"Azərbaycan "Böyük Qayıdış"la bağlı örnək dövlətdir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan "Böyük Qayıdış"la bağlı örnək dövlətdir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Vətəndaşlarımızın tam təhlükəsiz şəraitdə işğaldan azad edilən torpaqlarda həyat və fəaliyyətinin bundan sonra davam etməsi Azərbaycan dövlətinin prioritet məqsədlərindən biridir. Azərbaycan dövləti Böyük Qayıdış prosesinin ən qısa zamanda həyata keçirilməsi üçün əlindən gələni edir. Bu yaxınlarda Laçın, Şuşa və Xocavənddə qayıdacaq insanlar üçün yaradılan infrastruktur şəraitini yerində müşahidə etdim. Həqiqətən də, çox az bir müddət ərzində bu cür bərpa-quruculuq işlərini həyata keçirmək Azərbaycanın bu sahədəki potensialını bütün dünyaya nümayiş etdirdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, biz torpaqları işğaldan azad edən bir dövlət olmaqla yanaşı, həm də həmin torpaqlarda həyat yaradan, yenidənqurma və bərpa işlərini ən yüksək səviyyəyə çatdıran bir dövlət kimi də xarakterizə edirik: "Əlbəttə ki, bütün bunlar Azərbaycanın dövlət olaraq gücünün mükəmməlliyini göstərir. Həmçinin dünyanın bir çox dövlətlərinə bu baxımdan örnək ola bilərik. Çünki hazırda dünyada dövlətlərin, xüsusilə də müharibədən sonra yenidən dirçəlməsi və ayağa qalxması çox çətin proses kimi görünür. Amma Azərbaycan qısa müddət ərzində quruculuq layihələrini uğurla həyata keçirdi. Böyük Qayıdış prosesi fonunda soydaşlarımız hissəli şəkildə öz dədə-baba torpaqlarına qayıdırlar və qayıtdıqları torpaqlarda yeni şərait və infrastruktur müşahidə edirlər. Hesab edirəm ki, Azərbaycan bu sahədə bütün dünyaya bir dövlətin istəyi olarsa, nələr edə biləciyini nümayiş etdirir. Azərbaycan bu məsələdə də örnək olmağa layiq bir ölkədir".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə