"Bərdəyə bunu edənlər öz layiqli cavabını alacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bərdəyə bunu edənlər öz layiqli cavabını alacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ermənistan Azərbaycana qarşı ağlagəlməyən ən çirkin və böyük yaramazlıqlar etdi. Onlar torpaqlarımıza yerləşdi, kənar güclərin hesabına burada özünün dövlətini yaratdı, hissə-hissə Azərbaycan torpaqlarını özünə birləşdirdi, torpaqlarımızın 20 faizindən çoxunu işğal etdi, 1 milyondan çox əhalimizi didərgin saldı və Vətən müharibəsi dövründə dinc yaşayış yerlərini bombardman etməyə, raket atəşinə tutmağa başladı. Bunlardan biri də Bərdə şəhərinin raket atəşinə tutulması və çoxsaylı insanın həlak olması idi. Onlar bilirdilər ki, raket tuşladıqları ərazidə hərbi obyekt və texnika yoxdur. Lakin bununla belə dinc əhalini qıraraq Azərbaycanı qorxutmaq və öz ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirməyə çalışırdılar. Bu onların tarixində ən çirkli qanlı səhifə olaraq qalacaq". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Deputat sözlərinə belə davam edib: "Tək Bərdə deyil, eyni zamanda Tər-tər və Gəncə də raket atəşinə tutuldu. Bərdədə törədilənlər ermənilərin Azərbaycana qarşı etdikləri ən böyük cinayətlərdən biri hesab edilə bilər. Bunu edənlər mütləq ki cəzasını çəkəcək. Necə ki bu gün vaxtilə Qarabağın Meşəli kəndində cinayətlər törətmiş Vaqif Xaçatryan üzərində məhkəmə gedir, separatçı rejimin rəhbərlərinin məhkəməsinə hazırlıq görülür, Bərdəyə bunu edənlər də məhkəmə qarşısında öz layiqli cavablarını alacaqlar.

Azərbaycan xalqı və dövlətçiliyi heç bir zaman torpaqlarının yenidən işğalına, hüquqlarının pozulmasına imkan verməyəcək. Qətiyyətimiz, milli birliyimiz, ən əsası isə xalqın etimadını doğruldan, düzgün xarici və daxili siyasət yeridən bir liderimiz var. Cənab İlham Əliyevin siyasəti torpaqlarımızı işğaldan azad etməyə və suveren hüquqlarımızı bərpa etməyə imkan verdi. Onun apardığı siyasət Azərbaycana qarşı cinayət törətmiş şəxslərin məhkəmə qarşısında oturulmasına imkan verdi.

Bərdə faciəsi heç zaman unudulmayacaq. O bizim qan yaddaşımızdır. Gələcək nəsillər həmişə müstəqilliyi və dövlətçiliyi qorumağın əhəmiyyətini özləri üçün aydınlaşdıracaqlar. Azərbaycan öz suveren hüquqlarını bütün sahələrdə müdafiə edir ki, əhalisi təhlükəsiz və müharibəsiz yaşasın, dövlətçiliyimiz möhkəmlənsin və düşmənə layiqli cavabını verə bilək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə