Yaxud, Azərbaycanla Ermənistanın sülhə gedən fərqli yolları…
Ermənistan sülhü imitasiya edir, bu ölkənin rəsmiləri beynəlxalq güclərin təmsil oldunduğu məkanlarda bu barədə ağızdolusu danışmaqla guya sülhpərvər olduqlarını nümayiş etdirirlər. Əməli işə gəlincə isə vəziyyət kökündən dəyişir, hələ də rəsmi İrəvanı təmsil edənlərin və əksər ermənilərin hələ də revanşist ruhda olduqları bəlli olur. Əslinə qalsa ermənilər nə qədər gücsüz olduqlarının fərqindədirlər, amma dünya erməni cəmiyyətləri, erməni lobbisi və onların maliyyəsi ilə “danışan” bəzi beynəlxalq təşkilat və siyasətçilər Ermənistanı inandırmağa çalışır ki, növbəti müharibədə istədiklərinə nail ola bilərlər. Ermənilər “Ukrayna dərsləri”ndən örnək alıblar, bilirlər ki, Qərb dairələri istənilən vaxt onların arxalarından çəkilib onları tək qoya bilərlər.
Bu gün Ermənistan Fransaya sığınıbmış kimi görünür. Rusiyanın qucağından düşməmiş Parisin qoynunda özünə isti yuva quracağını düşünür. Ermənistanın baş naziri “kursu” dəyişmək üçün Moskva ilə açıq “savaşa” başlayıb. Məlumdur ki, Paşinyan bunu öz ağlı və ağzı ilə edəcək qədər səriştəli və cəsarətli biri deyil, onu bu yol üstə qoyanlar var. Amma Rusiyanın Cənubi Qafqazdan getmək istəmədiyini və bunun üçün hətta ağır savaşa hazır olduğunu hər addımda İrəvanın qulağlna pıçıldaması regionu hansı dəhşətlər gözlədiyini deyə bilərik.
Ermənistan özünü böyük güclərin qlobal oyunlarına alət etməyə həvəslidir. Bundan əvvəl Ermənistan Rusiyanın aləti idi və buna könüllü şəkildə razı olmuşdu. Nəticədə Ermənistanın elə bir vəziyyətə düşdü ki, bundan dərs çıxarması lazımdır. Amma İrəvan bunu etmir. İndi yenə səhv edir, öz işini başqasına tapşırır, problemini başqalarının əli ilə həll etməyə çalışır və nəticədə özünü başqasının aləti olaraq təqdim edir. Təbii ki, Fransanın erməni sevgisi Ermənistanı daha yaxşı etməkdən qaynaqlanmır, daha doğrusu, Parisin İrəvan aşiqliyi fransızların erməniləri sevməsi anlamına gəlməməlidir. Sadəcə, Fransa bu ölkəni öz məqsədlərinə alət edir. Uzaq Fransaya sığınmaq, saxta sevgili obrazı yaratmaqdansa İrəvan Türkiyə və Azərbaycanla səmimi qonşuluq münasibətlərinə başlasa problemləri də həll olunar.Ermənistan və ermənilər anlamalıdır ki, Fransanın çirki oyunlarının arxasında Cənubi Qafqaz bölgəsində soxulmaq və burada möhkəmlənməkdir. Ayaq altında qalan yenə Ermənistan olacaq.

Paşinyan Parisi partladır – PPP…
Ermənistanın baş naziri Nikol Paşinyan Fransada “sülh konfransı” çərçivəsində keçirdiyi bir sıra görüşlər zamanı Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, müqavilə 70 faiz razılaşdırılıb. Bakı da sənədin hazırlığını eyni cür qiymətləndirir. Problem ondadır ki, tərəflərin danışıqlar ritmi bir-biri ilə uzlaşmır. Hələ ki, danışıqların əvvəlki intensivliyinə qayıtmaq kimi bir əlamət yoxdur. Görünür ki, ciddi fikir ayrılığı var. Həm də təkcə İrəvanla Bakı arasında deyil, həm də İrəvanla Moskva arasında. Rusiya Federasiyası ilə Ermənistan indi xüsusilə Rusiya sərhədçiləri üzərində mübahisə edir.
İndi çoxları Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması şanslarının nə olduğunu qiymətləndirməyə çalışır. Noyabrın 10-da VI Paris Sülh Forumunda çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, işin 70%-i artıq görülüb. Ermənistan hökumətinin başçısının saytında bildirilir ki, Parisdə Paşinyan Fransa prezidenti Emmanuel Makron və ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Brayenlə danışıqlar aparıb. Hər görüşdə qonşu Azərbaycanla münasibətlərin tənzimlənməsi müzakirə olunub. Nikol Paşinyanın bəyanatı ilk baxışdan nikbin görünsə də (70% hələ çoxdur), əslində belə deyil. Baş nazir özü qeyd edib ki, sazişin bağlanması Bakının razılığı ilə mümkündür və yaxın aylarda sülh sazişinin imzalanması çox real olacaq.
Nikol Paşinyanın qeyd etdiyi prinsiplər Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyü (29,8 min kv.km Ermənistan və 86,6 min kv.km Azərbaycan ərazisi), iki ölkənin sərhədlərinin 1991-ci il xəritələrinə əsasən demarkasiyası və delimitasiyasıdır. Eləcə də tərəflərin qarşılıqlı prinsiplərinə əsaslanan kommunikasiyaların açılması da bura aiddir. Bakı isə sənədi yekunlaşdırmağa tələsmir. Baxmayaraq ki, sentyabrda onlar Nikol Paşinyanın Parisdə dediklərini dəqiq bəyan ediblər. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev eyni rəqəm barədə danışıb. Problem ondadır ki, İrəvanla Bakı arasında ilin birinci yarısında intensivliyi ilə diqqət çəkən sülh danışıqları indi, demək olar, dayanıb. Tərəflər arasında sonuncu təmaslar - xarici işlər nazirləri səviyyəsində iyul ayında baş tutub. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan əvvəlcə Brüsseldə, sonra isə Moskvada görüşüblər. O vaxtdan bəri sülh müqaviləsi üzərində intensiv iş barədə heç nə eşidilmir. Oktyabrın 5-də Nikol Paşinyan Qranadaya Avropa Siyasi Birliyinin sammitinə uçan zaman Azərbaycan lideri İlham Əliyev oraya getməkdən imtina edib. Oktyabrın 13-də Azərbaycan prezidenti MDB-nin Bişkek sammitinə gedəndə Ermənistanın baş naziri bu tədbiri qaçırıb.
Cənubi Qafqazın iki respublikasının baş barışdırıcısı adı uğrunda Rusiya ilə Qərb arasında rəqabət, həm də bu prosesdə rəqabət aparan tərəflərin hər birinin öz maraqlarını güdməsi heç kimə sirr deyil. Moskvanın regionda təsirini qoruyub saxlaması, Brüssel və Vaşinqtonun onu artırması da gözümüzün qarşısında cərəyan edən hadisələrdəndir. Qərbi orada Aİ-nin Ermənistan ərazisində fəaliyyət göstərən monitorinq missiyası təmsil edir. Rusiyanın regionda daha təsiredici varlığı var: Gümrüdəki hərbi baza, Ermənistanın İran və Türkiyə ilə sərhədində xidmət edən sərhədçilər, hələ də Qarabağda yerləşmiş sülhməramlılar.
Baxmayaraq ki, Qarabağ məsələsi Azərbaycan tərəfindən tam olaraq həll olunub. Bundan əlavə, Rusiya Zəngəzur dəhlizi boyunca nəqliyyat kommunikasiyalarının qorunmasına cavabdeh olmaq niyyətini gizlətmir. Moskva Rusiya və Azərbaycan prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata istinad edir.

Moskva İrəvana nəyi və necə sübut edir?
Üçtərəfli Bəyanatın 9-cu bəndində deyilir: “Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılacaq. Ermənistan vətəndaşların, avtonəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat rabitəsinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat rabitəsinə nəzarəti Rusiya FSB-nin sərhəd xidməti həyata keçirir”. İndi məlum olur ki, bu məsələ Moskva ilə İrəvan arasında ciddi mübahisə predmetinə çevrilib. Oktyabrın 26-da Nikol Paşinyan Tbilisidə gələcək kommunikasiyaların fəaliyyəti ilə bağlı “Dünyanın kəsişməsi” layihəsini təqdim edib. O qeyd edib ki, bütün infrastruktur, o cümlədən avtomobil yolları, dəmir yolları, hava yolları, boru kəmərləri, kabellər, elektrik xətləri keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərir. Paşinyan ayrıca vurğulayıb ki, hər bir ölkə öz ərazisində öz dövlət qurumları vasitəsilə sərhəd və gömrük nəzarətini həyata keçirir, həmçinin infrastrukturun təhlükəsizliyini, o cümlədən malların, nəqliyyat vasitələrinin və insanların təhlükəsizliyini təmin edir. Nikol Paşinyan Ermənistan ərazisində bütün kommunikasiyaların təhlükəsizliyini təmin edəcək Ermənistan təhlükəsizlik qüvvələrinin xüsusi bölməsinin yaradılmasını da açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhindən isə belə çıxır ki, Moskva Ermənistan ərazisində sərhədçilərin olması üçün mübarizə aparmaq niyyətindədir. Noyabrın 9-da keçirdiyi brifinqdə o, “Dünyanın kəsişməsi” təşəbbüsünü şərh edərkən deyib: “Üçtərəfli razılaşmalarda Rusiya FTX-nin sərhəd xidmətinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə nəzarəti həyata keçirməyə dair bənd var.
Zaxarovaya erməni həmkarı, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan belə cavab verib: “Ermənistan Respublikası hökuməti bu yaxınlarda “Dünyanın kəsişməsi” layihəsini dərc edib, onun əsas prinsiplərindən çıxış edir. Aydın olur ki, regional kommunikasiyalar açıldığı halda Ermənistan Respublikası öz ərazisində dövlət orqanları vasitəsilə sərhəd və gömrük nəzarətini həyata keçirməlidir. Ermənistan Respublikası heç vaxt heç bir sənəddə öz suverenliyinə hər hansı məhdudiyyətlə razılaşmayıb və onun suveren ərazisinin heç bir hissəsində üçüncü ölkənin nəzarəti yaradıla bilməz”.
Mübahisə, şübhəsiz ki, davam edəcək və Ermənistan-Rusiya münasibətlərində toplanmış çoxlu digər münaqişə məsələlərini tamamlayacaq. Yeni münaqişə Bakı və İrəvanın sülh sazişinin hazırlanmasının yekun mərhələsinə daxil olması perspektivləri ilə birbaşa bağlıdır. Və bu, şübhəsiz ki, belə bir müqavilənin imzalanma anını heç də yaxınlaşdırmır. Ermənistan-Azərbaycan danışıqlarındakı pauza da bunu göstərir: nə Qərb, nə də Rusiya görüşü təşkil edə bilməz. Qərb vasitəçilərinin bütün cəhdləri heç bir nəticə vermir. Liderlərin görüşünü keçirmək cəhdləri uğursuzluqla nəticələnir. Bakının vasitəçilərlə bağlı şikayətləri var və Azərbaycan daha çox ikitərəfli formata üstünlük verir. İrəvanda isə düşünürlər ki, əgər görüş yekunda Avropa platformasında baş tutmasa, bu, Ermənistan üçün pis xəbər olacaq. Çünki bu, Ermənistanın maraqlarına uyğun olmaya bilər.
Bakı üçün əsas odur ki, rabitə təhlükəsizliyi təmin olunsun və bunu hələlik Rusiya sərhədçiləri təmin edə bilər. Ermənistan isə öz ərazisində təhlükəsizliyi təmin etmək istəyir. İrəvanda Rusiyanın iştirakının sabitliyin qorunmasına kömək edəcəyi hissi yoxdur. İndi daha çox sual budur: Tezliklə sülh müqaviləsi imzalana bilərmi? Hər iki lider buna hazır olduqlarını bildiriblər. Məsələ isə hələlik ortaq variantın olmamasıdır. Kommunikasiyaların qorunması ilə bağlı mübahisə yeni fikir ayrılığı mövzusudur. Burada Bakı və Moskvanın mövqeləri üst-üstə düşür, eyni zamanda, Ermənistan özündə olmayan şeylər üçün bazarlıq etmək istəyir, halbuki, yolun keçməli olduğu ərazi üzərində heç bir suverenliyi yoxdur. Orada Rusiya sərhəd qoşunları yerləşdirilib. Deməli, bu mövzu daha çox Moskva ilə İrəvan arasında olan məsələdir.

Rusiya və Ermənistan pozulmuş münasibətləri
Azərbaycan üzrə rusiyalı ekspert Aleksandr Budberq hesab edir ki, kommunikasiya məsələsi yeni eskalasiyaya səbəb olmayacaq. “Mən müharibə ehtimalını aşağı qiymətləndirirəm, hesab edirəm ki, Ermənistanın müharibə etmək imkanı, Bakının isə arzusu yoxdur. Azərbaycan Zəngəzuru heç bir sanksiyaya dəyişmək istəmir. Amma vəziyyət statik olaraq qalmır və onun necə inkişaf edəcəyini görməliyik. Əgər hansısa beynəlxalq qüvvələrin tətbiqi ilə bağlı çağırışlar olsa, bu, hamını qıcıqlandıracaq. Mən əmin deyiləm ki, İran orada bəzi, məsələn, Fransa sülhməramlılarını görməkdən məmnun olacaq”, Budberq bildirib.
Beləliklə, Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması və müvafiq olaraq bütün tərəflərin həyat səviyyəsinin yaxşılaşdırılması imkanı var. Ermənistanın mövqeyi hadisələri müxtəlif istiqamətlərə apara bilər. Qərar verməliyik, uzunmüddətli sülh, yoxsa sonu görünməyən qarşıdurma?
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB