Hər bir xalqın dövlət müstəqlliyini əldə etməsi onun ən böyük sərvətidir. Reallıq ondan ibarətdir ki, bəzi xalqlar tarixin müəyyən dönəmində dövlətçiliklərini qursalarda onu qoruyub, saxlaya bilməyiblər. Problemin başlca səbəbi isə həmin xalqların onları uğurlara, qələbələrə apara biləcək liderinin olmamasıdır. Məhz 1918-ci ilin mayında qurulan və 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasının səbəbi Liderin olmamısından irəli gəlmişdir. Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra Azərbaycan xalqı özünün çoxəsirlik dövlətçilik ənənələrini davam etdirərək, 18 oktyabr 1991-ci ildə qəbul etdiyi “Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı” ilə yenidən dövlət müstəqilliyini qura bildi. Lakin liderin olmaması səbəbindən yenidən ölkə təlatümlü vəziyyətlə üzləşdi. 1992-ci ildə iqtidara gələn AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni uçuruma sürüklədi. Yanlış siyasətin aparılmasının nəticəsi olaraq ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Qanunsuz silahlı dəstələr, quldur dəstələri meydan sulayırdılar. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, ölkə parçalanırdı. Bundan istifadə edən erməni hərbi birləşmələri xarici güclərin hərbi siyasi dəstəyi ilə ardıcıl olaraq torpaqlarımızı işğal edirdi. Gəncədə baş verən hərbi qiyam ölkədə cərəyan edən xaos və anarxiyanın, hərci-mərcliyin kulminasiya nöqtəsi oldu. AXC-Müsavat iqtidarı mövcud problemləri həll etmək əvəzinə xalqın üzərinə silahlı dəstələr göndərib, qırğınlara yol açan fəaliyyət yolu tutdular.
Yeni və Müstəqil Azərbaycan uğurunda
Dövlət müstəqilliyinin itirilməsi, vətəndaş müharibəsinin qaçılmaz olduğu bir vaxtda ölkə ziyalıları bir araya gələrək Ulu Öndər Heydər Əliyevin Bakı şəhərinə gəlib hakimiyyət sükanı arxasına keçməsi çağırışını etdilər. Bununla bağlı 1992-ci ilin oktyabrın 16-da “91” lərin Dahi Öndər Heydər Əliyevə müraciəti ünvanlandı. Ulu Öndər Heydər Əliyev xalqın çağırışına 1992-ci il oktyabrın 24-də ziyalıların müraciətinə cavab verməklə münasibət bildirdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Bakıya gəldi, ölkəmizi xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etmək üçün gərgin fəaliyyətə başladı. Qısa müddətdə siyasi sabitliyə, iqtisadi dirçəlişə nail olundu. Bütün sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının müfafiəsi sahəsində Dahi Öndərimiz Heydər Əliyev mütərəqqi addımlar atdı, qərar və fərmanlar imzaladı. Milli sərvətimiz olan yeni konstitusiyanın qəbul edilməsi xalqımıza əvəzsiz xəzinə bəxş etmiş oldu. Müstəqil Azərbaycanımızın ilk Konstitusiyası Dahi Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlandı və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi. 1995-ci il noyabrın 27-də qüvvəyə minmiş bu qanun müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin beşinci Konstitusiyası idi. Təəssüflər olsun ki, 1918-ci ildə qurulan və cəmi 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyətinin Əsas Qanununu qəbul edilməmişdir. Sadəcə AXC parlamentin qəbul etdiyi qanunlarla idarəedilmişdir. Düzdür o dövrdə qanun layihəsi hazırlanırdı, lakin bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi AXC-nin Əsas qanunu qəbul etməsinə imkan vermədi. Yalnız Ana Yasa Azərbyacnın SSRİ-nin tərkibinə daxil olduqdan sonra Rusiyanın qanunları əsasında 1921-ci il mayın 19-da hazırlanaraq qəbul edilmişdir. Azərbaycanın sayca ikinci konstitusiyası 1927-ci ilin mart ayında qəbul edilmişdir. O zaman Azərbaycan ittifaqın tərkibində idi. 1936-cı ildə SSRİ-nin yeni əsas qanunu qəbul edildikdən sonra ona müvafiq olaraq, 1937-ci ildə Azərbaycanın sayca üçüncü konstitusiyası qəbul olundu. Azərbaycan SSR-in sayca dördüncü konstitusiyası 1978-ci ildə qəbul edildi. Bu konstitusiyanın hazırlanması və qəbulu Ulu Öndər Heydər Əliyevin iştirakı ilə həyata keçirilmişdir. Dahi Öndərimizin təkidi ilə 1978-ci il konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu əks olundu. Konstitusiyada Azərbaycan dilinin dövlət dili elan olunması haqqında 73-cü maddə qəbul olundu. O vaxta qədər SSRİ məkanında rus dili hökmran dil kimi təbliğ edilirdi. Belə bir şəraitdə, yalnız Ulu Öndər Heydər Əliyevin yenilməz iradəsi sayəsində 73-cü maddənin qəbulu mümkün olmuşdur.
Demokratik cəmiyyətin formalaşması üçün hər cür şərait yaradıldı
Dahi Öndərimiz Heydər Əliyev ikinci dəfə hakimiyyət gəlişindən sonra da xalqın və dövlətin maraqlarını hər şeydə də üstün tutmağı bacarmışdır. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi istiqamətində atılan addımlardan başlıcası Azərbaycanda ölüm hökmünün ləğv edilməsi olmuşdur. Ulu Öndər dəfələrlə ölüm hökmünün ləğv edilməsinin vacibliyinin bildirmiş və qanunda dəyişikliyin edilməsinin vacibliyini qeyd etmişdir. Bildirmişdir ki, ölüm cəzasının mövcud olması və tətbiqi insan ləyaqətinə zidd hesab edilir: “İnsan ləyaqətinə, bütövlükdə insan hüquqları ideyasına zidd olan ölüm cəzasının tətbiqi, hansı dəlillərə əsaslandırılmasından asılı olmayaraq demokratik cəmiyyətdə qeyri-insan və amansız tədbir kimi qiymətləndirilir”. Beləliklə məhz Dahi Öndərin təşəbbüsü ilə Milli Məclis 1998-ci il fevralın 10-da Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğv edilməsi barədə qanun qəbul etmişdir. Ölüm cəzasının ləğvi Azərbaycanın hüquqi-demokratik dövlət quruculuğu yolunda olmasını bir daha sübut edir. Bununla bağlı Ulu Öndərimiz Heydər Əliyevin insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında 22 fevral 1998-ci ildə imzaladığı Fərmanında qeyd olunur ki, Azərbaycan Respublikasının ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilmişdir. Azərbaycan dövləti siyasi-hüquqi potensialından tam istifadə etməklə bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər görür. Konstitusiyada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən və sair hallardan asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulmuşdur. Artıq hüquqa və ədalətə söykənən, vətəndaş cəmiyyətinin və bazar iqtisadiyyatının inkişafına tam zəmanət verən qanunvericilik bazasının əsası qoyulmuş və onun təkmilləşdirilməsi davam etdirilir. Ölkəmizdə demokratik cəmiyyətin formalaşdırılması üçün hər cür şərait yaradılmışdır. Azərbaycanda çoxpartiyalılıq əsasında demokratik yolla parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olmuşdur. Ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların təməlində insana qayğı, insan ləyaqətinə hörmət dayanır.
Hər kəsin hüquqlarına hörmətlə yanaşılan cəmiyyət quruldu
Qurulan dövlətin, həyata keçirilən siyasətin ana xəttini inasanların daha rahat, təhlükəsiz və sosial iqtisadi cəhətdən təmin olmaqla yaşaması təşkil edir. Əfv və amnistiya aktlarının qəbul edilməsi hümanist və xeyirxah siyasətin hər kəsə hörmət üzərində qurulduğunu təsdiqləyir. Dahi Öndərimiz Heydər Əliyevin hümanist qərarı ilə 1995 - ci ildən əfv və amnistiya təsisatları bərpa edilmişdir. Həmin vaxtdan indiyədək qəbul olunmuş amnistiya aktları, əfv fərmanları minlərlə şəxsə tətbiq edilmişdir. 1995-ci ildən bu günə qədər Azərbaycanda 64 əfv sərəncamı imzalanıb. Əfv sərəncamları ilə ümumilikdə 7542 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. 2017-ci ildə qəbul edilən Amnistiya aktı ilə 11 min nəfərə şamil olunub. Bu yaxınlarda ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Ulu Öndərimiz Heydər Əliyevin 100 illiyi ilə əlaqədar daha yüzlərlə məhbus əfv edilərək azadlığa qovuşdu. Humanistlik və xeyirxahlıq Prezident İlham Əliyevin bu istiqamətdə düzgün və məqsədyönlü siyasət aparmasının müsbət bəhrəsidir. Ulu Öndər hər kəsin hüquqlarına hörmətlə yanaşılmasını, şəxsiyyətin alçaldılması, zorakılıq, işgəncə və bu kimi qeyri-qanuni üsul və vasitələrə yol verilməsi hallarının aradan qaldırılmasını hüquq-mühafizə orqanları qarşısında vacib vəzifə kimi qoymuşdur. Ulu Öndərimiz ölkəmizdə demokratiyanın daha da inkişaf etdirilməsi sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədilə 1998-ci il fevralın 22-də “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalamışdır. İnsan hüquqları sahəsində həyata keçiriləcək tədbirlərin istiqaməti və konsepsiyası həmin sənədlə müəyyən edildi və ümumdövlət səviyyəsinə qaldırıldı. Bunun ardınca təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, elmi-tədqiqat institutunun yaradılması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, mütəxəssislərin hazırlanması, öhdəliklərə əməl edilməsi və digər vəzifələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Güclü və qüdrətli Azərbaycanın bu günü kimi sabahıda işıqlı və parlaq olacaq
Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin yürütdüyü iqtisadi, siyasi və hüquqi islahatların əsasında da məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələsi dayanır. Bununla bağlı ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsində qanunçuluğun artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üçün genişmiqyaslı tədbirlər görülmüşdür. Belə islahatların məntiqi davamı olaraq dövlət başçısının 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Bu sənəd insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir. Ümummilli Lider Heydər Əliyevin strategiyasına sadiq olan Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq etmişdir.
Avrapanın ən inkişaf etmiş azad, demokratik dövlətlərindən olan Azərbyacanda insan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində bir çox qanunlar, o cümlədən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunu, Seçki Məcəlləsi, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Siyasi partiyalar haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Dini etiqad azadlığı haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Məlumat azadlığı haqqında”, “Gender bərabərliyinin təminatları haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və digər qanunlar qəbul edilib. Aparılan islahatlar, həyata keçirilən işlər insanların daha yaxşı və firavan yaşamsına hesablanıb. Təbii ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla aparılan bu siyasət bundan sonrada davam etdiriləcək. Bu isə onu deməyə əsas verir ki, güclü və qüdrətli Azərbaycanın bu günü kimi sabahıda işıqlı və parlaq olacaq.
Ceyhun Rasimoğlu
Yazı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə elan etdiyi ənənəvi jurnalist yazı müsabiqəsinə təqdim etmək üçündü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB