Aİ tərəfindən edilən İKİÜZLÜLÜK – TƏHLİL

Aİ tərəfindən edilən İKİÜZLÜLÜK – TƏHLİL

Azərbaycanın öz ərazilərində apardığı antiterror tədbirlərindən Avropa İttifaqının narahatlıq keçirdiyi qənaətinə gəlmək üçün kifayət qədər əsas ortaya çıxıb və sən demə, müstəqil bir ölkənin öz suveren hüquqlarından istifadə edərək, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, öz ərazilərini terrorçulardan, separatçılardan, qanunsuz silahlı dəstələrdən təmizləməsi bu boyda beynəlxalq qurumun gözünə pis görünübmüş. Belə görünür ki, qondarma separatçı qurumun, eləcə də Ermənistan hakimiyyətinin təhriki ilə bu vaxta qədər yaşadıqları Azərbaycan ərazilərindən köç edən ermənilərin “vəziyyəti” Avropa İttifaqını daha çox maraqlandırırmış və bu yekəlikdə təşkilat köç edən ermənilərin vəziyyətini hələ də çox böyük narahatlıqla izləməkdə davam edirmiş, halbuki rəsmi İrəvan özü real vəziyyətə görə narahat olmaq yox, həmin vəziyyətdən sui-istifadə etmək niyyətindədir.

30 il erməni vəhşiliklərinə göz yumanlar ermənilərin “köçündən” 30 gün keçməmiş “narahat” oldular

Öz gözündə tiri görməyib, özgəsinin gözündə tük axtaran hayların dırnaqarası “doqquz aylıq blokada” mövzusunda, eləcə də Ermənistana köç edənlərin pis vəziyyəti barədə uydurduqları nağıllara inanmaq həvəsində olan, hətta buna görə narahatlıq keçirdiklərini bəyan edən avropalılar, bəs niyə azərbaycanlıların otuz illik məcburi köçkünlük həyatı yaşadıqlarına görə bircə dəfə narahatçılıq keçirmədilər? Öz doğma yurd-yuvalarını, öz ev-eşiklərini tərk edən azərbaycanlı qaçqınların taleyinə, vəziyyətinə düz otuz il biganə qalan bir beynəlxalq təşkilat Azərbaycan ərazisini, özü də özlərinin deyil, azərbaycanlıların evlərini cəmi bircə aydır tərk edən ermənilərin taleyinə görə nə yaman narahatlıq keçirməli olublar... Şəxsi avtomobilləri ilə köç edən, köç etdikləri zaman da heç bir təhdidlə, təzyiqlə qarşılaşmayan, əksinə, sivil şəkildə, lazımi yardımlar alaraq yoluna davam edən, həm də özlərinə məxsus ən xırda məişət əşyalarına qədər daşıyıb aparan ermənilərin vəziyyəti narahatlıq doğurur, amma soyqırımlara məruz qalaraq, ölüm və əsirlik təhdidi ilə üz-üzə qalmaqla, ayaqyalın, başıaçıq şəkildə doğma yurdunu tərk edənlərin vəziyyəti narahatlıq doğurmurdu? İndi avtomobil nəqliyyatından istifadə edərək, heç bir təhdid və qorxu olmadan, özü də öz istəkləri ilə gedən ermənilərə görə narahat olanlar, ötən əsrin 90-cı illərinin əvvəllərində qarlı havada dağ yolları ilə yarıçılpaq və ayaqyalın şəkildə onlarla kilometr yolu təngnəfəs qaçan və don vurmasına görə ayaqları amputasiya edilən insanların taleyinə, vəziyyətinə görə qətiyyən narahat olmamışdılar. Əks halda, bu narahatçılıqlarının təzahürünü hansısa bir qətnamələrində, qərarlarında, yaxud Ermənistana qarşı hansısa bir sanksiya tələbində görə bilərdik. Amma görmədik və indi ermənilərə münasibətdə bunu görməli oluruq və düşünürük ki, görəsən, bu imiş Avropa dəyərləri, yoxsa Qoca Qitənin humanizmi də ermənipərəst imiş?...

Qarabağda bu vaxta qədər yaşamış və sonuncu antiterror tədbirlərindən sonra öz istəyi ilə, yaxud qondarma separatçı rejimin təhriki, təkidi ilə ərazilərimizi tərk edənlərin insan hüququları, onların geri qayıtmaları və təhlükə, qorxu olmadan, hətta ayrı-seçkilik qoyulmadan yaşamalarının təminatı barədə bəyanat verənlər otuz il bundan əvvəl kar idilər, yoxsa kor? Bəlkə Azərbaycan vətəndaşlarının yurdsuz-yuvasız qaldığını görmürdülər və heç eşitmirdilər? İllər boyu Xocalı soyqırımı barədə real faktlara, foto və video materiallara əsaslanaraq bütün dünyaya səs salınması azlıq edirdi, yoxsa indi yalançı bir erməni baş nazirin uydurmaları Avropa İttifaqındakıların göz yaşı tökmələri üçün daha tutarlı arqument sayıldı? Niyə 30 il ərzində Avropa İttifaqı azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtmaları, onların insan hüququları, təhlükə, qorxu olmadan, ayrı-seçkilik qoyulmadan yaşamalarının təminatı barədə bircə dəfə bəyanat vermədi? İnsanlıq dramı adlandırılan soyqırımlara görə 30 il ərzində səslərini də çıxarmayanlar və erməni vəhşiliklərinə göz yumanlar ermənilərin xoşluqla köç etmələrindən heç 30 gün keçməmiş nə yaman “bihal” oldular? Onların bu yanaşmasının adını nə qoymaq olar və görəsən özləri bir ad tapıb özlərinə qoya bilərlərmi? Bilməzlər. Amma biz çalışacağıq ki, onlara müvafiq bir ad tapaq və qoyaq.

Avropanın haqq, ədalət, bərabərlik, hüquq və humanizm dediyi budurmu?

Çox gülünc və rüsvayçı bir mənzərə Avropa İttifaqı üçün məqbul hesab olundu və elə bil bu qurumda kimsənin ağlına gəlmədi ki, işğalçı ölkəni yox, onilliklər boyu işğala məruz qalan ölkəni hədəfə almaq haqsızlıq, ədalətsizlikdir. Heç bir zaman Avropa İttifaqı üçün heç bir formada faydalı olmayan Ermənistana tərəfkeşlik edib, ayrı-seçkiliyə yol verib, özünün enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayan bir ölkəni, Azərbaycanı, özü də haqsız, əsassız olaraq hədəfə almaq, ədalətsizlik etmək əslində axmaqlıqdır. Çünki qarşıdan gələn soyuq qış fəslində onlar ermənilərin uydurmaları, millətçi erməni ideoloqlarının mifləri, yaxud da yalançı və avantürist erməni baş nazirin, Nikol Paşinyanın yalanları ilə qızınmayacaqlar. Hər halda bunu nəzərə almayanlara axmaq deməkdən, axmaq adı qoymaqdan başqa çarə və yol qalmır, hansı ki, bunu özləri əvvəlcədən başa düşsəydilər daha yaxşı olardı və gülünc olmaz, bu adı qazanmazdılar. Eyni zamanda nəzərə alardılar ki, çətin duruma düşdükləri zaman onlar üçün Ermənistandan istəyəcək heç nə yoxdur, çünki özü çox açınacaqlı bir durumda olan, heç bir təbii ehtiyatı və istehsalı olmayan bir ölkənin Avropaya təklif belə etməyə nəyi isə yoxdur axı. Ermənistan özü əl açıb yardım gözləyir. Rəsmi İrəvan Azərbaycanın işğal olunmuş ərazilərində on illər boyunca qeyri-qanuni məskunlaşan öz həmvətənlərinə dəstək üçün utanmadan vəsait istəyir, daha doğrusu pul dilənir. Qarabağdan köç edib gedənlərin ehtiyaclarını heç 30 gün belə qarşılaya bilməyən Ermənistan əl açır, bu ölkəyə də yardımlar ayrılır, vəsaitlər köçürülür, amma 30 il müddətində Azərbaycan özünün məcburi köçkün problemini özü həll etdiyi zaman nə əl açıb iyanə istəmədi, nə də həmin o yardım edən təşkilatlar bu barədə bircə dəfə düşünmədilər belə. Budurmu Avropanın haqq, ədalət, bərabərlik, hüquq və humanizm dediyi?...

Çox bayağı yaltaqlıq və gülünc şəkildə özünü humanist göstərmə cəhdi

“Avropa Komissiyası keçən həftə 2020-ci ildən bəri verilmiş 20,8 milyon avroya əlavə olaraq 10,45 milyon avroluq əlavə humanitar yardım paketi də elan etdi”, - deyə Avropa İttifaqının bəyanatında bildirilir. Yəni, belə çıxır 20,8 milyon az imiş ki, buna əlavə də edildi. Belə çıxır ki, ermənilərin xoşlarına gəlsin deyə yardımlara əlavə daha 10 milyon da “peşkeş” olundu. Bu, çox bayağı bir yaltaqlıq və gülünc şəkildə özünü humanist göstərmə cəhdidir. Çünki bu vaxta qədər Ermənistan hökümətinin bircə dənə də olsun erməniyə, ələlxüsus da Qarabağdan köç edib Ermənistana üz tutan erməni əsilliyə bir ev tikib verdiyinin, hansısa qayğılarını, ehtiyaclarını qarşıladığının şahidi olmadığı halda, Avropa Komissiyasının “yuyulmamış çömçə kimi” ortaya atılıb yardım ayırması və bununla da “qürrələnməsinin” adı yaxşı halda, yaltaqlıqdır. Pis hala gəlincə isə, bunu, üç onillikdən artıq qonşu ölkənin ərazisinin 20%-ni işğal altında saxlayan dövlətə yardım ayrılması fonunda düşünmək və belə bir qənaətə gəlmək olar ki, işğala məruz qalan ölkəyə deyil, işğal edən ölkəyə yardım etmək yumşaq desək, ikiüzlülükdür. Sevindirici və qürurverici haldır ki, belə yardımlara Azərbaycanın heç ehtiyacı da yoxdur və qoy elə yardıma möhtac olanlar yardım dilənsinlər. Dilənçinlərin isə əlinə qoyulan iyanələri, sədəqələri kimlərin qoyduğunu da biz müşahidə edək ki, buna görə də gələcək planlarımızda lazımi, müvafiq doğru qənaətə gəlinsin.

Təəccüblü, gülməli və hətta anormal təzahür

Bir tərəfdən qonşu ölkənin, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən, o biri tərəfdən də Azərbaycana məxsus olan 8 kəndi qətiyyən qaytarımaq niyyətində olmadığını açıq-aşkar bildirən yalançıya, erməni baş nazir Nikol Paşinyana nəyə görə inanılır? Çox təəccüblüdür və hətta gülməlidir. Üstəlik, Azərbaycana məxsus kəndləri hələ də əsl sahibinə qaytarmayan Paşinyanın çıxışı alqışlanır və bu, anormal təzahür kimi görünür. Həm də ona görə anormaq təzahür kimi görünür ki, Avropa İttifaqındakıların alqışladıqları, 44 günlük müharibə zamanı dinc Azərbaycan şəhərlərinə raket zərbələri endirmək əmrini şəxsən verən, onlarla qocanın, qadının və uşağın ölümünə baiskar olan və məsuliyyət daşayan biridir və alqış edilən hərbi cinayətlər törədəndir. İndi özünü yazıq və dilənçi kimi aparan, Avropadan daha çox pul dilənmək üçün dondan-dona girən Paşinyan çarəsizliyi səbəbindən, Azərbaycanın qarşısında davam gətirmədiyi və bundan sonra da davam gətirə bilməyəcəyini bildiyi səbəbindən belə sığınacaq axtarışındadır və məhz bu səbəbdən belə məzlum sifət alıb. Əks halda, ağzından od-alov püskürər və özündə, ölkəsində güc görmüş olsaydı, eyni ilə 2018-ci ildəki kimi, yalvarışla yox, dilemma ilə çıxış edərdi.

Heç bir məntiqə və normaya sığışmayan çağırış

“Mülki insanlara zülm etməmək” çağırışlarının Azərbaycana ünvanlanması artıq daha böyük təəssüf, daha böyük ikrah doğurur və bu, həmin çağırışı edən beynəlxalq qurumun, Avropa İttifaqının yaltaqlıqdan, ikiüzlülükdən də pis sifətini açıb ortaya qoyur və buna ad tapmaqda bu dəfə həqiqətən çətinlik çəkirik. Çünki mülki insanlara zülm etmək məhz ermənilərin ənənəsidir və hayların əsrlər boyu insanlara zülm verən çirkin əməlləri bunu dəfələrlə sübuta yetirib. Ötən əsrin sonlarında hayların törətdikləri soyqırımların, vandallıqların, vəhşiliklərin tayı-bərabəri tarix böyü görünmədiyi halda “zülm etməmək” çağırışları niyə Azərbaycana ünvanlanmalıdır? Avropa İttifaqındakılar ötən əsrin əvvəllərində hayların Bakıda, Qubada, Şamaxıda, Gəncədə, Lənkəranda, Naxçıvanda və başqa ərazilərimizdə törətdikləri soyqırımlardan, 31 mart soyqırımından xəbərsizdirlər, yoxsa həmin əsrin sonunda öz ənənələrinə uyğun olaraq, Xocalıda, Ağdabanda, Ballıqayada, Başlıbeldə və digər ərazilərimizdə törətdikləri soyqırımlar barədə bir şey bilmirlərmi? Bilirlər, özü də çox yaxşı bilirlər. Onu da yaxşı bilirlər ki, ermənilər azərbaycanlılara qarşı soyqırımlar törətdikdən sonra cəsədlər üzərində təhqiramiz hərəkətlər də ediblər və onların bu vəhşilikləri foto və video materiallarda öz təsdiqini tapır. Bunları bilə-bilə özlərini bilməməzliyə vurmaq və mülki insanlara zülm etməmək çağırışlarını Azərbaycana ünvanlamaq olduqca böyük bir ikrah doğurur. Ermənistan Respublikasından vəhşicəsinə, təhdidlərlə qovulmuş və real olaraq etnik təmizləməyə məruz qalmış azərbaycanlıların müvafiq olaraq hüquqlarını təmin etməyə hesablanan hansısa bir çağırış barədə Avropa İttifaqındakılar heçmi düşünmək, yaxud nəyi isə dərk etmək fikrində deyillər? Bu qurumda təmsil olunanlar heçmi dərk etmək istəmirlər ki, köçüb Ermənistana gedənlərin geri qayıtması və onlar üçün hər bir şəraitin, təhlükəsizliyin təminatı tələbi ilə çıxış edən ölkənin də, bu ölkənin baş nazirinin də hal-hazırda analoji olaraq, azərbaycanlıların biz zamanlar yaşadıqları həmin ərazilərə geri qayıtmasına qətiyyən razılığı belə yoxdur, amma Azərbaycan dövləti qanunlarını, vətəndaşlığını qəbul edən ermənilərin bu vaxta qədər yaşadıqları ərazilərə, evlərə geri dönmələri və onların reinteqrasiyası üçün təkliflərlə çıxış edir, hətta bunun üçün görüşlər belə reallaşdırılıb. Bütün bunların fonunda hansısa müvafiq çağırışı Azərbaycana etmək heç bir məntiqə və normaya sığışmır.

Qarabağ ermənilərindən maliyyə qoparmaq vasitəsi kimi istifadə edənlərin oyununun alətinə çevrilənlər

Ən çox diqqətçəkən və Avropa İttifaqında təmsil olunanlara xatırladılmalı məqam odur ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni əhalisinə rəsmi İrəvanın münasibəti çox pis olduğu halda, Ermənistan əhalisi bu vaxta qədər Qarabağda yaşayan və Ermənistana köçən erməni əhalisinə qarşı dözümsüzlük nümayiş etdirməsi fonunda rəsmi Bakı onlara, bütün hüquqlarının təminatı üçün zəmanət verir və onları heç bir yeri tərk etməməyə, sadəcə olaraq, vətəndaşlığı qəbul etməyə çağırır. Ölkədən xaricə çıxdığı zaman beynəlxalq təşkilatlar qarşısında vətəndaşlarının vəziyyəti ilə bağlı göz yaşı tökən Paşinyan və onun hakimiyyət komandası köç edib Ermənistana gedənlərin taleyi ilə qətiyyən maraqlanmır, əks halda onların xarici ölkələrə üz tutmalarına qarşı tədbirlər görülərdi. Xarici ölkələrdən pul dilənən rəsmi İrəvan Qarabağ ermənilərinə adi yaşayış şəraiti belə yaratmayıb deyə, onlar Ermənistanı tərk edirlər və bunu görməməzliyə vuran Avropalılar bilməlidirlər ki, göndərdikləri vəsaitlər köç edib gedən ermənilərə xərclənilmir, Paşinyan və onun hakimiyyət komandasının dilənərək aldıqları pullar özlərinə qalır. Deməli, rəsmi İrəvan faktiki olaraq Qarabağ erməniləri mövzusundan sadəcə olaraq, həm maliyyə qoparmaq vasitəsi kimi istifadə edir, həm də bu məsələni Azərbaycana qarşı təzyiq vasitəsi olaraq gündəmdə saxlayır. Bu isə o deməkdir ki, Ermənistan həm Qarabağ erməniləri məsələsindən, həm də faktiki olaraq, Avropa İttifaqından alət kimi istifadə edir. Alət olmağı isə özünə rəva bilən Avropa İttifaqı ədalətsizlik edərək, əsassız, haqsız bəyanatlar səsləndirir, bununla da böyük həvəslə hayların oyununun oyuncağına çevrilir...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə