"Alen Simonyanın təxribat xarakterli fikirləri sülhə xidmət etmir" - DEPUTAT ŞƏRH ETDİ

“Ermənistan parlamentinin spikeri Alen Simonyanın açıqlamaları tamamilə əsassız və böhtan xarakterlidir. Çünki Azərbaycan Ermənistanın bir qarış ərazisinə də nəzarət etmir. Amma tam tərsinə Azərbaycanın səkkiz kəndi bu gün Ermənistanın işğalı altındadır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, sülh proseslərinin gərgin bir vaxtında, hətta sülh əldə olunması üçün okeanın o biri tayından yüksək səviyyəli zənglərin gəlməsinə baxmayaraq, Alen Simonyanın təxribat xarakterli fikirləri sülhə xidmət etmir: “Cümləsinin əvvəlində “əgər siyasi iradə olarsa, 15 günə qədər sülh müqaviləsi imzalamaq mümkün olar” - deyən Alen Simonyan, cümləsinin sonunda Azərbaycanın Ermənistan torpaqlarını işğal altında saxlaması ilə bağlı səsləndirdiyi yalan-yanlış fikirlərlə əslində özü-özünü təkzib edir.

Digər tərəfdən Alen Simonyan bütün məsələlərin razılaşdırıldığını deyir, lakin belə olan halda hər hansı ərazinin işğal altında qalmasından söhbət belə gedə bilməz. Bu cür zidiyyətli fikirlər Ermənistanın sülhlə bağlı mövqeyinin dəqiq olmadığını göstərir. Bu isə təbii olaraq Azərbaycan tərəfindən qətiyyətlə rədd edilir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə