“Qarşıdan Zəfər günü gəlir. 8 noyabr Azərbaycan xalqının tarixində və taleyində böyük bir zirvədir. Hansı ki, bu qələbə zirvəsidir. Bu zirvə həm Azərbaycan xalqını, həm də Azərbaycanı sevən insanları qalib xalqa çevirib. Zəfər günündən bir gün sonra isə 9 noyabr Dövlət Bayrağı günü gəlir. 1917-ci ilin fevralında Rusiyada 300 ildən çox hakimiyyətdə olan Romanovlar sülaləsi devrildi. Xalqların həbsxanası sayılan Rusiya dağıldı və Rusiya İmperiyası tərkibinə daxil olan xalqlar müstəqillik uğrunda mübarizəyə başladı. Bu xalqlardan biri də təbii ki, Azərbaycan xalqı idi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.
Deputat bildirib ki, bu müstəqilliyə qədər 1918-ci ilin martında erməni daşnaq qüvvələri tərəfindən Azərbaycan əhalisinə qarşı soyqrım həyata keçirildi: “Bakıda, Şamaxı, Quba qəzalarında, Qərbi və Cənubi Azərbaycanda 100 minlərlə azərbaycanlı soyqrıma məruz qaldı, ev-eşikləri yandırıldı, əmlakları müsadirə edildi. Amma bütün bu çətinliklərə baxmayaraq, 1918-ci mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Beləliklə elan olunan hökumət Gəncəyə gəldi. Gəncəyə gələn hökumət bir neçə gün sonra, Osmanlı bayrağına oxşayan bayraq qəbul etdi. Bu təbii ki, Osmanlı köməyindən doğan bir hadisə idi.
1918-ci noyabrın 9-da milli hökumət türkçülüyü, müasirliyi və islamlaşmanı özündə əks etdirən Azərbaycan bayrağını qəbul etdi. Hətta 1918-ci il noyabrın 16-dan 17-ə keçən gecə ingilis qüvvələri Bakı limanından daxil olarkən, Azərbaycan milli hökuməti onları üçrəngli bayrağımızla qarşıladı. İngilislər bu bayrağın dalğalanmaması üçün çalışsalar da, 1918-ci ilin dekabr ayında Azərbaycan parlamenti fəaliyyətə başladıqdan sonra parlament üzərində bu üçrəngli bayraq dalğalanmağa başladı.
Azərbaycan bayrağının məna çalarları çoxdur. Torpaqlarımız işğaldan azad olunarkən ilk öncə həmin ərazilərdə bayraqlarımız dalğalandırıldı və bütün dünyaya bəyan etdik ki, biz Azərbaycanın suverenliyini təmin etdik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB