Strasburqda yalan və uydurmalarını sırıyan MAHİR YALANÇI - TƏHLİL

Strasburqda yalan və uydurmalarını sırıyan MAHİR YALANÇI - TƏHLİL

Strasburqda Ermənistanın baş naziri Nikol Paşinyanın dedikləri bir daha təsdiq etdi ki, rəsmi İrəvan üçün sülh danışıqları qətiyyən maraqlı deyil və hiyləgərliklə, yalan ifadələrlə hansısa görüntü yaratmaq, yaxud Azərbaycana qarşı mənfi rəy, fikir formalaşdırmaq ön planda durur. Təbii ki, erməni baş nazir üçün yalan danışmaq, uydurmalar səsləndirmək adi hal hesab olunduğundan onun ağlına gələni danışacağı da gözlənilən idi, amma məhz Strasburqda etdiyi çıxışı onun nə qədər yalançı olması ilə yanaşı, nə dərəcədə təxribatçı olduğunu da bir daha ortaya qoydu.

Sözsüz ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilarlar və qurumlar Vovayeviçin necə yalançı olduğunu bizim bildiyimiz qədər bilməli idi, çünki onun bir-birini təkzib edən bəyanatları, yalan olduğu dəfələrlə təsdiq olunmuş ifadələri ortadadır. Amma Strasburqda onun sona qədər ağlına gələni danışması, yalan üzərində qurulan nitqlə çıxış etməsi və dinlənilməsi göstərir ki, hələ də onun mahir yalançı olduğu qənaətinə gəlməyənlər, reallıqlardan xəbərsiz olanlar var, əks halda nitqini yarımçıq qoyaraq bir sıra arqumentlərlə reallıqları üzünə vurardılar. Yaxud belə qənaətə gəlmək olur ki, onun yalanlarına qulaq asanlar ya təsir dairəsindədirlər, ya da bunu bilə-bilə edirlər. “Qarabağ Ermənistandır, nöqtə”, deyən bu populistin sonra da, Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıması görünür, bəlkə heç də çoxlarını hələ Paşinyanın populizminin təsir dairəsindən çıxara bilməyib, amma gələk çoxdan onun illüziyalarının təsirindən çıxmalı idilər, çünki təkcə sadalanan faktlar bunun üçün kifayət idi. Görünür, hələ də bu yalanları eşitməyə “marağı olanlar” var və ona görə də təkzib etmək əvəzinə qulaqlarını şəkləyib dinləməli olurlar.

“Yalan ayaq tutub yeriməz”, deyə düşündüyümüz halda, Paşinyan hələ də öz yalanlarını bunda maraqlı olan hansısa platformalarda “yeritmək” niyyətindən əl çəkmir. Bu avantürist bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığı barədə bəyanat verir, digər tərəfdən də bizə məxsus olan 8 kəndi hələ də işğal altında saxlayır və işğaldan əl çəkmək niyyətində də görünmür. Maraqlıdır ki, Strasburqda bunu ondan soruşan olmadı. Soruşan olmadı ki, bu yalanlarla niyə hamını aldatmaq fikrindədir və Strasburqa kimi axmaq, avam yerinə qoymaq üçün gəlib? Dediklərinin bir təxribat olduğu da ona xatırladılmalı olduğu halda, bunu da müşahidə etmədik. Müşahidə etdiyimiz o oldu ki, mahir bir yalançının çox əminliklə öz uydurmalarını sırıdığı kimi, Nikol Paşinyanın da təxribat xarakterli, yalanlarla, uydurmalarla dolu absurd bəyanatları Avropa Parlamentinin divarları arasında maneəsiz olaraq səsləndi.

Hansısa məqamdan avantüristcəsinə istifadə etməyi bacaran Paşinyan məhz Azərbaycanla münasibətlərinin guya müzakirəsi fonunda bu dəfə Strasburqda həyasızcasına Rusiyanı da hədəfə aldı ki, kimlərinsə “könlünü görsün” və bundan da yararlanaraq yalanına maneəsiz şəkildə davam etsin. “Rusiya sülhməramlılarının hərəkətsizliyi ermənilərin Azərbaycanın Qarabağ bölgəsində öz evlərini itirməsinə səbəb olub və onlar geri qayıtmaq imkanından məhrum olublar”, deyən erməni baş nazirin bu yalanı danışarkən nə qədər həyasızlıq etdiyi bizim hamımıza bəllidir və istərdik ki, elə Strasburqda bunu dinləyənlərə də bəlli olaydı. Əvvəla, ondan soruşmaq lazım idi ki, öz evləri dedikdə Nikol hansı evləri nəzərdə tuturdu, yoxsa ötən əsrin sonlarında erməni silahlı birləşmələrinin törətdikləri soyqırımlar, vəhşiliklər, təhdidlər fonunda məcburiyyət qarşısında qalaraq azərbaycanlıların tərk etdikləri evlərdən söhbət gedir? Axı həmin evlər ermənilərin deyildi. Soruşmaq lazım idi ki, ümumiyyətlə, ermənilərin nəyi var idi ki, onu da tərk etsinlər? Torpaqlar onlara məxsus deyildisə, evlər onların deyildisə, onlar heç nəyi tərk etməyiblər və köçəri xalq kimi ənənələrinə uyğun olaraq, bir ərazidən digərinə köçüblər, hansıki burada kiminsə xoşuna gəlsin deyə rusları, Rusiyanı günahkar göstərmək özü təkcə mahir yalançılıq yox, həddən artıq həyasızlıqdır. Bu həyasızlıq bir manipulyator, bir avantürist üçün sıradan bir addım, adi hal sayıla bilər və başadüşüləndir, amma buna Strasburqda reaksiya verilməməsi heç başadüşülən deyil.

Ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə geri qayıtmaq imkanından məhrum edildiyi barədə Strasburqda həqiqətə uyğun olmayan fikirlər səsləndirərkən, yalan danışarkən, işğalçı ölkənin baş naziri rəsmi Bakınin qətiyyən belə bir niyyətdə olmadığını bilmirdimi? Bilirdi. Bilirdi ki, Qarabağ ermənilərinin qayıdışına da, təhlükəsizliyinə də, Konstitusiyamızda nəzərdə tutulmuş bütün vətəndaş hüquqlarına da Azərbaycan tərəfi zəmanət verir. Bəlkə Strasburqda Paşinyanın yalanlarını dinləyənlər bilmirdilər? Axı onlar bilməli idilər ki, rəsmi Bakı reinteqasiya ilə bağlı dəfələrlə təşəbbüslər edib. Bilməli idilər və hətta bilirdilər ki, onlarla görüşlər belə təşkil edilib və Azərbaycan vətəndaşlığını qəbul edərək, ərazilərimizdə məskunlaşmaları, yaşamaları təkilifi edilib. Belə olan halda, nəyə görə bir avantüristə yalan danışdığı yerindəcə bildirilməyib? Axı bunu bildirmək üçün yetərincə faktlar, arqumentlər var və bu faktlar, arqumentlər heç də dünya ictimaiyyəti üçün sirr deyil.

Azərbaycanın Qarabağ iqtisadi rayonunda terrorla mübarizə tədbirləri başa çatdıqdan sonra Nikol Paşinyanın məhz həmin ərazilərdə yaşayan ermənilərlə bağlı dedikləri ilə sonradan işlətdiyi ifadələr qətiyyən üst-üstə düşmür və deməli, belə çıxır ki, erməni baş nazir yalan danışır. "Hazırda bizim qiymətləndirməmiz ondan ibarətdir ki, Qarabağın mülki əhalisi üçün birbaşa təhlükə yoxdur", deyə videomüraciətində bildirən Paşinyanın sonradan, Azərbaycanın sentyabrın 19-da və 20-də guya “etnik təmizləmə” həyata keçirdiyini iddia etməsi qətiyyən üst-üstə düşmür. Ən təəccüblüsü isə bu iddianı həmin o mahir yalançının məhz Avropa Parlamentində də səsləndirməsidir. Axı fikirlərin bu boyda, bu qədər təzadlı olduğunu görməmək, bir ölkə liderinin həyasızcasına yalana əl atdığının fərqində olmamaq qətiyyən mümkün deyil. Maraqlıdır ki, qondarma və dırnaqarası “etnik təmizləmə” həyata keçirildiyi Paşinyan tərəfindən iddia edilərkən ona, bir qədər əvvəl, “Qarabağın mülki əhalisi üçün birbaşa təhlükə yoxdur", deməsi nəyə görəsə xatırladılmayıb. Amma bunun xatırladılması tamamilə yerinə düşərdi və bu səbəbdən də xatırladılmayan həmin o məqamın xatırladılmasını vacib hesab etdik deyə, bunlara toxunulmasını, diqqətə çatdırmasını lazım bildik.

Danışdığı yalanlar sırasında Nikol Paşinyan sərhədlərlə bağlı da həqiqətə uyğun olmayan fikirlər səsləndirib. Kobud şəkildə desək, tamamilə ağ yalan danışıb. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın sərhədlərini pozaraq onun suveren ərazisinə daxil olması ilə bağlı yalan danışaraq saxta ittihamlarla çıxış edən erməni baş nazir yaxşı bilir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən onun dedikləri artıq təkzib olunub. “Sərhəd iddia etdikləri yerdə olsaydı, orada sərhəd xətləri, kommunikasiyalar qurar, mühəndis işləri aparardılar. Onlar inanırdılar ki, bütün Qarabağ və Zəngəzur onların nəzarətində qalacaq, ona görə də Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməyiblər”, deyə bəyan edən Azərbaycan Prezidenti bununla Ermənistan ərazisinə müdaxilə ittihamlarının tamamilə “əsassız” olduğunu artıq sübut edib. “Biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələr, o cümlədən 19-cu, 20-ci əsrlərə və daha əvvəlki dövrlərə aid xəritələr toplanıb. Bu xəritələr kimin hansı torpaqda olduğunu aydın şəkildə göstərir. Delimitasiya olmadan heç kim bizi heç nədə ittiham edə bilməz”, deyən ölkə rəhbərimiz sentyabrın 21-də işğaldan azad edilmiş Laçını ziyarət etdiyi zaman orada bildirib ki, iki ölkə arasında sərhəd delimitasiyası aparılmadan onun dəqiq harada yerləşməsi barədə heç kim danışa bilməz.

Sadalanan həqiqətlər, reallıqlar, fakt və arqumentlərin fonunda Ermənistanın baş nazirinin yalan danışması, absurd fikirlər səsləndirməsi, cəfəngiyyat dolu sözlər işlətməsi onun yalançı olduğunu sübut erməklə yanaşı, həm də məsələnin həllinə çalışmadığını, əksinə, təxribatlara rəvac vermək niyyətində olduğunu göstərir. Bu həm də onu göstərir ki, Nikol Paşinyan qətiyyən sülh danışıqları barədə düşünmək belə istəmir, baxmayaraq ki, bu barədə də yalandan fikirlər səsləndirib və iddialarla çıxış edib. Öz ölkəsini guya sülh tərəfdarı kimi, humanist tərəf kimi göstərməyə çalışan bu mahir yalançı çətin unuda bilər ki, 44 günlük müharibə zamanı, 2020-ci il oktyabrın 17-nə keçən gecə döyüş bölgəsindən kənarda olan və ölkəmizin ikinci böyük şəhəri sayılan Gəncəyə erməni quldur dəstələri ballistik raketlər atıblar. Beşi uşaq və dördü qadın olmaqla 15 mülki şəxsin həlak olduğu, dördü azyaşlı və iyirmisi qadın olmaqla 48 nəfərin yaralandığı bu faciənin kim tərəfindən, kimin əmri ilə, eləcədə də kimin tapşırığı və razılığı ilə törədildiyi də bəllidir. Gəncənin atəşə tutulması əmrinin şəxsən özü tərəfindən verildiyini etiraf edən Arayik Arutyunyanın erməni baş nazir Paşinyanın marioneti olduğu da bəllidir və öz əmri, öz tapşırığı ilə belə bir müharibə cinayətlərinə əl atılması, buna rəvac verilməsi fonunda sülhdən, humanizmdən dəm vurmaq, danışmaq ağ yalandır və bu fakt həmin o mahir yalançının nə dərəcədə həyasızlıq etdiyini bir daha təsdiq edir, hansıki bu yalançılıq ənənəsinə də, həyasız xislətinə də hər kəs bələddir. Amma təəccüb və təəssüf doğuran odur ki, onun belə yalanlar danışdığı zaman ona reallıqlar, həqiqətlər, faktlar və arqumentlər barədə bildirilərək sağlam, dürüst bir mövqe ortalığa qoyulmayıb və daha boyük yalanlara hələ bundan sonra da əl atmasına şərait yaradılıb.

Ermənistana məxsus mətbuat səhifələrində qeyd olunur ki, Strasburqda erməni baş nazir Nikol Paşinyanın ünvanına təriflər eşidilir, Ermənistan da Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində “ən yaxşı tərəfdaş” adlandırılır. Amma onu qeyd etməyi unudurlar ki, Strasburqdakılar, ilk növbədə, bu mahir yalançının yalanlarına qulaqlarını şəkləyərək, daha dorusu, qulaqlarını sallayaraq qulaq asmağı, aldanmağı, üstəlik, tərif də yağdırmağı başqalarına yox, özlərinə rəva bilirlər. Üstəlik, onu da qeyd etməyi unudurlar ki, qonşu dövlətin ərazisinin 20%-ni otuz ildən artıq işğal altında saxlayan, həmin əraziləri otuz il ərzində xarabalığa çevirən bir ölkəni özlərinə “ən yaxşı tərəfdaş” adlandıranlar işğalçı dövləti özlərinə, özlərini də ona münasib bilirlər. Amma unutmaq lazım deyil ki, yalanlara, işğal faktına belə göz yumanlar bunun onların imicinə nə dərəcədə mənfi təsir göstərdiyini nəzərə almalıdırlar. Nəzərə almalıdırlar ki, həmin o mahir yalançı öz ağ yalanları, uydurmaları ilə elə bil Strasburqakıları axmaq və avam yerinə qoymaq üçün yollanıbmış. Əgər kimlərsə həmin o yalanlara inanıblarsa, yaxud da mahir yalançının dedikləri ilə razılaşıblarsa, deməli, həqiqətən də axmaq və avam yerinə qoyulublar. Ən azından, başda elə erməni baş nazir özü olmaqla, indi bütün ermənilər düşünürlər ki, həmin o mahir yalançı, yəni Nikol Paşinyan Strasburqda yalan və uydurmalarını oradakılara sırıyıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə