Məlumdur ki, cənab Prezident İlham Əliyevin müdrik siyasəti, rəşadətli ordumuzun gücü və şəhidlərimizin canı-qanı bahasına torpaqlarımız uzun həsrətdən sonra işğaldan azad edildi. Bəs, gəlin görək, torpaqlarımızın işğaldan azad edilməsi və möhtəşəm Zəfərimiz gənc fəalların gözündə necə canlanır? SİA onlar arasında bu barədə sorğu edərək fikirlərini öyrənib.

Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) Sosial Media üzrə meneceri Aysel Əzizova: “Gənclər azad edilmiş Azərbaycan torpaqlarına baxanda çətin günlər üzərində qələbə hekayəsi görürlər. Müharibə getsə də, terrora qarşı güclü tədbirlərin görülməsinə ehtiyac olsa da, biz zəfərə nail olduq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasət strategiyaları hal-hazırda illərdir ki, arzusunda olduğumuz tarixi əhəmiyyəti bölgənin - Qarabağın yenidən qurulmasına və inkişafına səbəb oldu. Gənclər üçün bu torpaqlar xəritədəki yerlərdən daha çox məna daşıyır. İşğaldan azad olunduqdan sonra azərbaycanlı gənclərin fəal iştirakı ilə Şuşada keçirilən tədbirlər buna misaldır.
Gənclər olaraq illər ərzində valideynlərimizdən, böyüklərimizdən işğaldan azad olunmuş torpaqlarımız haqqında hekayə və xatirələrini dinlərkən o torpaqları görmək istəyi günü-gündən çoxalırdı. İndi isə qürurla deyə bilərik ki, həmişə sadəcə haqqında eşitdiyimiz doğma torpaqlarımıza ayaq basa bilirik və həmin ərazilərin çiçəklənməsi üçün əlimizdən gələni edirik. Azərbaycan xalqının zəfəri bizə bir daha göstərir ki, biz birlikdə çalışdığımız zaman bir çox uğurlu nailiyyətlər qazana bilərik”.

ATGTİ-nin (Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının) mətbuat katibi Nəzrin Hüseynzadə: “Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi torpaqlarımızın işğaldan azad olunmasında iştirak edən əsgərlərimizin böyük əksəriyyəti gənc nəslin nümayəndələri oldu. Əlbəttə, onlar birinci Qarabağ müharibəsində döyüşmüş əsgərlərimizin açdığı cığırda onların davamçıları oldular. Bu baxımdan düşünürəm ki, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi müstəsna əhəmiyyət daşıyır. Və biz də gənclər təşkilatları olaraq işğaldan azad olunmuş ərazilərimizlə bağlı mütəmadi layihə və tədbirlər həyata keçirir, torpaqlarımızın bərpa-quruculuq işlərinin sürətlə davam etdirilməsinə öz töhfəmizi verməyə çalışırıq. Təsadüfi deyil ki, bu yaxınlarda, daha dəqiq desəm, sentyabrda ATGTİ olaraq biz “Şuşa tələbələrin gözü ilə” layihəsini reallaşdırdıq. Layihə çərçivəsində müxtəlif ixtisaslarda təhsil alan 180-ə yaxın yerli və xarici tələbələrin Şuşa şəhərinə səfərini gerçəkləşdirdik. Jurnalistika, hüquq, diplomatiya və memarlıq ixtisasları üzrə təhsil alan tələbələr Şuşa şəhərini gəzib, real vəziyyətlə tanış olduqdan sonra öz ixtisasları istiqamətində şəhərin abadlaşması üçün öz ideyalarını bizə təqdim etdilər. Hesab edirəm ki, Qarabağa nəfəs ora ayaq basan insanlarımızla canlanır və canlanacaq. Bu baxımdan həm Qarabağ həqiqətlərini dünyaya çatdırmağa davam etməli, həm də paralel olaraq Vətənimizi qurub yaratmağa davam etməliyik. Çünki biz bu torpaqların əsl sahibləriyik və biz Qarabağda, Şərqi Zəngəzurda əbədi yaşayacağıq. Ordumuzun başlatdığı bu şanlı Zəfər yolunu davam etdirmək biz gənclərin ən azı mənəvi borcudur”.

“Davam” Gənclər Hərəkatının mətbuat katibi Lumu İsrəfilli: “Azərbaycan xalqı tarixin bütün dövrlərində çətinliklərlə üzləşmiş və bu ağır sınaqlardan üzüağ çıxmağı bacarmışdır. Azərbaycanın ayrılmaz parçası Qarabağı bizə qovuşdurmaqla növbəti çətin sınaqdan qələbə ilə çıxmağımızda Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına, xüsusilə gəncliyə olan inam və etimadı da mühüm əhəmiyyət kəsb edir. Bu gənclik Qarabağı görmədən, o torpaqlarda addımlamadan qəlbindəki Vətən sevgisi ilə illərlə onun həsrətini çəkdi. Bu gənclik 44 günlük Vətən müharibəsinin hər anında istər arxa cəbhədə, informasiya savaşında öz dəstəyi və yardımları, tarixi həqiqətləri, qələmi və sözü ilə mübarizə apardı, istərsə də müharibənin aktiv fazasının cərəyan etdiyi cəbhədə bir əsgər olaraq Müzəffər Ordunun sıralarında mərdliklə döyüşdü. Qarabağı görməyən gəncliyin içindəki həsrət duyğusu, qalibiyyət sevgisi və haqq çağırışı bütün dünyanın təəccübünə səbəb oldu və hər kəs Azərbaycan gənclərinin yurda bağlılığının nələrə qadir olduğunu bir daha gördü.
Bu gün mən öz fikirlərimi qalib ölkənin məğrur gənci olaraq səsləndirirəm. Artıq illərin həsrəti inkişaf, yenidənqurma və bərpa işləri ilə əvəz olunub. İndi Qarabağ yenidən dirçəlir və yurdunun adamlarını qarşılayır. Bu tərəqqi, sözsüz ki, regiona da yeni nəfəs gətirməkdədir. Qarabağda aparılan infrastruktur layihələri öz müsbət nəticələrini göstərir və bu da dinamik inkişafa xüsusi təkan verir. Mənim gözümlə artıq Qarabağın, onun ürəyi Şuşanın dağlarının qara dumanı çəkilib. Artıq Qarabağın hər günü günəşli səhərlərlə açılır”.

“İRƏLİ” İctimai Birliyinin könüllüsü Nigar Əliyeva: “İşğal edilmiş torpaqlarımızla bağlı hekayələr uşaqlıq xatirələrimdə daim kədərli səs tonu ilə canlanır. Ermənilər tərəfindən viran qoyulan torpaqlarımızın, öz doğma yurdlarından didərgin düşən minlərlə soydaşımızın acı hekayəsi unudulmayacaq tariximizdir. Ürək ağrısı ilə keçən 30 il ərzində bu kədəri hər gün bir Azərbaycanlı olaraq yaşadıq, daim yad etdik. Lakin bu müddət ərzində azadlığa olan inamımız heç zaman qırılmadı, gələcəyə olan parlaq ümidlərimiz bir an belə sönmədi.
3 il öncə Azərbaycanlı gənc bir fərd kimi bu acı hekayələrin tam əksini - zəfər çalmış Azərbaycanın uğurunu birbaşa özüm yaşadım, şahid oldum.Bu gün bütöv bir xalq olaraq göstərdiyimiz əzmkarlığa, həmyaşıd olduğum gənclərin istər ön, istər arxa cəbhədəki fəallığına, qorxmaz sərkərdəmizin mübarizəsinə tanıq olmaqdan qürur duyuram.
30 illik həsrətdən sonra 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə bütün yaralarımıza məlhəm oldu, acılarımızı sardı, güvənimizi doğrultdu. Zəfər hissi kimi ali duyğunu yaşaya bildiyimiz üçün başda bizə bu güvəni aşılayan, etibar hissimizi daim canlı saxlayan Müzəffər Ali Baş Komandana təşəkkürümüzü bildirir, şəhidlərimizə Allahdan rəhmət diləyirik. Müharibə dövründə cəsarətli, igid Azərbaycan ordusunun göstərdiyi şücaətlə fəxr edirik.
Bu şanlı mübarizənin bəhrəsinin müqəddəs torpaqlarımızı görmək, gəzmək, kəşf etmək, havasını köksümüzə çəkmək olduğunu düşünürəm.
Hazırda İşğaldan azad olunmuş torpaqlarımız gözümdə sakit ve hüzurlu təbiət görüntüsünü,xoşbəxtlik və firavanlıq hissini canlandırır. Təsəvvürümdə canlandırdığım bu yerlərin hər guşəsi yad və amansız düşmən əlindən qurtulub – yeni və abaddır. Amma qədim tarixini gizlədə bilməyən, öz keçmiş kökünü daim büruzə verən təsvir şəklində təcəssüm edir.
Şübhəsiz ki, bundan sonrakı illər ərzində bu torpaqlarımızda keçirəcəyimiz hər an həyatımıza neçə gözəl xatirələr, xoş təəssüratlar qatacaq. Hər zaman şəhidlərimizi böyük qürurla anacaq, onların xatirəsini daim yad edəcəyik. Bizlərə miras qoyduqları bu torpaqları yenə canımız bahasına qoruyacaq və sahib çıxacağıq. Yaşasın Azərbaycan!”

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi PR və Kommunikasiya üzrə Menecer Sahilə Musayeva: “Yəqin ki, bir-birindən tamamilə fərqlənən hissləri eyni anda yaşamağın necə bir şey olduğunu bizim gəncliyimizdən daha yaxşı kimsə anlaya bilməz. Vətən müharibəsi dövründə də, işğaldan azad olunmuş torpaqlarımıza səyahət edərkən də qürur, sevinc, kədər, qəzəb – bu duyğuların hər birini ən dərindən yaşayırıq. Çünki bir qarış torpağın belə hansı mübarizələr əsasında geri qazanıldığının fərqindəyik.
Bu gün isə içimizdə bir ümid var. 30 il ərzində viran qoyulmuş torpaqlarda yaradılan şəraiti, inkişafı gördükcə bu ümid daha da artır. Hər zamankindən daha böyük həvəs və əzmlə çalışırıq. Bilirik ki, ölkəmizin, iqtisadiyyatımızın, bütün digər sahələrin inkişafı məhz biz gənclərə bağlıdır. Müstəqilliyi, davamlı inkişafı qoruyub saxlamaq yalnız parlaq, bacarıqlı, savadlı nəsillə mümükndür.
Cavan Gənclər Hərəkatı olaraq, təşkil etdiyimiz layihələrin hansı məzmunda olmasından asılı olmayaraq, hər zaman gənclərimizə fayda qazandırmağa, müəyyən dəyərləri ötürməyə çalışırıq. Bu kimi dəyərləri anlayan və aşılayan gənclik sözsüz ki, zəfərlərə layiqdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB