Ermənilərin gizlədə bilmədiyi QORXU KOMPLEKSİ VƏ ACİZLİK – TƏHLİL

Ermənilərin gizlədə bilmədiyi QORXU KOMPLEKSİ VƏ ACİZLİK – TƏHLİL

Azərbaycanla sülhə hazır olması ilə bağlı rəsmi İrəvan bir-birinin ardınca bəyanatlar versə də, bunun əksini görürük. Yəni, sülhə meyillilik əvəzinə, işğalçı ölkədə ancaq aqressivlik özünü büruzə verir. Ermənistanın, ümumilikdə, erməni cəmiyyətinin ancaq təxribatçı hərəkətlərini müşahidə edirik. Hələ də sülh niyyətli olmadığını erməni cəmiyyəti hər addımda göstərməkdədir. Hətta idman yarışlarında belə Ermənistan tərəfi ölkəmizə qarşı hansı şəkildə düşmən mövqedə olduğunu qətiyyən gizlətmir, çox qabarıq şəkildə bunu nümayiş etdirir və bununla həm də bütün dünya ictimaiyyətinə hörmətsizlik, saymazlıq edir. Halbuki bu, qorxu kompleksindən, acizlik əlamətindən irəli gəlir və hayların hələ də dünyamiqyaslı yarışlara mədəni səviyyələrinin çatmadığını təsdiq edir.

Diqqətə çatdırmaq yerinə düşərdi ki, idman yarışının, çempionatın insident olmadan, hətta iştirakçı ölkələrə hörmətsizlik belə edilmədən keçiriləcəyinə Ermənistan tərəfinin zəmanət verməsinə baxmayaraq, bütün dünya ictimaiyyəti cari ilin aprel ayında həmin ölkədə elə bir aqressivliyin, hətta elə bir vəhşiliyin şahidi oldu ki, bunu heç nə ilə izah etmək mümkün deyil. Əslində, erməni cəmiyyəti də, rəsmi İrəvan da nə isə izah etmək niyyətində də görünmədi. Yəni, ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyanın Azərbaycan bayrağını əldən “qaparaq” yandırması və səhnədən qaçaraq uzaqlaşması barədə Ermənistanın kimə isə, nə isə izah etmək fikri də olmadı. Əvvəla, ona görə ki, rəsmi İrəvan ölkədə belə bir aqressivliyə artıq alışqandır və bunun bütün dünya ictimaiyyətinə, eləcə də beynəlxalq idmaq qurumlarına hörmətsizlik olduğunun guya heç fərqində də deyil. Digər tərəfdən də, Ermənistana bununla bağlı hansısa təpkilər olmur deyə, belə aqressiv hərəkətlər davamlı xarakter alır. Bir sözlə, Ermənistanda belə aqressiv hərəkətlərin olmasına səbəb, həmin ölkəyə hələ də istənilən rakursda, həmçinin idman yarışları, çempionatlarla əlaqədar davranışlarına görə həddinin bildirilməməsidir və hədsizlik həm də bundan irəli gəlir, hansı ki, bununla bağlı qlobal miqyasda ciddi müzakirələrə ehtiyac var.

İdmanın siyasətdən uzaq olduğu barədə çox eşitmişik, amma deyəsən, bunu Ermənistan ictimaiyyəti, erməni cəmiyyəti nə eşitməyib, nə də qəbul edə, anlaya bilmir. Anlaya bilmir ki, idmanda rəqabət heç də siyasi rəqabət deyil. Yarışların, sempionatların, olimpiadaların, ümumilikdə, idman tədbirlərinin keçirilməsinin siyasətlə heç bir əlaqəsi olmadığı hələ də erməni cəmiyyətinə çatmayıb. Görəsən, bunu dərk etməkdə çətinlik çəkirlər, yoxsa nəzərə almaq istəmirlər? Görünür, sadəcə vəziyyətdən namərdcəsinə istifadə etmək həmin ölkədə ənənə halını alıb və normalar, normativlər, etik davranışlar Ermənistan üçün ən axırıncı yerdə durur. Əks halda, işğalçı ölkənin hansısa normalara riayət etdiyini müşahidə edərdik. Amma erməni cəmiyyəti bu normalara, məhz Azərbaycanın riayət etdiyini dəfələrlə seyr edib və hansısa irad belə bildirə bilməyib. Çünki çoxlu sayda yüksək səviyyəli beynəlxalq yarışlara ev sahibliyi edən Azərbaycanda keçirilən idman yarışlarının bəzilərində Ermənistandan da idmançılar iştirak ediblər və onlara qarşı hansısa aqressivlik edildiyi bircə dəfə də müşahidə edilməyib. Hətta müxtəlif ölkələrin milli komandalarında çıxış edən erməni əsilli idmançıların ölkəmizdə keçirilən yarışlarda iştirak etməsi halları da olub və heç vaxt Ermənistan bayrağının yandırılması kimi bir hadisə qeydə alınmayıb. Ümumiyyətlə, Ermənistan idmançılarına və ya müxtəlif ölkələrin milli komandalarında təmsil olunan etnik ermənilərə qarşı da hər hansı digər formada təzyiqlərin göstərilməsi hallarına da qətiyyən rast gəlinməyib.

Noyabrın 10-dan 12-dək İrəvanda keçirilən sambo üzrə dünya çempionatı bir daha sübut etdi ki, Ermənistan idmanın siyasətdən kənar olduğunu hələ də ya anlaya, ya da qəbul edə bilmir. Rusiya, Belarus, Fransa, eləcə də qaçqın komandalarının nümayəndələri İrəvanda keçirilən dünya çempionatında neytral statusda mübarizə aparıblar və bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax da bilirdi. Onu da bilirdi ki, Azərbaycan millisi İrəvanda keçirilən sambo üzrə dünya çempionatına nə dəvət almayıb, nə də iştirak etməyib. Cənubi Qafqazın bir cırtdan ölkəsində keçirilən yarışda iştirak etmək, yaxud orada təmsil olunmaq qətiyyən müzakirə mövzusu deyil, bu heç maraq dairəsində də ola bilməz. Müzakirə mövzusu odur ki, Ermənistan dəvət etməyib, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax da bunu görməməzliyə vurub. Yəni, Tomas Bax da bilmir ki, idman siyasətdən kənardır? Bəlkə, ona bu barədə xatırlatma etmək lazım gəlirdi? Hər halda, bu boyda komitənin prezidenti xatırlatmaya qətiyyən ehtiyac duymamalı idi.

Əslində, Azərbaycan millisinin İrəvanda keçirilən sambo üzrə dünya çempionatlnda iştirak etməməsi tamamilə yerinə düşdü. Hər halda, ölkəmizin milli maraqlarına zidd olan hərəkətlərə yol verilən tədbirdə iştirak etmək marağı qətiyyən ola bilməz. Qondarma qurumun guya bayrağı hesab olunan əski parçasının çempionatın keçirildiyi Karen Dəmirçyan adına idman-konsert kompleksinin tribunalarına aparıldığı barədə Ermənistan mətbuatı utanmadan, özü də sevinc hissi ilə məlumat yayırsa, deməli, erməni cəmiyyəti hələ də idman yarışları ilə siyasəti baş-ayaq qarışdırır və belə bir yarışda iştirak edilməməsi məhz elə bu baxımdan da daha münasib hesab olunur. Sadə dildə desək, nə yaxşı ki, belə bir idman yarışında Azərbaycanı təmsil edən idmançılarımız iştirak etməyiblər. Amma istənilən halda, dəvət olmadığına görə Ermənistan tərəfi bir yana, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax hesabat xarakterli bir cavab verməlidir.

Bir daha təkrarən qeyd edək ki, məqsədimiz və müzakirəmiz heç də Ermənistanda keçirilən həmin o sambo üzrə dünya çempionatında iştiraka görə deyil. Müzakirə mövzusu işğalçı ölkə olan Ermənistanın məhz Azərbaycana qarşı aqressiv münasibəti və təxribatıdır ki, bunu, çempionata ölkəmizi dəvət etməmələrində də, qondarma rejimin dırnaqarası “bayraq” adlandırdığı həmin o əski parçasının çempionatın keçirildiyi idman-konsert kompleksinin tribunalarına aparıldığı da, üstəlik, Ermənistan telekanallarında belə axmaq hərəkətin və hədsizliyin canlı nümayiş etdirilməsi də təsdiq edir. Bu həm də bir təxribatdır, hansıki idman yarışlarında edilir. Sözsüz ki, hazırda Ermənistanın Sambo Federasiyasının prezidenti olan Mikael Ayrapetyanın şəxsi razılığı olmasaydı, bu cür təxribat baş verə bilməzdi. Hətta Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov da belə təxribatlara görə cavab verməlidir. Nəinki cavab verməlidir, İrəvanda baş nazir Nikol Paşinyanla görüşərək ona xatirə medalı təqdim edən Şestakov, qondarma rejimin qondarma da sayılan bayrağı kimi təqdim edilən əski parçasının tribunaya aparılmasına görə mütləq şəkildə, ən azından reaksiya verməlidir. Hətta belə bir reaksiya verməyə borcludur. Hər halda Şestakov unutmayıb ki, sambo üzrə beynəlxalq yarışlar Azərbaycanda da dəfələrlə keçirilib və bilir ki, bundan sonra da keçiriləcək. Hətta onu da bilir ki, Azərbaycan belə cılızlıq, belə acizlik heç zaman etməz. Çünki ölkəmizin hansısa kompleksi, ələlxüsus da Ermənistanda olan qorxu kompleksi qətiyyən yoxdur.

Bəli, bu dəfə də idman yarışları, sambo üzrə dünya çempionatı fonunda Ermənistanın acizliyi özünü göstərdi və bütün dünya həmin ölkənin rəzalətini seyr etdi. Qondarma bayraqlarını qoyub döyüş meydanından qaçanların sonra idman yarışında həmin o əski parçasını tribunaya aparması, təxribat olmaqla yanaşı, həm də çox gülünc görünür. Döyüş meydanında üzə çıxara bilmədikləri əski parçasını, məhz Azərbaycanın da qatılmadığı idman yarışında ortaya çıxarılması qorxaqlığın, acizliyin əlamətidir. Həmin o əski parçasını ordumuzun ayaqları altına atıb qaçanlar, qaçıb aradan çıxmaq üçün qondarma qurumun da buraxılacağını bəyan edənlər aradan çıxandan sonra öz aralarında həmin o əskini ortaya çıxarırlarsa, bu qorxu kompleksi deməkdir. Ermənistan bu dəfə də idman yarışları ilə bağlı sınaqdan keçə bilmədi və buna da məhz qorxu kompleksi və acizliyi imkan vermədi. Bəlkə də əvvəlki yarışda Nikolyanın ölkəmizin bayrağını yandırması, bu yarışda da Azərbaycanın dəvət olunmaması və qondarma rejimin “əskisinin” tribunaya daşınması Ermənistanda “qəhrəmanlıq” sayıla bilər, amma kənardan baxanda açıq şəkildə görünür ki, çoxlu sayda milli mif və layihələrinin dağılmasından sonra meydana çıxan kompleksləri, ələlxüsus da qorxu komplekslərini Ermənistan tərəfi ucuz və primitiv yolla boğmağa çalışır. Elə rəzalət, acizlik, qorxu kompleksi də məhz budur, hansı ki, haylar bunu idman yarışında da gizlədə bilmədilər.

Ermənilər öz evlərində, özlərinə məxsus olan künc-bucaqda, kimsənin görmədiyi bir yerdə, “xəlvəti bir güşədə” istər qorxu kompleksi olsun, istərsə də nə olur-olsun, bu şəkildə öz “ehtiyaclarını” ödəmək üçün, özlərinə təsəlli vermək üçün belə hərəkətlər etsəydilər, bütün bunlara fikir verməzdik. Amma onların bunu beynəlxalq idman yarışlarında etməsi nə diqqətdən yayına bilməz, nə də cavabsız qalması mümkün deyil. Özlərinə istər təsəlli vermək üçün, istərsə də “ehtiyaclarını” ödəmək üçün belə hədsizlik etmələrinə görə “hesab sorulmalıdır” və elə özləri hamıdan yaxşı bilirlər ki, hədsizliklərinə görə hesab vermək məcburiyyətindən yaxa qurtara bilməzlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə