“Fransa xalqların hüquqlarını kobud şəkildə pozmaqdadır” - Ombudsman

“Fransa xalqların hüquqlarını kobud şəkildə pozmaqdadır” - Ombudsman

“Bu gün tarix boyunca mənfur siyasətindən əl çəkməyən dövlətlər nəinki müstəmləkəsi altında saxladığı dövlətlərin xalqlarının, hətta öz vətəndaşlarının da fundamental hüquq və azadlıqlarını pozaraq bu gün özlərini dünyaya insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edirlər”. SİA xəbər verir ki, bu sözləri "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən konfransda çıxışında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib.

Onun sözlərinə görə, Afrikada, Yaxın və Uzaq Şərqdə həyata keçirilən neokolonializm siyasəti milyonlarla günahsız insanın yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması kimi əsas insan hüquqlarının kobud şəkildə pozulmasına səbəb olub: “Təcavüzkar dövlətlər müstəmləkə əsarətində saxladıqları ölkələrində daxili qarşıdurmaların, soyqırımlarının baş verməsində bilavasitə məsuliyyət daşıyır. Bu çirkin əməllərindən əsas ziyan çəkənlər isə, hər zaman olduğu kimi günahsız insanlar - mülki əhalidir.

XX əsrin ikinci yarısı boyunca Əlcəzairdə və özünün dənizaşırı ərazilərində qlobal səviyyədə ətraf mühitin deqradasiyasına, yerli icmalarda ciddi sağlamlıq problemlərinə səbəb olmuş Fransa, müstəmləkəsinə çevirdiyi ölkələrdə yaşayan xalqların hüquqlarını kobud şəkildə pozmaqdadır. Demək olar ki, tarixin bütün dövrlərində Afrika ölkələrində müsəlman əhaliyə qarşı ağır cinayətlər, dəhşətli qırğınlar törədilib. Təkcə Əlcəzairdə yüz ildən çox müddət ərzində 1,5 milyondan artıq insanın amansızca qətlə yetirilməsi ilə müşaiyət olunan insan hüquqlarının pozulması faktları bunu bir daha təsdiq edir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə