"Metsamor AES-in bağlanmasına ehtiyac var" - AYDINLIQ GƏTİRİLDİ

"Metsamor AES-in bağlanmasına ehtiyac var" - AYDINLIQ GƏTİRİLDİ

“Ermənistanda fəaliyyət göstərən Atom Elektrik Stansiyası (AES) bütövlükdə region üçün ciddi təhlükə mənbəyidir. Məhz bu stansiyanın bağlanmasına, region üçün həm ekoloji, həm digər təhlükənin aradan qaldırılmasına ehtiyac var”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan dəfələrlə bu məsələni gündəmə gətirməyə çalışıb. Bu istiqamətdə Azərbaycan Beynəlxalq səviyyədə həm təkliflərini, həm də fikirlərini təqdim edib: “Məhz beynəlxalq hüquq prinsipinə, eləcə də beynəlxalq konvensiyalara uyğun olaraq həmin stansiyanın bağlanması məsələsini beynəlxalq gündəmdə saxlamağa çalışır. Amma çox təəssüf ki, bir sıra aparıcı ölkələr bu məsələyə göz yumurlar. Bu istiqamətdə tədbirlər həyata keçirməkdə maraqlı deyillər”.

V.Bayramov bildirib ki, digər ölkələrin bu AES-in fəaliyyətinə göz yumması ikili standartlardan xəbər verir: “Praktiki olaraq bu onu göstərir ki, regiondakı məsələlərə ikili yanaşma davam edir. Bu ikili standartlar çərçivəsində də biz Ermənistandakı Atom Elektrik Stansiyasının bağlanması ilə bağlı demək olar ki, beynəlxalq qurumlar tərəfindən hansısa addımın atılmamasını, rəylərin verilməməsini müşahidə edirik. Bu tip ikili standartlara son qoyulmasının vaxtıdır. Çünki ikili standartlar region üçün yeni təhlükələr formalaşdırır”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə