"8 Noyabr - Zəfər Günü şanlı tariximizə qızıl hərflərlə yazıldı" – ŞƏRH EDİLDİ
“8 noyabr- Şuşanın erməni qəsbkarlarından azad olunması şanlı tariximizə qızıl hərflərlə yazılacaq hadisədir. "Mən ona özüm qədər inanıram" – deyən Ulu Öndər Heydər Əliyevin yolunu inamla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev zəkasının qüdrəti ilə ona bəslənən ümidi doğrultdu və xalqımızı Zəfər Yoluna çıxartmağı bacardı. Qəhrəman Azərbaycan ordusunun rəşadətli döyüşləri nəticəsində Şuşanın düşmən tapdağından azad edilməsi ilə ermənilərin qondarma iddiasına son qoyuldu. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər, Hadrut və digər qədim yaşayış məskənlərimiz işğaldan azad olundu. Şuşa işğaldan azad edildi, bu isə öz növbəsində həm strateji və hərbi baxımdan, həm də mədəni, mənəvi və tarixi baxımdan da böyük əhəmiyyət daşıyır. Bu qədim şəhərin xalqımızın qəlbində mənəvi baxımdan xüsusi yeri var. "Şərqin konservatoriyası" adlandırılan Şuşa unikal Azərbaycan musiqisinin beşiyi, şeir-sənət ocağı, açıq səma altında muzey, canlı tarixdir. Şuşa - Pənahəli xanın, İbrahimxəlil xanın, Vaqifin, Xan qızı Natəvanın, Üzeyir Hacıbəyovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Bülbülün, bir sözlə, 50 milyondan çox millətin – azərbaycanlının döyünən ürəyi - Vətənidir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, beynəlxalq aləmə ədalətin, haqqın öz gücü hesabına bərpa olmasının mümkünlüyünü nümayiş etdirən xalqımız öz rəhbərinin illərlə yürütdüyü müdrik siyasətin məntiqi nəticəsini gördü: “Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Əlbəttə, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Bəli, 30 illik torpaq həsrətinə 44 gün ərzində Ali Baş Komandanımız İlham Əliyevin “Dəmir yumruq” siyasəti ilə rəşadətli əsgər və zabitlərimizin şücaəti tarixi zəfəri tezləşdirdi.
Noyabrın 8-də Şuşa, noyabrın 9-da isə 70-dən artıq kənd, 1 qəsəbə, 8 strateji yüksəklik düşmən işğalından azad edildi. Düşmənin digər hərbi tör-töküntüləri isə yarımmühasirə vəziyyətinə düşdü. Belə vəiyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı. Qələbənin əldə edilməsində digər mühüm məsələ - iqtisadi amili də unutmaq lazım deyil. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi. Bu zəfər Azərbaycan xalqının tarixi nailiyyəti, əbədi fəxarətidir. Bu, böyük hərbi zəfərin və müdrik diplomatiyanın nəticəsidir. Azərbaycan öz problemini təkbaşına həll edərək, hərbi gücünü və diplomatik imkanlarını bütün dünyaya göstərdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB