“Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq – öz yurduma öz hakimliyim”.
Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmür. Bayraq sevgisi vətən sevgisidir. Şəhid varsa torpaq var, Torpaq varsa Vətən var, Vətən varsa bayraq var. Bayraq - bir ölkəni işarələyən dövlət rəmzidir, müharibələr, inqilablar zamanı öndə, insanların başı üzərində aparılan, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır. Bayraq dövlətin varlığını təsdiqləyən, milləti ucaldan, hər bir vətəndaşı qürurlandıran rəmzdir.
Azərbaycanda Dövlət Bayrağı Gününün təsis olunması və hər il təntənə ilə keçirilməsi məhz bu mənəvi dəyərdən qaynaqlanır. Üçrəngli, ağ aypara və səkkizguşəli ulduzlu bayrağımız dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. Azərbaycanın dövlət bayrağı mühüm ideoloji əsasları özündə cəmləmişdir. Bütün müsəlman və türk dünyasında ilk dəfə idi ki, milli mədəni, mənəvi dəyərlərə, eyni zamanda demokratik ideallara əsaslanan bir dövlət qurulurdu. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi məna XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipinə əsaslanırdı. Bu, Azərbaycanın görkəmli mütəfəkkiri Əli Bəy Hüseyzadənin irəli sürdüyü “Türkçülük, müasirlik və islamçılıq” prinsipi idi.
Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını bildirir, mavi rəng türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng, həm də simvolik məna daşıyır. Göy rəng XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirirdi.
Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir.
Yaşıl rəng – İslam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir.
Xalq Hərəkatı dövründə də başımızın üstündə müqəddəs üçrəngli bayrağımızı gördük, qürurlandıq, mübarizə ruhumuz artdı, məsuliyyətli olduq. Uzun illərdən sonra ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Sovet imperiyasının hələ mövcud olduğu bir dövrdə Ulu Öndərin belə bir addım atması bütün SSRİ-də, həmçinin Azərbaycanda böyük əks-səda vermişdi. Eyni zamanda bu hadisə Azərbaycanda milli azadlıq mübarizəsində xalqa böyük ruh vermiş və xalq hərəkatını daha da qarşısı alınmaz prosesə çevirmişdi.
Sonralar Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyev bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının Ali Sovetinin işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Dövlət bayrağı suverenliyimizin rəmzidir. 14 ildir ki, bu əlamətdar tarixi şərəflə, qürurla qeyd edirik. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı müvafiq Sərəncam imzaladı. Həmin Sərəncama əsasən, hər il ölkəmizdə noyabrın 9-u Dövlət Bayrağı Günü qeyd edilir. 2010-cu il sentyabrın 1-də ölkə başçısı İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı oldu. Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikasının dövlət bayrağı dünyanın ən hündür - 162 metr bayraq dirəyində ucaldıldı. Dünyada ən hündür yerdə dalğalanan bayrağın eni 35, uzunluğu 70 metr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Milyonların sevdalısı olan müqəddəs Azərbaycan Bayrağı hər birimizin qürur mənbəyi, and yerimizdir. Bu müqəddəs bayraq uğrunda himnimizdə də deyildiyi kimi, minlərlə can qurban olub. 44 günlük Vətən müharibəsi xalqımızın üçrəngli bayrağa olan sonsuz məhəbbətini, bayraq ətrafında necə sıx birləşməyi bir daha göstərdi. Mübariz xalqımızın vətəndaşları öz evlərini, avtomobillərini üçrəngli Azərbaycan bayrağına bürüdü. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altındakı rəşadətli, müzəffər Azərbaycan ordusunda xidmət edən hər bir əsgərin arzusu azad olunmuş torpaqlarımıza yenidən Azərbaycan bayrağını sancmaq idi. Bu gözəl hiss, duyğu artıq reallığa çevrilib.
Bu gün Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda dalğalanır. Sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanın atdığı növbəti qanlı təxribata rəşadətli ordumuz tərəfindən layiqli cavab verildi. 30 illik səbrin, təmkinin tükəndiyi bir vaxtda xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bir çağırışı, bir əmri ilə Qarabağ torpaqlarının Ermənistanın işğalından azad edilməsi sevincini yaşamağa başladı. Azərbaycan üçrəngli bayraqlara büründü, qürur hissi yaşadıq.
Azərbaycanın Qalib Ordusu yeni tarix yazdı. Ordumuzun böyük şücaət və xüsusi peşəkarlıqla həyata keçirdiyi döyüş əməliyyatları nəticəsində hazırda üçrəngli Azərbaycan bayrağı azad olunmuş doğma ərazilərimizdə - Füzuli, Suqovuşanda, Hadrutda, Cəbrayılda, Zəngilanda, Qubadlıda, xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin körpüsü üzərində qürurla dalğalandı, Şuşada, Kəlbəcərdə, Laçında, Ağdərədə, Xocavənddə, Xankəndidə, Xocalıda, Əsgəran qalasında müqəddəs bayrağımız əzəli və əbədi yerini tutdu.
Müstəqillik rəmzi olan bayrağımız dalğalanmasa millət, xalq, dövlət müstəqil sayılmayacaq. 9 noyabr- dövlət bayraq günümüz mübarək olsun! Bayrağımız hər zaman yüksəklikdə olsun, cünki, bu bayraq zirvələrə yaraşan dövlət rəmzimiz, qürurumuzdur!
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB