"Beynəlxalq təşkilatlar Avropa və Amerikanın müəyyən dairələrinə bağlıdırlar" - EKSPERT ŞƏRH ETDİ
“Təəssüf ki, bəzi beynəlxalq donor təşkilatlarının Azərbaycandakı fəaliyyəti həm yanlış hədəflərə doğru yönəlir, həm yanlış üsullarda həyata keçirilir, həm də layihələrin icrası üçün yanlış faktlar seçilir. Artıq ortada faktlar var, beynəlxalq təşkilatlar Avropa və Amerikanın müəyyən dairələrinə bağlıdırlar. USAİD təşkilatı da məhz bu qəbildəndir. Azərbaycanda onların müxtəlif layihələrə yüz minlərlə xərclədiyi vəsait ortaya elə bir ciddi nəticə qoymur. O pulların müəyyən bir hissəsi seçilmiş subyektlərin özləri tərəfindən mənimsənilir, yanlış və qərəzli hesabatlar ortaya qoyulur, həmin qərəzli hesabatlar reallığı tam əks etdirməməklə bərabər, eyni zamanda həm ölkədə həmin beynəlxalq təşkilatlara qarşı mənfi rəy formalaşdırır, həm də həmin beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibətini daha da yanlış istiqamətə yönləndirir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Ekspert bildirib ki, beynəlxalq maliyyə qurumlarının fəaliyyət üsulları, seçdikləri hədəflər, araşdırma mövzuları Azərbaycanla həmin ölkələr arasındakı münasibətlərə mənfi təsir göstərir: “Burada əsas pozucu rolu bu layihələrin icrası üçün seçilmiş subyektlər oynayır. Artıq faktlar da sübut edir ki, bu layihələri ölkəmizdə icra edən subyektlər əslində ortaya daha ciddi, bəşəri əhəmiyyətə malik olan materiallar qoymaq əvəzinə, yalnız Azərbaycanın neqativ görüntüsünü yaratmaq məqsədi güdürlər, bu isə sonda çox ciddi fəsadlara gətirib çıxarır. Həmin insanların ucbatından bu gün Azərbaycanda beynəlxalq donor təşkilatlarının fəaliyyəti demək olar ki, məhdudlaşıb. Düzdür, bu işdə onlar Azərbaycanın rəsmi strukturlarını günahlandırmağa çalışırlar. Lakin günahı rəsmi strukturlar deyil də, həmin layihələri qərəzli və yanlış istiqamətdə icra edən subyektlərin fəaliyyətində axtarmaq lazımdır.
Beynəlxalq təşkilatların çox ciddi səhvlərindən biri də ölkəmizdə vəziyyəti gərginləşdirmək, mövcud reallığı fərqli göstərməyə çalışan subyektlərlə işləməyə maraq göstərməkdir. Çünki onların hədəfi Azərbaycanda müxtəlif strukturlarda səmərəli layihələrin həyata keçirilməsindən daha çox cəmiyyətin alt qatlarında gərginlik yaratmaq, ictimaiyyəti rəsmi strukturlara qarşı qaldırmaq kimi məqsədlərə daha meyillidir. Məhz bu məqsədlərə uyğun olaraq tərəfdaşlıq subyektləri seçirlər ki, bu da nəticədə bizə məlum olan ağır mənzərinin yaranmasına səbəb olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB