Anastasiya Lavrina, YAP Gənclər Birliyinin üzvü
Ümummilli lider Heydər Əliyev istənilən şəraitdə, hər zaman Azərbaycanın və xalqının gələcəyini düşünürdü. O, gənclərlə işin formalaşdırılmasının, bu istiqamətdə proqramların hazırlanmasının, gənc kadrların dəstəklənməsi istiqamətində islahatların aparılmasının nə qədər vacib olduğunu mükəmməl dərk edirdi. Dövlətin uğurunu və rəqabətqabiliyyətliliyini formalaşdıran əsas şərt gənc nəslin keyfiyyətidir, eyni zamanda, gənclər cəmiyyətin ən həssas təbəqəsidir və məhz onlar dəstəyə, təşviqə, ictimai birliklərin yaradılmasına, sağlam həyat mühiti və sosial təminatlara ehtiyyac duyurlar. Heydər Əliyev bütün ölkə üçün çox çətin bir zamanda Azərbaycana qayıtdı. Ölkənin müstəqil dövlətçiliyinin dirçəldiyi, milli şüurun oyandığı və bununla bərabər Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin davam etdiyi bir dövrdə, Heydər Əliyev gənlər siyasətinin formalaşdırılması və inkişafı ilə bağlı doğru qərarlar qəbul etdi.
Gənc nəslə qayğı daim gənclərə böyük məhəbbətlə yanaşan ulu öndərin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması ilə gənclər siyasəti fəal şəkildə həyata keçirilməyə başlandı. 1996-cı ilin fevralında Prezident Heydər Əliyevin xüsusi Sərəncamı ilə Müstəqil Azərbaycan Gənclərinin I Forumu keçirildi və orada bütün kateqoriyadan olan gəncləri təmsil edən iki mindən çox gənc iştirak etdi. Heydər Əliyev başda olmaqla bütün dövlət orqanlarının rəhbərləri forumda fəal iştirak etmişlər. Tədbirdə gənclərin qarşılaşdıqları problemlərin öyrənilməsi, gənc iştirakçıların təklif və istəklərinin müzakirəsi bu sahənin hərtərəfli öyrənilməsinə və işə başlamasına kömək etdi.
1997-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Günü təsis edilmişdir. Heydər Əliyev çox gözəl dərk edirdi ki, gənc nəslin Vətənə məhəbbət ruhunda düzgün tərbiyəsi, onların mənəvi tələbatlarının ödənilməsi, sosial-iqtisadi problemlərinin həlli dövlətin uğurlu inkişafının açarıdır. Ulu öndərin gənclərlə çoxsaylı görüşləri, dəyərli tövsiyələri gənclərin milli və dövlət maraqları ətrafında birləşməsinə xidmət etmişdir.
2020-ci ilin payızında 44 günlük Vətən Müharibəsi zamanı azərbaycanlı gənclərin davranışı buna layiqli nümunə oldu. 90-cı illərin sonlarında, yəni Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra dünyaya göz açan gənc nəsil könüllü olaraq müharibədə iştirak etməyə can atırdı. Ali Baş Komandan Prezident İlham Əliyevin 2022-ci ildə Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı qeyd etdiyi kimi: “Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər”. Azərbaycanlı gənclərin birliyi həm ölkədə, həm də bütün dünyada hiss olunurdu. Etnik və dinindən asılı olmayaraq hamıda vətənpərvərlik hissi çox yüksək idi. Ali Baş Komandanın rəhbərliyi altında ordu ilə xalqın birliyi böyük Qələbənin əldə olunmasında həlledici məqamlardan birinə çevrildi.
Gənclərdə vətənpərvərlik hisslərinin yüksək olması indi, gənclərin öz ata-baba yurdlarınaqayıtmağa can atdıqları zaman da görünür. Uzun illər erməni işğalında olan torpaqlarımızişğaldan azad etdildikdən sonra həyat üçün zəruri olan bütün infrastruktur fəal şəkildə bərpa edilməyə və praktiki olaraq yenidən qurulmağa başladı. Artıq üç ilə yaxındır ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı üzrə proqram və layihələr davam edir. Prezident İlham Əliyevin “bir nömrəli vəzifə” adlandırdığı “Böyük qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlər yenidən salınmış kənd və şəhərlərə qayıdırlar. Artıq qayıdanlar və ya qayıtmağı planlaşdıranlar arasında qəlbində səmimi xoşbəxtlik və sevinc olan gənclər də az deyil.
Multikulturalizm də, əsası ümummilli lider tərəfindən qoyulmuş gənclər siyasətinin tərkib hissəsidir. Heydər Əliyev Azərbaycan ərazisində yaşayan etnik azlıqların mədəni və dini dəyərlərinin qorunmasını, insan hüquq və azadlıqları kontekstində demokratiyanın mühüm prinsipi hesab edirdi. Multikulturalizm Azərbaycan gənclərinin gündəlik həyatının bir hissəsinə çevrilmişdir.
Ümummilli liderin gənclər və multikulturalizmlə bağlı ideyaları Prezident İlham Əliyevin siyasətində də davam etdirilmiş və bu gün respublikamızın ictimai-siyasi həyatında gənclərin fəal iştirakını təmin etməklə yüksək səviyyədə həyata keçirilir. Gənc nəslin öz ölkəsinin əsl vətəndaşı, vətənpərvər kimi formalaşması üçün əlverişli şərait yaradılır. Azərbaycanda gənclər yüksək vəzifələr tutur, müxtəlif beynəlxalq konfranslarda fəal iştirak edir, vətənin mənafeyini yüksək tribunalardan müdafiə edirlər. Bunu Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirmək olar. Mükəmməl informasiya bilikləri ilə gənclər Cənubi Qafqaz regionundakı reallıqlar və Azərbaycanın qlobal miqyasda artan rolu haqqında dünyaya danışırlar.
Şübhəsiz ki, Ulu Öndərin siyasi fəaliyyəti ölkənin inkişafını, dövlətçiliyin möhkəmlənməsini, xalqın rifah halını təmin edib. Bu gün gənclərimiz memarı dahi ümummilli lider Heydər Əliyevin olduğu qüdrətli, güclü və müstəqil Azərbaycanın vətəndaşları olmaqdan qürur duyurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB