Kəlbəcər şəhəri günü qələbəmizdən soraq verir – ŞƏRH EDİLDİ

Kəlbəcər şəhəri günü qələbəmizdən soraq verir – ŞƏRH EDİLDİ

“2023-cü il iyulun 31-də Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Azərbaycan Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 25 noyabr Kəlbəcərin işğaldan azad edildiyi gün – şəhər günü kimi təntənəli şəkildə qeyd olunacaq. Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Belə ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirdi və müddət noyabrın 25-dək uzadıldı”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat Kəlbəcərin füsunkar gözəlliyindən, iqtisadi və turistik imkanlarından da söz açıb: “Azərbaycanın yüksək dağlıq rayonlarından biri olmaqla bərabər qədim tarixə malikdir. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Kəlbəcər rayonu ərazisi ən qədim insan məskənlərindən biri kimi tanınır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər rayonu ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insan sürü icmasının ilk əmək alətləri (daşdan) meydana gəlib. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı – “əkiz”ləridir. Bu ərazidə olan qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir. Rayonun "Qaragöl" və "Zalxa gölləri" sahillərində, "Ayıçınqıllı" və "Pəriçınqıllı" dağlarında qayalarda həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə başlanılıb. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Kəlbəcər rayonunda çox sayda mineral su qaynaqları var. Onlardan ən məşhurları Yuxarı İstisu, Aşağı İstisu, Qoturlu İstisuyu, Turşsu və s”.

A.Hüseynov qeyd edib ki, Kəlbəcər rayonu özünün zəngin filiz və qeyri-filiz faydalı qazıntıları ilə də tanınır: “Azərbaycan geoloqlarının səyi nəticəsində burada bir sıra qızıl (Söyüdlü, Ağduzdağ, Zərqulu, Qazıxanlı, Qalaboynu və s.), xromit, volfram, mis, molibden, qurğuşun, sink, civə, sürmə, mərgümüş, asbest yarımqiymətli və məmulat daşları (nefri-toidlər, jadeit, mərmər oniksi, irizasiyalı obsidian, qranatlar), mineral boyalar, perlit, üzlük daş, travertin, listvenit, müxtəlif cür tuf yataq və təzahirlər aşkar edilib”.

Bütün xəbərlər Facebook səhifəmizdə