Şərti sərhəddə görüş planına zidd olan MANİPULYASİYALAR – TƏHLİL

Şərti sərhəddə görüş planına zidd olan MANİPULYASİYALAR – TƏHLİL

Dəfələrlə şahidi olmuşuq ki, rəsmi İrəvan məhz Azərbaycan tərəfinin təkliflərinə ilk öncə guya əhəmiyyət vermədiyini nümayiş etdirsə də, sonra bunun həqiqətən də ən doğru yol və təklif olması fonunda razılığa gəlmək məcburiyyətində qalıb. Məhz şərti sərhəddə görüş təklifinə də ermənilərin razılaşması bu baxımdan başadüşüləndir. Amma başa düşülməyən odur ki, ermənilər öz xislətlərinə uyğun olaraq, yenə də görüş öncəsi hansısa uydurmalarla çıxış edib suyu bulandırmaq ənənələrinə sadiq qalırlar və manipulyasiyalar etməyə çalışırlar.

Sərhədin demarkasiyası məsələləri üzrə dövlət komissiyalarının işi çərçivəsində hər iki ölkənin baş nazirlərinin müavinləri, Şahin Mustafayev və Mher Qriqoryanın 30 noyabr tarixində Azərbaycanın Qazax rayonu ilə Ermənistanın İcevan rayonu arasında, ölkələr arasındakı şərti sərhəddə planlaşdırılan görüşü təqdirəlayiqdir. Amma Ermənistan tərəfinin bu görüş ərəfəsində belə yenə də hansısa manipulyasiyalara əl atması, bu fonda da əsassız və mənasız iddialar səsləndirilməsi heç də planlaşdırılan görüşə uyğun gəlmir. Görüş qabağı hansısa bir platformada əsassız, məntiqsiz, həqiqətə uyğun olmayan, yalan ittihamların irəli sürülməsi görüş üçün xoş olmayan auranın yaranmasına gətirib çıxaran axmaqlıqdır, hansıki bunu da Ermənistanın BMT-dəki nümayəndəsi Mher Marqaryan rəva bilib. “Sentyabrın 19-da Dağlıq Qarabağa genişmiqyaslı hücum uşaqlar da daxil olmaqla yüzlərlə insanın həyatına son qoyub və bütün əhalinin kütləvi şəkildə məcburi köçkünlüyünə səbəb olub”, deyə ittihamla çıxış edən Marqaryanın son dərəcə həyasızlıq edərək, həqiqətdən uzaq, yalan fikirlər səsləndirməsi görüş planına da, danışıqlara da zidd manipulyasiyalara yol verildiyini təsdiq edir.

Azərbaycanın Qarabağda, öz ərazisində anti-terror tədbirləri keçirmək haqqının, hüququnun olduğunu bilə-bilə buna utanmadan, həyasızcasına “hücum” adı vermək nəyə lazım idi? Ələlxüsus da şərti sərhəddə planlaşdırılan görüş öncəsi belə məsuliyyətsiz yalan fikirlər səsləndirmək axmaqlıqdan başqa nə ola bilər? Onsuz da Ermənistanın BMT-dəki nümayəndəsinin belə sayıqlamaları heç bir fikir formalaşdıra bilməz. Çünki dünya ictimaiyyətinə bəllidir ki, Azərbaycan öz ərazilərini qanunsuz erməni silahlı dəstələrindən təmizləyib. O da bəllidir ki, erməni silahlı dəstələrinin qeyd-şərtsiz Azərbaycan ərazilərini tərk etmələri barədə BMT-nin məlum dörd qətnaməsi də var və görülən anti-terror tədbirlərinə kimsə ağız büzə bilməz. Ən azından BMT kimi bir mötəbər təşkilat, beynəlxalq qurum üçün aydın məsələdir ki, Azərbaycan həmin qətnamələrin icrasını reallaşdırıb və beynəlxalq hüququn norma və prinsplərinə heç bir hörmətsizlik etmədən bunu edib. Daha dəqiq desək, uşaqlar da daxil olmaqla, yüzlərlə insanın həyatına son qoyulduğu barədə Ermənistanın BMT-dəki nümayəndəsi Mher Marqaryanın sayıqlamaları həqiqəti əks etdirmədiyi kimi, diqqəti də cəlb edə bilməz. Diqqəti cəlb edən həmin o Marqaryanın belə ağılsız, axmaq, mənasız çıxışı və şərti sərhəddə görüş öncəsi hansısa düşüncəsiz manipulyasiyalara əl atmasıdır. Onun məqsədinin konkret olaraq, nədən ibarət olduğunu söyləmək mümkün olmasa da, ən azından niyyətinin çirkin olduğu barədə çəkinmədən danışmaq olar. Çünki heç bir ölkənin diplomatının səbəbsiz yerə belə sayıqlamalara əl atmasının qəbuledilməzliyi fonunda yenə də hansısa oyunların, hansısa manipulyasiyaların olduğu qənaətinə gəlməkdə hər kəs haqlıdır və bu da sözsüz ki, çirkin niyyətlərdən xəbər verir.

Təkcə biz yox, elə ermənilər özləri də yaxşı bilirlər ki, Ermənistanın baş naziri Nikol Paşinyan artıq dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü şifahi və yazılı şəkildə tanıyıb. Bilirlər ki, Qarabağın da daxil olması şərti ilə Azərbaycanın ərazi bütövlüyünü Ermənistan Respublikasının tam dəstəklədiyini həmin ölkənin Milli Məclisinin spikeri Alen Simonyan da bildirib. Sual doğuran odur ki, bir ölkənin baş naziri, Milli Məclisinin spikeri Azərbaycanın ərazi bütövlüyü barədə bu şəkildə bildirdiyi halda, həmin ölkənin BMT-dəki nümayəndəsi hansı ağılla belə axmaq fikirlər səsləndirə bilər axı? Mher Marqaryanın ölkəsinin baş nazirinin fikirlərini hesaba almır, yoxsa ölkəmizin ərazi bütövlüyü barədə öz axmaq qənaəti var? Bu fikirləri səsləndirmək heç bir məntiqə sığışmır axı. Yəni, onun dediklərindən belə çıxır ki, Azərbaycan öz ərazilərinə hücum edib, hansıki bunu səsləndirməyin nə dərəcə axmaqlıq olduğu zərrə qədər də şübhə doğura bilməz. Azərbaycan 44 günlük müharibədə ərazilərini işğaldan azad etdiyi kimi, müharibə bitdikdən sonra öz ərazilərini qonşu ölkənin qanunsuz silahlı dəstələrindən də təmizləmək hüququna malikdir və bu, qeyd etdiyimiz kimi, BMT-nin məlum qətnamələri ilə üst-üstə düşür. Elə isə, Ermənistanın BMT-dəki nümayəndəsi indi nə fikirdədir və bu nə manipulyasiyadır edir? Özü də iki ölkə arasında şərti sərhəddə görüş öncəsi bu fikirlər nəyə lazım idi axı? Hər halda, bir ölkənin nümayəndəsi öz başına belə axmaq fikirlər səsləndirməsi inandırıcı görünmür və deməli, yenə də ortada hansısa çirkin niyyət var və bu, yenə də hansısa manipulyasiyadan xəbər verir.

Xatırladaq ki, ərazilərinin qanunsuz erməni silahlı dəstələrindən təmizlənməsi üçün Azərbaycan tərəfinin heçurduyu anti-terror tədbirlərindən sonra BMT missiyası iki dəfə Qarabağ iqtisadi rayonuna səfər edib. Səfərləri zaman da təkrarən əmin olub ki, həmin ərazilərdə öz qətnamələrinin icrası reallaşdırılıb və başqa heç bir qanunsuzluqdan söhbət gedə bilməz. Diqqət çəkən daha bir məqam da ondan ibarətdir ki, hər iki səfər zamanı, mülki erməni əhalisinə qarşı zorakılıq faktının olmadığı qeyd edilib. Çünki mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə, yaşayış məntəqələrinə, mədəni və dini binalara heç bir ziyan dəymədiyi qeydə alınıb. Maraqlıdır ki, bütün bunların fonunda Ermənistanın BMT-dəki nümayəndəsi hansı üzlə ittihamla çıxış edir? Hər halda, BMT kimi bir beynəlxalq qurumun zorakılıq faktının olmadığı barədə sadalanan qeydlərindən sonra onun səsləndirdiyi fikilərin mahiyyətinin nədən ibarət olduğu da quruma bəllidir. Bəlli olmayan onun bu ərəfədə, şərti sərhəddə görüş ərəfəsində niyyəti və etdiyi manipulyasiyalardır ki, bu, bütövlükdə dünya ictimaiyyətinin də, beynəlxalq qurumların da diqqətindən yayınmamalıdır.

“BMT, onun aidiyyəti qurumları və strukturları hələ də Dağlıq Qarabağ xalqı qarşısında öhdəliklərini yerinə yetirməyib”, deyən Mher hansı öhdəlikdən dəm vurur və hansı əsasla, hansı haqla belə fikir səsləndirir? Dağlıq Qarabağ xalqı nə deməkdir? Dünyada belə bir xalq yoxdur axı. Olmayan bir xalq barədə, özü də BMT qarşısında tələb, “öhdəlikləri yerinə yetirmək” tələbi çox absurd səslənir. BMT kimi bir təşkilat üçün sirr deyil ki, Qarabağ xalqı ifadəsi ermənilərin uydurduqları mifdən başqa bir şey deyil. Belə bir mif uydurmaqla kimi aldatmaq fikrindədirlər? Tarixi faktlar təsdiq edir ki, erməni əsillilər Azərbaycanın Qarabağ iqtisadi rayonunda sonradan məskunlşıblar. Sözsüz ki, onların məskunlaşdırılmaları da ermənilərin məlum çirkin niyyətlərinə xidmət edib. Hətta ərazilərimizin işğal faktı, həmin işğaldan sonra ermənilərin yenidən həmin ərazilərə köçməsi də uzaq keçmişdə olmayıb ki, unudulsun. Əsrin üçdə birinə yaxın müddət ərzində erməni əsillilər Azərbaycanın Qarabağ ərazisində məskunlaşıblar, özü də bu məskunlaşmanın qeyri-qanuni şəkildə olduğu da bəllidir. Çünki onların Ermənistan pasportu daşıyaraq Azərbaycan ərazilərində məskunlaşması heç bir hüquqi normalara sığışmır. Məhz elə bu barədə də rəsmi Bakı qanuni tələblərlə çıxış edərək, onların məhz Azərbaycan pasportu daşıması, ölkəmizin vətəndaşlığını qəbul edərək yaşamaları barədə təkliflə çıxış edib. Əgər onlar bu təkliflə razılaşmayıblarsa, Ermənistana öz xoşları ilə, yaxud da qanunsuz rejimin təkidi ilə köç ediblərsə, indi də xarici ölkələrə üz tuturlarsa, bu, onların öz probləridir. Hər halda, getdikləri ölkədə də onlar Ermənistan pasportu ilə yaşaya bilməyəcəklərini dərk etmək məcburiyyətində qaldıqları zaman reallıqların nədən ibarət olduğunun fərqində olarlar. Görünür, Ermənistanın BMT-dəki nümayəndəsi bu reallığı və məqamı nəzərə almayıb, yaxud da dərk edə bilməyib.

Sözsüz ki, Mher Marqaryanın çıxışları gülünc səsləndiyi kimi, Ermənistan tərəfinin bu gülünc çıxışlar fonunda manipulyasiyaları da çox yersiz görünür. Xüsusən də Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin gözlənilən görüşü fonunda belə manipulyasiyalara heç bir ehtiyac yoxdur. Əgər həqiqətən də Ermənistan tərəfi danışıqlarda, sülh prosesində maraqlıdırsa, manipulyasiya etmək əvəzinə doğru olan yol barədə təklifləri layiqincə dəyərləndirməyə üstünlük verməlidir. Şərti sərhəddə görüş planına zidd olan manipulyasiyaların mənasız və nəticəsiz olduğu gec də olsa dərk edilməlidir. Hər halda, hadisələrin gedişi göstərəcək ki, rəsmi İrəvan bu dəfə nə fikirdədir və əgər təxribatlara, oyunlara, manipulyasiyalara son qoyub danışıqlara üstünlük verilsə, görüşün müsbət nəticələr vəd edəcəyinə zərrə qədər şübhə ola bilməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə