SPECA-ya üzv dövlətlər əsl müstəqil ölkələrdir... - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Dünyada uğursuz, asılı, bir neçə ağaya xidmət edən ölkələrin sayı az deyil, onlardan biri Ermənistandır"

Əlverişli coğrafi mövqeyi, regional və beynəlxalq nəqliyyat yollarının üstündə yerləşməsi, təbii resursları, iqtisadi və hərbi gücü ilə Cənubi Qafqazın lider dövləti hesab olunan Azərbaycan həm də dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Bunun da səbəbi son 20 ildə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasətdir. Məhz İlham Əliyevin sözünə və vədinə sadiqliyi, irəli sürdüyü qlobal təşəbbüsləri Azərbaycanın nüfuzunu və siyasi çəkisini gündən-günə artırmaqdadır. Bu gün dünyanın siyasi xəritəsində elə bir Azərbaycan var ki, onun dəstəyi olmadan, rəyi nəzərə alınmadan hər hansı regional prosesləri müzakirə və həll etmək mümkün deyil. İstənilən mövzulu qlobal danışıqların aparıldığı platformalarda ölkəmiz mütləq təmsil olunur və əsas söz sahibi kimi çıxış edir. Bütün bunlar bir daha təsdiq edir ki, İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı müasir dünyanın yeni çağırışlarına cavab verən ölkəyə çevirib. Bunun nəticəsidir ki, bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir.

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündəki çıxışı bir neçə cəhətdən mühüm əhəmiyyət daşımaqdadır.

"SPECA-YA ÜZV DÖVLƏTLƏR İSƏ ƏSL MÜSTƏQİL ÖLKƏLƏRDİR, ÇÜNKİ MÜSTƏQİL XARİCİ VƏ DAXİLİ SİYASƏT APARIRLAR"

Siyasi sabitlik amilinə toxunan Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. SPECA-ya üzv ölkələrində isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.

Beynəlxalq riyakarlığın təzahüründən söz açan ölkə rəhbəri qeyd etdi ki, dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Ermənistan kimi ölkəyə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir: "Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır".

"Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar",-deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmizin bu regiondakı dövlətlərlə əlaqələrini belə xarakterizə edib: "Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. 30 ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur".

Beləliklə də, dövlət başçımızın söylədiyi kimi, bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Bir sözlə, dövlət başçısının söylədiyi kimi…

AZƏRBAYCANIN GÜCLÜ İQTİSADİYYATI MÜSTƏQİL XARİCİ SİYASƏT KURSU HƏYATA KEÇİRMƏYƏ İMKAN YARADIR

Bəli, SPECA-nın yaranmasından keçən müddət ərzində həm regionda, həm də dünyada müxtəlif hadisələr yaşanıb. Heydər Əliyev Mərkəzində keçirilən Zirvə toplantısında dövlət başçısı İlham Əliyev ölkəmizin iqtisadiyyatında baş verən inkişafın və gələcəkdəki potensialların qiymətləndirilməsi ilə bağlı çıxışında Azərbaycan iqtisadiyyatının dünənini bu gününü şərh edərək, gələcəkdəki hədəflərin anonsunu verdi. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür.

Ölkə başçısı bildirdi ki, son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub. Azərbaycan Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Prezident İlham Əliyev qeyd etdi ki, müstəqilliyimizin ilk illərində ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilmişdi. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Otuz ilə yaxın aparılan danışıqlar heç bir nəticə verməmişdir. Çünki Ermənistanın məqsədi işğalı qoruyub saxlamaq idi. 2019-cu ildə Ermənistanın baş nazirinin o vaxt işğal altında olan Xankəndi şəhərində "Qarabağ Ermənistandır və nöqtə" açıqlaması danışıqlar prosesini tamamilə məhv etdi.

Bir sözlə, bütün bu deyilənlər bir daha onu təsdiqləyir ki, Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü siyasət, qazanılan uğurlar bu gün Azərbaycanın dünya birliyində yerini möhkəmləndirir, xalqımızı və dövlətimizi perspektivdə hələ möhtəşəm sosial, iqtisadi uğurlar, diplomatik qələbələr gözləyir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə