""Böyük qayıdış"ın uğurla icrası dövlətin gücünü göstərir" - DEPUTAT ŞƏRH ETDİ

""Böyük qayıdış"ın uğurla icrası dövlətin gücünü göstərir" - DEPUTAT ŞƏRH ETDİ

"İşğaldan azad olunmuş ərazilərin bərpası, soydaşlarımızın öz doğma yurduna qayıtması son üç ildə əsas prioritetdir. Böyük Qayıdış və bərpa quruculuq işlərinin uğurla davam etdirilməsi dövlətimizin gücünü və iradəsini nümayiş etdirir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulmuş 100 yaşayış məntəqəsinin 52-nin layihəsinin konseptual həlli qəbul edilib, dövlət başçısı tərəfindən 30-dan çox yaşayış məntəqəsinin təməli qoyulub. Ötən həftə Prezident İlham Əliyevin Füzuliyə səfəri zamanı daha iki kəndin, uşaq bağçasının, idman kompleksinin, yeni yaşayış məhəllələrinin, inzibati mərkəzin təməli qoyuldu". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, müharibədən cəmi il yarım sonra - 2022-ci il iyulun 19-dan başlayaraq azad olunmuş ərazilərə ümumilikdə 679 ailə olmaqla, 2715 nəfər keçmiş məcburi köçkünün qayıdışı baş tutub: "Təsadüfi deyil ki, ötən həftə də Laçına növbəti köç baş tutdu. Köçürülən sakinlər 23 ailə, 83 nəfərdən ibarət olub. Bununla da Laçın şəhərində 295 ailənin, yəni 1135 nəfərin daimi məskunlaşması təmin edilib. 800-dən çox insan isə Füzulidə yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaq. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. İlin sonuna qədər isə ümumilikdə 1400-ə yaxın ailə olmaqla, 5000-dən artıq şəxsin geri qayıdışı nəzərdə tutulur. Cəmi 9 aya inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan hava limanı istifadəyə verilib, Laçın rayonunda hava limanının tikintisi davam edir. 22 yol layihəsindən 6-nın tikintisi artıq başa çatıb. 100 min hektara yaxın sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib ki, bu da həmin ərazilərdə təhlükəsiz mühitin yaradılması deməkdir".

Deputat sözlərinə davam edərək bildirib ki, ilk şəhərsalma layihəsi Füzulidə icra olunur: "Prezident İlham Əliyev ötən həftə Füzuli sakinlərilə görüşdə də bəyan etdi ki, bu gün bütün işğaldan azad olunmuş bölgələrimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir. Bu məsələ Azərbaycanda iki dəfə keçirilən Milli Şəhərsalma Forumunda da diqqətə çatdırılıb.

Ən vacib məqamlardan biri də bütün layihələri icra edərkən, məşğulluq məsələlərinə də böyük diqqətin yetirilməsidir. Ərazilərin məşğulluq imkanları düzgün qiymətləndirilir. Məqsəd vətəndaşlarımızı layiqli həyat şəraiti ilə təmin etməkdir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatında təkanverici qüvvəyə çevriləcək".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə