"Erməni havadarları sülhün yaradılmasına mane olmaq istəyir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Cənubi Qafqazda münaqişələrin və ilk növbədə Qarabağ münaqişəsinin 30 il ərzində həll olunmaması beynəlxalq siyasətin bir sıra aktyorlarının maraqlarına uyğun idi. Münaqişələrin yaradılması, idarə olunması və nə qədər paradoksal səslənsə də bu münaqişələrdən faydalanmaq bütün zamanlarda qlobal güc mərkəzlərinin məqsədəuyğun planlı siyasəti olub və bu gün də belədir. Qarabağ münaqişəsinin bu baxımdan özünəməxsus fərqli cəhətləri var. Onu qlobal güclərdən biri yaratmışdı, digərləri isə status-kvonun saxlanmasında maraqlı olduqlarını göstərirdilər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, Azərbaycan rəhbərliyinin bu münaqişənin gedişinə birtərəfli qaydada müdaxiləsi münaqişəni öz nəzarətində saxlamağa çalışan güc mərkəzlərinin planlarını pozdu: "Ermənistan ordusu böyük itkilər verərək təslim oldu, torpaqlar işğaldan azad edildi, daha sonra separatçı qurum ləğv olundu. Bununla da ölkəmiz ərazisində Azərbaycan dövlətinə təzyiq və təhdid mexanizmi olan münaqişə tamamilə aradan qaldırıldı. Bundan sonra Cənubi Qafqazı öz təsir dairəsinə salmaq, təzyiq altında saxlamaq və öz iradəsini qəbul etdirmək üçün heç bir təhdid aləti qalmadı. Bu isə bölgəmizi idarə etmək istəyən güc mərkəzlərini qane etmir. Odur ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına edilən cəhdlər həmin güc mərkəzlərinin ciddi müqaviməti ilə üzləşir".

Deputat sözlərinə davam edərək bildirib ki, Fransanın timsalında Avropa dövlətlərinin Ermənistanda revanş ruhunu saxlamaq üçün göstərilən cəhdlər, bu cəhdlərin hətta Ermənistanı silahlandırmağa qədər uzanan planları yalnız bir məqsəd güdür: münaqişəni yenidən alovlandırmaq və Cənubi Qafqazda daimi sülh və sabitlik yaradılmasına mane olmaq: "Mövcud durumda Azərbaycan və Türkiyə də qabaqlayıcı addımlar atır və adekvat tədbirlər görürlər. Vətən müharibəsindən dərhal sonra bütün bölgə dövlətlərinin qarşılıqlı əməkdaşlığını nəzərdə tutan "3+3" platforması məhz bölgədən kənar güclərin Cənubi Qafqaz regionuna müdaxiləsini önləmək və onların təsirini minimuma endirmək məqsədi daşıyır. Bu platforma əsasında bölgə dövlətlərinin qarşılıqlı faydalı əməkdaşlığını təmin etmək mümkün olarsa, o zaman ABŞ, Avropa və Rusiyanın timsalında Cənubi Qafqaz bölgəsində sülhə və sabitliyə yaradılan təhlükə də aradan qaldırılmış olacaq. Bu isə bütün bölgə dövlətlərinin maraqlarına tam cavab verir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə