"İƏT Azərbaycanla əlaqələrə xüsusi önəm verir" - POLİTOLOQ ŞƏRH ETDİ
"Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin kökü, təbii ki, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra, yəni 1991-ci ildən etibarən başlanmışdır. Azərbaycanın müstəqilliyini tanıyan ilk beynəlxalq təşkilatlardan biri də məhz İslam Əməkdaşlıq Təşkilatıdır. İslam Əməkdaşlıq Təşkilatına daxil olan dövlətlər bir yox, bir neçə qitədə yerləşir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, İƏT ilə Azərbaycan arasında bir sıra sahələrdə əməkdaşlıq olub: "İstər siyasi, istər iqtisadi, istər mədəni, istər turizm, istər sosial və s. sahələrdə müxtəlif formalı əməkdaşlıq platformaları həyata keçirilib. Yəni İƏT təkcə təşkilat olaraq deyil, həm də təşkilata daxil olan dövlətlərlə Azərbaycan arasında bir sıra sahələrdə, xüsusilə də, ərəb ölkələrindən Səudiyyə Ərəbistanı ilə və digər ölkələrlə əməkdaşlıq dərinləşdirilib. Ümumiyyətlə, İƏT-ə daxil olan dövlətlərin böyük əksəriyyəti Azərbaycanın hər zaman mövqeyini dəstəkləmişdir və bu gün də bu proses davam edir.
Biz İslam oyunlarının Azərbaycanda keçirilməsinə, eyni zamanda İCESCO-nun Azərbaycanla bağlı fəaliyyətinə şahidlik etdik. Biz dəfələrlə İƏT-də Azərbaycan lehinə, Azərbaycan ərazilərinin işğalı ilə bağlı Ermənistana qarşı qətnamələrin qəbul edilməsinə şahidlik etdik. Biz dəfələrlə İƏT, İslam İnkişaf Bankı ilə Azərbaycan arasında və s. sahələrdə əməkdaşlıqların şahidi olduq. Bunlar o deməkdir ki, Azərbaycanla əlaqələrə xüsusi önəm verir".
Samir Hümbətov sözlərinə belə davam edib: "Bu gün də bu proses davam edir. Azərbaycan müsəlman dövlətidir və İslam sivilizasiyasının, müsəlman aləminin ayrılmaz tərkib hissəsidir. Bu əlaqələr hər keçən gün daha da dərinləşir. Bu həm də onu deməyə əsas verir ki, Azərbaycan tolerant ölkə olmaqla yanaşı həm də milli, dini kimliyini də qoruyub saxlayan dövlətlərdən biridir. Amma Azərbaycanda şovinizmə milli irqçiliyə, milli ifratçılığa yol verilmir. Azərbaycan hər bir din üçün tolerant, hər dil, vətəndaş və millət üçün açıq ölkədir. Yəni bu barədə bizim hər hansı bir problemimiz yoxdur. Amma, təbii ki, böyük əksəriyyət müsəlmandır və milli kimliyini də qoruyandır. Bu baxımdan düşünürəm ki, İƏT-də Azərbaycanla hərtərəfli əməkdaşlığa üstünlük verildiyi halda da yenə Azərbaycanın milli kimlik və dini kimlik məsələsinə hörmətlə yanaşır. Azərbaycanın bu işdə atdığı addımları dəstəkləyir.
Düşünürəm ki, bundan sonra da əməkdaşlıq dərinləşəcək. Azərbaycan ərazilərinin həm 27 sentyabr 44 günlük İkinci Qarabağ zəfərində, eyni zamanda 19-20 sentyabr bir günlük lokal tipli antirerror əməliyyatlarında əldə etdiyi uğurlar İƏT-i də sevindirən amillərdəndir. Dəfələrlə də bu təşkilat tərəfindən Azərbaycana dəstək açıqlamaları gəlib. Bu açıqlamalar bura daxil olan dövlətlər tərəfindən gəlib. Hesab edirəm ki, gələcəkdə də bu proses davam edəcək. Azərbaycan da İƏT-in əsas, özək, bu prosesə dəstək verən dövlətlərindən biri olaraq özünün müsəlman dövlətləri ilə münasibətlərinə xüsusi diqqət yetirir. Bundan sonra da belə olacaq. İstənilən islam, müsəlman coğrafiyasında baş verən neqativ halların da Azərbaycan üçün təəssüfdoğurucu olduğunu demək lazımdır. Bütün müsəlmanların həmrəy olması Azərbaycan üçün önəmli amillərdəndir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də milli, dini kimlik məsələsinə xüsusi diqqət göstərməsi bu sahədə əsas strateji xəttimizin formalaşmasından xəbər verən amillərdən biri kimi dəyərləndirilə bilər".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB