Qazaxıstanla hərbi-texniki sahədə əməkdaşlığımız artan xətt üzrə gedir - HƏRBİ EKSPERT

Qazaxıstanla hərbi-texniki sahədə əməkdaşlığımız artan xətt üzrə gedir - HƏRBİ EKSPERT

"Azərbaycan və Qazaxıstan arasında son vaxtlar sıx əlaqələr mövcuddur. Bu əlaqələr yalnız müdafiə nazirlikləri arasında deyil, eyni zamanda müdafiə sənayesi nazirlikləri arasında da artan xətt üzrə gedir". Bunu SİA-ya Azərbaycan və Qazaxıstan arasındakı müdafiə sənayesi sahəsində əməkdaşlığı şərh edərkən hərbi ekspert Üzeyir Cəfərov deyib

Hərbi ekspert qeyd edib ki, qazaxıstanlı dostlarımız bizimlə bir sıra sahələrdə əməkdaşlıq etmək niyyətindədirlər: "Onlar tez-tez Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi xətti ilə istehsal etdiyi, yaxud da üzərində işlədiyi hərbi və qeyri-hərbi təyinatlı məhsullarla maraqlanırlar. Qazaxıstan Azərbaycan üçün tərəfdaş, dost bir ölkədir. Son vaxtlar Azərbaycan-Qazaxıstan münasibətləri artan xətt üzrə inkişaf edir”.

Ekspertin sözlərinə görə, Azərbaycan Qazaxıstanda, Qazaxıstan Azərbaycanda təkcə səfirliklər səviyyəsində deyil, eyni zamanda iki ölkənin hərbi-texniki əməkdaşlığı üçün hərbi atteşeliyi səviyyəsində də təmsil olunur: “Mütəmadi olaraq Qazaxıstan nümayəndələri Azərbaycan Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə tanış olur, iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün müəyyən təkliflərlə çıxış edirlər. Ona görə də yeni müdafiə sənayesi naziri həm tanışlıq məqsədilə də, hər iki ölkənin maraqlarına cavab verəcək hərbi məhsulların, hərbi təyinatlı avadanlıqların istehsalı ilə bağlı məlumatlandırıb. Qazaxıstan Azərbaycana çox böyük bir dövlətdir. Həm iqtisadi, həm də siyasi sahədə əlaqələrimiz mövcuddur. İndi də hərbi-texniki sahədə əməkdaşlığımız artan xətt üzrə gedir. Görüşü dost münasibətlərin bundan sonra da davam etdirilməsi məqsədilə keçirilən görüş kimi dəyərləndirmək olar”.

Bütün xəbərlər Facebook səhifəmizdə